Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-758/2022 15.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “3718 manat əsas borcun, 2602 manat cərimə borcu və 100 manat ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin, cəmi 6420 manat məbləğində vəsaitin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə cavabdeh) arasında xx.xx.2019-cu il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli ZAF49677019 nömrəli Malların təhvil qəbul aktı ilə və xx.xx.2019-cu il tarixli Malların təhvil qəbul aktı əsasında ƏDV xaric ümumilikdə 4268 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə cavabdeh borc məbləğindən 550 manat ödəniş etsə də, 3718 manat əsas borc ödənilməmişdir. “Məhsulların alqı-satqı” haqqında xx.xx.2019-cu il tarixli ZAF49677019 nömrəli müqavilənin : 3.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan məhsulların bir vahidinin qiymti və məhsulun ümumi dəyəri daxil olmaqla faktura ilə müəyyən edilir. 3.2-ci bəndinə əsasən Alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağ faktura ilə satış zamanı malın təslim anında, nisyə satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləği satıcıya ödəməlidir. 4.1-ci bəndinə əsasən Bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının müraciəti əsasında onun sifarişi əsasında onun sifarişini (və ya təlabatın) və bu müqavilə ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla ona satdığı məhsulları faktura əsasında verir. 6.2-ci bəndinə əsasən, ödəniş məbləği və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, müqavilə bir tərəfli ləğv edilir,malların dəyərinin ödənilməsi qanuna müvafiq təmin edilir. 6.3-ci bəndinə görə Alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 % miqdarında dəbbə pulu ödənilməlidir. İddiaçı tərəfindən Cavabdehə xx.xx.2019 -cu il tarixli ZAF49677019 nömrəli və xx.xx.2019 cu il tarixli 777390 nömrəli, 777391 nömrəli və 777392 nömrəli Malların təhvil qəbul aktı əsasında ƏDV xaric ümumilikdə 4268 (dörd min iki yüz altmış səkkiz) manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. İddiaçı ərizəsində bildirir ki, xx.xx.2019 -cu il və xx.xx.2019- cu il tarixdə cavabdeh tərəfindən borc məbləğindən 550 manat məbləğində pul vəsaitini iddiaçıya ödəsə də, 3718 manat əsas borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə məktub “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə məktub çatdırılması üçün Oğuz rayon Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə çatdırılmasının mümkün olmaması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2019-cu il tarixdə konsiqnasiya müqaviləsi, xx.xx.2019-cu il tarixli akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 567, 600). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı münasibətlərindən yaranmış mübahisə yaranmışdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə “Məhsulların alqı-satqı” müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə görə cavabdeh xx.xx.2019 -cu il tarixli ZAF49677019 nömrəli və xx.xx.2019 cu il tarixli 777390 nömrəli, 777391 nömrəli və 777392 nömrəli Malların təhvil qəbul aktı əsasında ƏDV xaric ümumilikdə 4268 (dörtmin iki yüz altmış səkkiz) manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Müqavilənin şərtlərindən və malların təhvil-qəbul aktından görünür ki, həmin mallar faktura ilə nisyə (kreditlə) ödəmək şərti ilə alınmışdır. İş materiallarında olan xx.xx.2019 cu il tarixli 777392 nömrəli malların təhvil-qəbul aktından müəyyən edilir ki, cavabdeh ümumilikdə 1350 manat ödəniş etmiş, sonradan isə 550 manat ödəniş etmişdir. Bu zaman 3938,75 manat xx.xx.2019-cu il tarixli malların təhvil-qəbul aktlarına əsasən yaranmış borc və xx.xx.2019cu il tarixli malların təhvil-qəbul aktına əsasən yaranmış 1679,26 manat borc hesablandıqda ümumi borc: 3938,75+1679,26 =5618,01; 5618,01-1350=4 268,01; 4 268,01-550=3 718 manat borc təşkil edir. Ona görə də, iddiaçı 3718 manat məbləğində əsas borcu tələb etməkdə haqlıdır. İddiaçı eyni zamnada cavabdehdən 2602 manat məbləğində cərimə borcu tələb edir. Tərəflərin bağladığı müqavilənin 6.3-ci bəndinə görə Alıcı tərəfindən məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmış taranın dəyərinin 0.1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 % miqdarında dəbbə pulu ödənilməlidir. İddia tələbinin müqavilə üzrə hesablanmış 2602 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin əmlak mənafelərini və iddiaçının məhkəməyə gec müraciət etməklə cərimə məbləğinin artmasına şərait yaratmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 200 manat məbləğində cərimənin tutulmalı olmasını işin hallarına uyğun olmaqla ədalətli və ağılabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən mediasiya xərcinin 61 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, eyni zamanda cavabdehdən 59,18 manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 3718 manat əsas borc, 200 manat cərimə borcu, 61 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 59,18 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-758/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-758/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver