Məhkəmə qərarları › İş №e-2-2(117)-751/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-751/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-751/2022 13.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2019cu il tarixli 0258-CRC-GM/19 nömrəli konsiqnasiya müqaviləsinə əsasən 1013,15 manat əsas borcun, 812,38 manat cərimə borcunun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat vəsaitin, cəmi 1885,53 manat məbləğində borcun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə konsiqnasiya müqaviləsi bağlanmışdır. Tərəflərin bağladığı müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı tərəfindən 1013,15 manat məbləğində mallar alıcıya satılmış, alıcı isə bu malların əvəzini bu Müqavilə ilə nəzərdə tutulmuş qayda və şərtlərlə ödəməyi üzərinə götürmüşdür. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında imzalanmış “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” xx.xx.2019-cu il tarixli 01 nömrəli Aktdan görünür ki, 1013,15 manat məbləğində mal Cavabdeh tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə məktub “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə məktub çatdırılması üçün Oğuz rayon Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə çatdırılmasının mümkün olmaması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2019-cu il tarixdə konsiqnasiya müqaviləsi, xx.xx.2019-cu il tarixli akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alqı-satqı haqqında müddəalar tətbiq edilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 837). Tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən Həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları Satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən Satıcının 1 ay ərzində heç bir satış olmadığı təqdirdə rəfi, məhsulları götürərək müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə konsiqnasiya müqaviləsi bağlanmışdır. Tərəflərin bağladığı müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı tərəfindən 1013,15 manat məbləğində mallar alıcıya satılmış, alıcı isə bu malların əvəzini bu Müqavilə ilə nəzərdə tutulmuş qayda və şərtlərlə ödəməyi üzərinə götürmüşdür. Tərəflər arasında imzalanmış “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” xx.xx.2019-cu il tarixli 01 nömrəli Aktdan görünür ki, 1013,15 manat məbləğində mal Cavabdeh tərəfindən təhvil alınmışdır. Bu hal cavabdeh tərəf mübahisələndirməmiş, malların təhvil verilməsi ilə bağlı müvafiq akt tərtib edildiyindən, həmin məhsulların cavabdeh tərəfindən satılması və ya istifadə edilməsi sübuta yetirilir, əks arqument mövcud deyildir. Ona görə də iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin müqavilə üzrə hesablanmış 812,38 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğdir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində tərəflər razılaşmışlar ki, alıcı bu Müqavilə ilə ödənişlərin icrasını gecikdirdikdə, gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin əmlak mənafelərini və iddiaçının məhkəməyə gec müraciət etməklə cərimə məbləğinin artmasına şərait yaratmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 80 manat məbləğində cərimənin tutulmalı olmasını işin hallarına uyğun, ədalətli və ağılabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı mediasiya xərci həddində dövlət rüsumundan azad edildiyindən ödənilməli olan 38,85 məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 0258-CRC-GM/19 nömrəli Konsiqnasiya müqaviləsi üzrə 1013,15 manat əsas borc, 80 manat cərimə borcu, 60 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 38,85 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar