Məhkəmə qərarları › İş №e-2-2(117)-743/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-743/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-743/2024 13.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdehnə qarşı “1209,29 manat əsas borc, 32,50 manat dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçının iddiasına görə onunla cavabdeh arasında alğı-satqı müqaviləsi imzalanmışdır. Lakin iddiaçı onlar arasında alğı-satqı müqaviləsi imzalandığını bildirsə də, iş materiallarında belə bir müqavilə mövcud deyildir. İddiaçının iddiasına görə Cavabdeh MMC tərəfindən iddiaçıdan müxtəlif adda mallar alınsa da, həmin malların dəyərinin 1209,29 manat hissəsinin dəyəri hazırki vaxtadək ödənilməmişdir. İddiaçı tərəfindən ümumi dəyəri 13008,31 manat olan mallar cavabdehə verilmiş və bunlara dair müvafiq elektron qaimələr cavabdehə təqdim edilmişdir. İddiaçı malları təhvil verməsinə baxmayaraq, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və buna görə də ödənilməmiş 1209,29 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən akt tərtib edilən həmin tarixə cavabdehin 1209,29 manat borcu qalmışdır. Qeyd edilən akt hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədlərinin xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Elektron qaimələr, Üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600-cı maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflıər arsında şifahi alğısatqı müqabiləsi bağlanmışdır. İddiaçı tərəf yazılı müqavilənin bağlandığını iddia etsə də məhkəmənin müraciətinə əsasən xx.xx.2024-cü il tarixli məktubla müqavilənin itirildiyini bildirmişdir. Göründüyü kimi, yazılı müqavilə məhkəməyə təqdim edilməmişdir ki, məhkəmə, tərəflər arasında yaranmış münasibətlərin şifahi bağlanmış alğı-satqı müqaviləsi əsasında yaranması kimi qəbul edir. Tərəflər arasında şifahi bağlanmış alğı-satqı müqaviləsinə uyğun iddiaçı cavabdehə mal satmış və cavabdeh həmin malları qəbul etmişdir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirərək malları təhvil verməsinə baxmayaraq, cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və buna görə də ödənilməmiş 1209,29 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən akt tərib edilən həmin tarixə cavabdehin 1209,29 manat borcu qalmışdır. Qeyd edilən akt hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmişdir. İddiaçı tərəfindən ümumi dəyəri 13008,31 manat olan mallar cavabdehə verilmiş və bunlara dair müvafiq elektron qaimələr cavabdehə təqdim edilmişdir. Həmin elektron qaimələrə münasibətdə məhkəmə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğısatqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirərək malları cavabdehə təhvil verməsinə və verilməli malların adları göstərilmiş elektron qaimələri cavabdehə təqdim etməsinə baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və buna görə də ödənilməmiş 1209,29 manat borcu yaranmışdır. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və 1209,29 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 32,09 manat olmalıdır. İddia tələbi təmin edildiyindən 32,09 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı onun tərəfindən ödənilmiş 32,50 manat dövlət rüsumunu cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun hesablanmış 32,09 manat dövlət rüsumu iddia tələbi təmin edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 0,41 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən 1209,29 manat əsas borc, 32,09 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Artıq ödənilmiş 0,41 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar