Məhkəmə qərarları › İş №e-2-2(117)-748/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-748/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-748/2025 23.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 439,17 manat, hesablanmış cəriməyə görə 141,56 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 610,73 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin “MKT-Zərdab” filialı və cavabdeh arasında bağlanmış 24 256 357 saylı 2024-cü ilmövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh pambıq əkməyi və istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans olaraq ümumilikdə 3242,06 manat dəyərində zəruri vəsaitlər verilmiş (bunun 712,8 manat hissəsi bank köçürmə yolu ilə pul şəklində), müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəriavans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq, son nəticədə cavabdehin təhvil götürdüyü avansın dəyərinə görə iddiaçıya 439,17 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığıəsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 141,56 manat təşkil edir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2023-cü ildə həmin sahədən 8300 kq pambıq götürüb. 2024-cü ildə isə 3000 kq pambıq götürüb. Onun səbəbi həmin cəmiyyətin səhlənkarlığı olub. Yəni pambığı sobka məhv edib. Lakin borcu qəbul edir və ödəyəcəkdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhəti pis olduğu üçün Şəki şəhərinə gələ bilmədiyini və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. Məhkəmə əvvəlcə qeyd edir ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli çıxarışından görünür ki, iddiaçı olan "xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC ilə əvəz edilmişdir.

8. İş materiallarında iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 24 256 357 nömrəli “xam pambığın alqı-satqısı haqqında” müqavilənin 2.1.2-ci bəndinə əsasən satıcı (Cavabdeh) 2,00 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə mövcud standartlara əsasən alıcıda ("xxxx" MMC) saxlanan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə tədarük mövsümu vaxtı alıcının mülkiyyətinə verir. 2.1.3-cü bəndinə əsasən təhvil verilmiş xam pambığın növü və nəmlik göstəricisindən asılı olaraq alıcı tərəfindən xam pambığın qurudulmasında çəkilən xərclər hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan “qiymətlərin razılaşdırma protokolunda” müəyyən edilmiş qaydada qarşılıqlı hesablaşmalar aparılan zaman satıcı tərəfindən alıcıya ödənilir. 2.1.5-ci bəndinə əsasən satıcının alıcıdan aldığı avans məbləği (hər-hansı formada göstərilən xidmətlərin dəyəri daxil olmaqla) tədarük mövsümü vaxtı alıcıya təhvil verdiyi xam-pambığın dəyərindən çıxılır və əgər təhvil verilən pambıq avans məbləğin həcmini ödəmirsə o halda satıcı həmin yaranan fərqi ödəməyə borcludur. Avans bu müqavilə üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki ( aqronom məsləhətləri və kənd təssərüfatı texnikası ilə satıcının sahəsində aparılan işlər) xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması nəticəsində satıcının alıcı qarşısında yaranan borc öhdəliyi nəzərdə tutulur. 4.2-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməssə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1 % həcmində alıcıya cərimə ödəyir. Əsas borc dedikdə bu müqavilə ilə bağlı satıcı tərəfindən alıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən ödənilməyən avans məbləği nəzərdə tutulur. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 24 256 357 nömrəli “xam pambığın alqı-satqısı haqqında” müqaviləsinə əlavə olaraq imzalanan “qiymətlərin razılaşdırma protokolu”-da iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə göstərilən aqrotexniki işlərin adları və qiyymətləri, həmçinin cavabdeh tərəfindən iddiaçıya müqavilənin şərtlərinə əsasən satılmalı olan məhsulun adı, növü və qiyməti öz əksini tapmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 491 289 nömrəli, xx.xx.2024-cü il tarixli 491 595 nömrəli, xx.xx.2024-cü il tarixli 260 007 432 nömrəli, xx.xx.2024-cü il tarixli 260 007 997 nömrəli, xx.xx.2024-cü il tarixli 260 007 116 nömrəli, xx.xx.2024-cü il tarixli 260 006 822 nömrəli, xx.xx.2024-cü il tarixli 260 006 454 nömrəli, xx.xx.2024-cü il tarixli 260 006 245 nömrəli xidmət aktlarından görünür ki, cavabdehə iddiaçı tərəfindən aralarında bağlanan müqavilənin şərtlərinə əsasən aqrotexniki xidmətlər göstərilmiş və həmin xidmətlərin hər birinin dəyəri və adı qeyd olunan aktlarda öz əksini tapmışdır.

11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 31 050 236 nömrəli, xx.xx.2024-cü il tarixli 24 256 357 nömrəli, xx.xx.2024-cü il tarixli 31 048 587 nömrəli, xx.xx.2024-cü il tarixli 31 046 649 nömrəli, xx.xx.2024-cü il tarixli 31 046 531 nömrəli, xx.xx.2024-cü il tarixli 31 045 537 nömrəli, xx.xx.2024-cü il tarixli 31 042 748 nömrəli, xx.xx.2024-cü il tarixli 31 045 536 nömrəli qaimələrdən görünür ki, Cavabdeh iddiaçı tərəfindən aralarında bağlanan müqavilənin şərtlərinə əsasən əkin üçün istifadə olunan kənd təssərüfatı məhsulları (toxum, dərman və.s) verilmişdir. Həmin məhsulların hər birinin dəyəri və adı qeyd olunan qaimələrdə öz əksini tapmışdır.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 550508 nömrəli, xx.xx.2024-cü il tarixli 550509 nömrəli, xx.xx.2024-cü il tarixli 550834 nömrəli pambıq qəbul qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya aralarında bağlanan müqavilənin şərtlərinə əsasən 2502,89 manat dəyərində pambıq məhsulu təhvil verilmişdir.

13. İş materiallarında olan “AFB” Bank tərəfindən verilən xx.xx.2025-ci il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh məxsus bank hesabına "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 707,8 manat məbləğində pul köçürülmüşdür.

V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Vl. Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı və podrat müqaviləsindən irəli gəlir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 24 256 357 nömrəli “xam pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehə ona məxsus torpaq sahəsində pambıq əkilməsi üçün iş və xidmətlər göstərməyi, cavabdeh isə öz növbəsində həmin xidmətlər hesabına torpaq sahəsində pambıq əkib həmin pambığı iddiaçıya satmağı öhdəsinə götürmüşdür.

18. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə aqrotexniki xidmətlər göstərmiş, ona nağd pul və xidmət formasında avans təqdim etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini qismən icra etmiş və bununla da cavabdehin iddiaçıya 439,17 manat həcmində borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli alqı-satqı və podrat hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin alqı-satqı və podrat müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.

19. Beləliklə məhkəmə hesab edir ki, iddia yəni 439,17 manat əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, Cavabdeh xx.xx.2024-cü il tarixli 24256357 nömrəli “xam pambığın alqı-satqısı haqqında” müqavilə üzrə 439,17 manat məbləğində əsas borc pul tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə “xam pambığın alqı-satqısı haqqında” müqavilə üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməssə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1 % həcmində alıcıya cərimə ödəyir.

21. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 24 256 357 nömrəli müqavilə üzrə 21,95 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

22. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİl. Nəticə:

23. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh 439,17 manat əsas borc, 21,95 manat cərimə borcu olmaqla cəmi 461,12 manat məbləğində borc pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar