Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-757/2021 26.10.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Talıbzadə Xəyal Eldəniz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 27719,4 manat pulun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 27719,4 manat pulun və 30 manat dövlət rüsumunun tutulması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ünvanladığı ərizəsində və izahatında, həmçinin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatətində və izahatında hazırkı işin aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə yanaşı, işdə iştirak edən şəxslərin subyektiv tərkibini də nəzərə almalıdır. Hazırki işdə aidiyyətlə bağlı məsələnin həlli üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti əhəmiyyət kəsb etidiyindən məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan Respublikası MPM-nin 25.1 və 25.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxırlar. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikası Vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə müvafiq olaraq hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün şəxs hüquqi şəxs statusuna və yaxud da hüquqi şəxs yaratmadan fərdi sahibkar statusu əldə edən fiziki şəxs statusuna malik olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı ilə bağlı məsələlərə baxılarkən MPM-nin 24.2-ci maddəsində nəzərdə tutulan işdə iştirak edən şəxslərin subyektiv tərkibinin nəzərə alınması ifadəsi, həmin şəxslərin hüquqi şəxs, fərdi sahibkarlıq statusuna malik fiziki şəxs, yaxud bu statusa malik olmayan fiziki şəxs olubolmamasının nəzərə alınması kimi qəbul edilməli və buna uyğun olaraq mübahisələrin məhkəmə aidiyyatı məsələsinə qiymət verilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının: 26-cı bəndə göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisə tərəflər arasında 2019-2020-ci illəri əhatə edən dövrdə iddiaçının 27719,40 manat məbləğində yorğan, pastel, yastıq və s. məhsulları cavabdehə topdan satışı ilə əlaqədar yaranmışdır. İş materiallarından görünür ki, Cavabdeh yük avtomobillərinin nəqliyyatının fəaliyyəti ilə əlaqədar vergi ödəyicisi kimi qeydiyyata alınmış, ona 15.12.2020-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisə yaranan vaxt cavabdehin VÖEN-ə sahib olmamış, sonradan alınsa da bu tamamilə başqa fəaliyyət sahəsinə aid edilmişdir. Qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, tərəflərin subyektiv tərkibinə və bununla da mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə hazırki mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər sahibkarlıq statusuna malik olsalar da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından hazırki işə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi (rayon, şəhər) məhkəmə tərəfindən baxılmalı olduğundan, tərəflərin razılığını və cavabdehin rəsmi qeydə alındığı yeri nəzərə alaraq iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyət üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “cavabdehdən 27719,4 manat pulun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-757/2021
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-757/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver