Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-75/2022 11.08.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “xx.xx.2011-ci il tarixli 1547-L/11 nömrəli müqavilə üzrə 10425 manat əsas borc, 16847,63 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla, cəmi 27622,63 manat pulun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1547-L/11 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 29919,60 manat olan kənd təsərrüfatı texnikarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin 700 manat ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli texnikaların təhvil qəbulu barədə akta əsasən müqavilədə qeyd olunan texnikalar komplekt halda təhvil verilmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində xx.xx.2011-ci il tarixli 1547-L/11 nömrəli müqavilə üzrə 10425 manat məbləğində əsas borcu qalmasını əsas gətirərək iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1547-L/11 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 1547 saylı müqaviləyə əsasən, "xxxx" ASC müqavilənin 1.5-ci bəndinə uyğun şəkildə şifariş və ödəniş qrafiki və həmçinin texnikanın verilməsi haqqında təhvil təslim aktına əsasən xx.xx.2011-ci il tarixli 1905/U saylı əmrdə göstərilən texnika saz vəziyyətdə X3 verilməli idi. Tərəflər arasında müqavilə öhdəliyi mövcud olduğundan onun icrası tərəflər üçün məcburidir. Lakin "xxxx" ASC müqavilə şərtlərinə uyğun texnikanı ona verməmiş, əksinə ona yararsız vəziyyətdə texnika təklif edilsə də o, texnikanın götürülməsindən imtina etdiyindən müqavilə üzrə ona texnika verilməmişdir. Beləliklə də "xxxx" ASC-ni müqavilə şərtlərinə əməl etməmişdir. İş materiallarına xx.xx.2011-ci il tarixli texnikanın təhvil-təslim aktı əlavə edilsə də sözügedən aktda imza ona məxsus deyildir. Belə olan halda tərəflər arasında linzinq müqaviləsi bağlanılsa da, prosess başa çatdırılmamış və texnika müqaviləyə uyğun olaraq verilməmişdir. İddiaçı müəssisə tərəfindən ona hər hansı texnika faktiki olaraq verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, obyektiv nəticəyə gəlinməsi üçün iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli texnikaların təhvil təslim aktındakı imzanın ona məxsus olub-olmaması üçün məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/926 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli "xxxx" ASC-nin Şəki rayon aqroservis filialında oln texnikaların təhvi qəbulu barədə aktın aşağı sağ hissəsində qəbul etdi qrafasında olan imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ekspert rəyi ilə razıdır. İddiaçı ilə lizinq müqaviləsi bağladıqdan sonra texnikanı aldığı vaxt ona məlum olmuşdur ki, texnika köhnədir. Ona görə də texnikanı almamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı, ekspert rəyi, akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Hazırki iş üzrə "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 1547-L/11 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 29919,60 manat olan kənd təsərrüfatı texnikarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin 700 manat ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli texnikaların təhvil qəbulu barədə akta əsasən müqavilədə qeyd olunan texnikalar komplekt halda təhvil verilməsi göstərilsə də işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 4/926 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli "xxxx" ASC-nin Şəki rayon aqroservis filialında oln texnikaların təhvi qəbulu barədə aktın aşağı sağ hissəsində qəbul etdi qrafasında olan imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi, tərəflər arasında lizinq müqaviləsi bağlansa da müqavilənin qüvvəyə minməsi üçün zəruri şərt lizinq predmetinin təhvil verilməsidir. Lizinq predmeti təhvil verilmədiyi halda istifadə edilməyən lizinq predmetindən istifadəyə görə muzd yaranmır və bu vəsait cavabdehdən tələb edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borc və cərimə borcunun ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə də məhkəmə mürqaciət etmişdir. L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş hüquqi mövqeyinə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən hesab edir ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüququn pozulması hallarına yol verilmədiyindən iddia, iddia müddətinin tətbiqi ilə deyil əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi rədd edildiyindən, yəni iddiaçı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən məhkəməyə müraciət etməsi üçün hüquqi yardıma görə çəkilmiş xərc cavabdehdən tutula bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (10425 + 16847,63) ödənilməli dövlət rüsumu 172,87 manat olmalıdır ki, iddia rədd edildiyindən 172,87 manat məbləğində ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı 200 manat məbləğində mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü (məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.) maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad deyildir. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Qanunvericiliyin tələbindən göründüyü kimi, büdcə təşkilatı maliyyələşdirilməsi bilavasitə, yəni birbaşa, yalnız Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Bilavasitə sözü isə lüğəti mənasına görə “vasitəsiz olaraq, arada heç bir vasitə olmadan, arada heç bir şey (şəxs) iştirak etmədən, birbaşa” və s. başa düşülür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 1.5-ci bəndinə əsasən Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir. Göründüyü kimi, iddiaçı Agentlik yalnız dövlət büdcəsinin vəsaiti hesabına deyil, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına da maliyyələşdirildiyindən, yalnız Dövlət bücəsindən maliyyələşən hüquqi şəxs olmadığından Dövlət rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsində nəzərdə tutulan rüsum ödəməkdən azad edilən büdcə təşkilatı deyildir və qanunvericiliyin tələbinə əsasən iddianın rədd edilldiyindən 172,87 manat məbləğində ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İddia rədd edildiyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin təşəbbüsü ilə aparılmış məhkəmə ekspertizası üzrə 124 manat ekspertiza xərci iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı “xx.xx.2011-ci il tarixli 1547-L/11 nömrəli müqavilə üzrə 10425 manat əsas borc, 16847,63 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul olmaqla, cəmi 27622,63 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iddia rədd edilsin. Ödənilməmiş 172,87 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 124 manat ekspertiza xərci iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-75/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-75/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver