Məhkəmə qərarları › İş №e-2-2(117)-751/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-751/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-751/2023 01.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “923 manat əsas borc, 92 manat məbləğində cərimə borcu və ödənilmiş 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 014369 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan “qiymətlərin razılaşdırılması protokolu”nda (1 nömrəli əlavədə) əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və dəyərini bu müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləği bu müqavilə ilə müəyyən edilmiş müddətdə 1 nömrəli əlavəyə uyğun olaraq tam və ya qismən icra etmədikdə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1%-i həcmində satıcıya cərimə ödəyir. Alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə (qiymətlərin razılaşma protokolu) əsasən Cavabdeh 2500 manat məbləğdən 650 manat hissəsini ilkin ödəniş kimi etməli, qalan məbləği xx.xx.2022-ci il tarixdə 463 manat, xx.xx.2022-ci il tarixdə 463 manat, xx.xx.2023cü il tarixdə 463 manat, xx.xx.2023-cü il tarixdə 461 manat olmaqla hissə-hissə ödəməlidir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 2500 manat olan X1 Wertex 1200 (Y4/5) markalı malı qüsursuz olaraq cavabdehə təhvil vermişdir. Qeyd olunan təhvil təslim aktı cavabdehin də imzası ilə təsdiq edilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 923 manat ödənilməmiş borcu qalmış və müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən həmin məbləğə 92 manat cərimə hesablanmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi xx.xx.2023-cü il tarixdə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, qiymətlərin razılaşdırılması protokolu, maliyyə arayışı, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 014369 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan “qiymətlərin razılaşdırılması protokolu”nda (1 nömrəli əlavədə) əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və dəyərini bu müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə (qiymətlərin razılaşma protokolu) əsasən Cavabdeh 2500 manat məbləğdən 650 manat hissəsini ilkin ödəniş kimi etməli, qalan məbləği xx.xx.2022-ci il tarixdə 463 manat, xx.xx.2022-ci il tarixdə 463 manat, xx.xx.2023cü il tarixdə 463 manat, xx.xx.2023-cü il tarixdə 461 manat olmaqla hissə-hissə ödəməlidir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə ümumi dəyəri 2500 manat olan X1 Wertex 1200 (Y4/5) markalı malı qüsursuz vəziyyətdə cavabdehə satmış, lakin sonuncu isə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 923 manat borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 923 manat əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə 92 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh alqığı malların dəyərini ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 92 manat deyil, 50 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (1015) ödənilməli dövlət rüsumu 30,15 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 30,15 manat dövlət rüsumunun 1,25 manat iddiaçıdan, 28,90 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 28,90 manat dövlət büdcəsinə və iddiaçıdan 1,25 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 1,25 manat dövlət rüsumu çıxılmaqla 58,75 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 1,25 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 28,90 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 30,15 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 923 manat əsas borc, 50 manat cərimə borcu və 58,75 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30,15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar