Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-76/2023 30.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2500 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02/00141 nömrəli operativ lizinq müqaviləsinə əsasən cəmiyyət tərəfindən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə Cavabdeh istifadəsinə verilmiş, xx.xx.2020-ci il tarixli “texniki vəziyyət haqqında” aktla kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh 2 ay müddətinə (xx.xx.2020xx.xx.2020) 5000 manat ödəməyi öhdəsinə götürmüş və 2500 manat ödəniş etmişdir. İddiaçı cavabdehin 2500 manat borcunun qalmasını iddia edərək borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02/00141 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən cavabdeh 2 ay müddətinə 5000 manat ödəməyi öhdəsinə götürmüş, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə ödənilməmiş 2500 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bidirmişdir ki, operativ lizinq müqaviləsi əsasında taxılyığan kombaynı 2 aylıq götürmüş, iyun ayının 28nə kimi işləmiş, iyul ayının 28-də səhhətində problem olduğu üçün Ucar rayon xəstəxanasına getmiş, həkim müayinəsindən sonra ürəyində narahatlıq olduğunu bilmişdir. Göndəriş əsasında X1 getmiş və xx.xx.2020-ci il tarixdə açıq ürək əməliyyatı olunmuşdir. Bundan sonra da işləyə bilməmişdir. Qalıq 2500 manat borcunun bu səbəblərə görə nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Aktla müəyyən edilir ki, taxılyığan kombayn lizinq müqaviləsi əsasında 2 ay müddətinə Cavabdeh verilmiş, sonuncu səhhətində yaranan narahatçılıqla əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə açıq ürək əməliyyatı keçirmiş, kombayn isə Ucar rayon bölməsinin parkına xx.xx.2020-ci il tarixdə oğlu X2 tərəfindən gətirilmiş, Cavabdeh səhhətində olan narahatçılığa görə özü gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Kamil Xəliovin iştirakı ilə təhvil təslim aktı yazılmışdır. Sözügedən akt "xxxx" ASC-nin Yevlax RN-nin Ucar RB-nin rəhbəri, mühasibi və Cavabdeh imzaları, habelə "xxxx" ASC-nin Yevlax RN-nin Ucar RB-nin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya xx.xx.2023-cü il tarixdə bildiriş, təqdim olunmuş cavabdeh iddia tələbinə münasibət bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Akt, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Hazırki iş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02/00141 nömrəli operativ lizinq müqaviləsinə əsasən cəmiyyət tərəfindən 1 ədəd SR- 2045 markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə Cavabdeh istifadəsinə verilmiş, xx.xx.2020-ci il tarixli “texniki vəziyyət haqqında” aktla kombayn saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh 2 ay müddətinə (xx.xx.2020-xx.xx.2020) 5000 manat ödəməyi öhdəsinə götürmüş və iddiaçıya 2500 manat ödəniş etmişdir. İşin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktla müəyyən edilmişdir ki, taxılyığan kombayn lizinq müqaviləsi əsasında 2 ay müddətinə Cavabdeh verilmiş, sonuncu səhhətində yaranan narahatçılıqla əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə açıq ürək əməliyyatı keçirmiş, kombayn isə Ucar rayon bölməsinin parkına xx.xx.2020-ci il tarixdə oğlu X2 tərəfindən gətirilmiş, Cavabdeh səhhətində olan narahatçılığa görə özü gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Kamil Xəliovin iştirakı ilə təhvil təslim aktı yazılmışdır. Akt "xxxx" ASC-nin Yevlax RN-nin Ucar RB-nin rəhbəri, mühasibi və Cavabdeh imzaları, habelə "xxxx" ASC-nin Yevlax RN-nin Ucar RBnin möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə iki ay müddətində lizinq predmetindən istifadə etməyi və həmin müddət ərzində müəyyən olunmuş muzdu ödəməyi öhdəsinə götürsə də, 2020ci ilin iyun ayında lizinq predmetindən istifadə etmiş və nəticədə 2500 manat muzd ödəmişdir. Bundan sonra o, xəstələnmiş və lizinq predmetindən iyul ayında tam istifadə etməmiş, nəticədə oğlu tərəfindən lizinq predmeti xx.xx.2020-ci il tarixdə iddiaçıya təhvil verilmişdir ki, iddiaçı 2020-ci ilin iyul ayı üçün cavabdehə tam borc hesablamaqda haqlı olmamışdır. Belə ki, qeyd olunduğu kimi lizinq müqaviləsi müəyyən olunmuş muzd müqabilində başqasının əmlakından istifadəni özündə ehtiva edən müqavilədir. Muzdun ödənilməsi üçün lizinq götürən lizinq predmetindən istifadə etməli və lizinq predmetindən istifadə etdiyi üçün muzd ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh 2020-ci ilin 31 iyul tarixinədək istifadə etməli olduğu lizinq predmetini xəstə olması ilə əlaqədar istifadə edə bilməmiş, oğlu tərəfindən lizinq predmeti iddiaçıya xx.xx.2020-ci il tarixdə təhvil verilmiş və tərəflər arasında olan müqavilə münasibətləri dayanmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən tələb olunan olunan 2500 manat deyil, 2020-ci ilin iyul ayında lizinq predmetinin onun istifadəsində olan 3 gün üçün muzd iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilə əsasında hesablandıqda texnikanın 1 gün istifadəsi üçün ödənilməli muzd 83,33 manat (2500/30) təşkil etdiyindən, cavabdehin lizinq predmetindən 3 gün istifadəsi üçün ödənilməmiş borcu 249,99 manat təşkil edir. Bu səbəbdən iddia qismən təmin edilməklə cavabdehdən 249,99 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən iddianın qiymətinə münasib olaraq ödənilməli olan 30 manat dövlət rüsumunun 3 manat hissəi cavabdehdən, 27 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 3 manat dövlət büdcəsinə və iddiaçıdan 27 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 27 manat dövlət rüsumu çıxılmaqla 33 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 27 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 3 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 30 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 02/00141 nömrəli operativ lizinq müqaviləsinə əsasən 249,99 manat borc və 33 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-76/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-76/2023
30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver