Məhkəmə qərarları › İş №e-2-2(117)-762/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-762/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-762/2025 10.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 32122.20 manat dəyərində pul vəsaitinin və 187 manat məhkəməyə ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə avtomobil təmir xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçının cavabdehə məxsus avtomobillərin təmiri və həmin avtomobillərin ehtiyyat hissələri ilə təmin etmək kimi öhdəliyi olmuşdur. Bununla bağlı cavabdehə ümumi dəyəri 32122.20 manat dəyərində avtomobil ehtiyat hissələri verilmişdir. Həmin pulun daxilində usta təmir xidmətləridə əlavə edilmişdir. Həmin xidmətərin göstərilməsinə dair e-qaimələr iddia ərizəsinə əlavə edilmişdir. Cavabdehə dəfələrlə borcun ödənilməsinə dair şifahi və yazılı müraciətlər olunsada cavabdeh borcunu ödəməmişdir. Bunun üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Bundan əlavə cavabdeh tərəfindən ödənilməli olan 32122.20 manat pul vəsaitinin ödənilməsi ilə bağlı elektron məhkəmə sistemində pretenziya məktubu göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili X4 və iddiaçının nümayəndəsi X1 ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X5 izahatında bildirmişdir ki, Ulu Aqro MMC ilə TMX-Servis MMC arasında 06 iyun 2023-cü il tarixdə avtomobil təmir xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçının cavabdehə məxsus avtomobillərin təmiri və həmin avtomobillərin ehtiyyat hissələri ilə təmin etmək kimi öhdəliyi olmuşdur. Bununla bağlı cavabdehə ümumi dəyəri 32122 manat 20 qəpik dəyərində avtomobil ehtiyat hissələri verilmişdir. Həmin pulun daxilində usta təmir xidmətləri də əlavə edilmişdir. Həmin xidmətlərin göstərilməsinə dair qaimələr iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdehə dəfələrlə borcun ödənilməsinə dair şifahi və yazılı müraciətlər olunsada cavabdeh borcunu ödəməmişdir. Bunun üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehə pretenziya məktubu göndərilmiş və pulun ödənilməsi tələb olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddia tələbini müdafiə edir. İddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, bu prosses iki il öncə başlanmış prossesdir. Həmin müddət ərizində rəhbərlik də, maliyyə də dəyişmişdir. Mehman bəy onlara müraciət edərək, bu qədər borc olduğunu bildirmişdir. Qeyd etmək istəyir ki, onlarda iki tərəfli müqavilə yoxdur. Əgər qarşı tərəfdə iki tərəfli müqavilə varsa təqdim etməsini xahiş edir. Özü şəxsən Mehman bəylə əlaqə saxlayaraq bildirib ki, bu prosses əvvəlki rəhbərliyin dövründə olmuşdur. Həmçinin, Mehman bəyə təhvil-təslim aktlarını təqdim etməsini xahiş edib. Mehman bəyə bildirib ki, tərəflərindən də araşdırmalar aparılsın və əgər bu iş görülübsə, onlarda ödənişləri həyata keçirsinlər. Lakin qarşı tərəf razılığa gələməmişdir. Cavabdeh tərəf sistemə sadəcə elektron qaimələri yükləmişdir. Elektron qaimə isə heç bir əsas deyildir, sadəcə vergi üçün əsasdır.

7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, 2023-cü ilin avqust ayının 16-dan Ulu Aqro MMC-də baş mühəndis kimi fəaliyyət göstərir. Mehman bəy özü də təsdiq edər ki, həmin müddət ərzində ona 40000 manat məbləğində vəsait ödəyiblər. Mübahisəli məsələlərindən biri də traktor məsələsidir. O, şirkətdə işlədiyi müddətdə həmin traktor işləmirdi. Traktor işləmədiyinə görə həmin sənədə imza çəkməyib. Mehman bəy ona müraciət edən zaman ona bildirib ki, bu sənədə imza çəkə bilməz, çünki traktor işləmir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

9. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş 833231 nömrəli xx.xx.2024-cü il tarixli, 622568 nömrəli xx.xx.2023-cü il tarixli, 716974 nömrəli xx.xx.2023cü il tarixli, 10713106 nömrəli xx.xx.2024-cü il tarixli, 00013263 nömrəli xx.xx.2024-cü il tarixli, 11547469 nömrəli xx.xx.2024-cü il tarixli, 10154030 nömrəli xx.xx.2024-cü il tarixli, 269132 nömrəli xx.xx.2023-cü il tarixli, 833029 nömrəli xx.xx.2024-cü il tarixli, 567074 nömrəli xx.xx.2023-cü il tarixli, 854926 nömrəli xx.xx.2024-cü il tarixli, 11680392 nömrəli xx.xx.2024-cü il tarixli, 11680575 nömrəli xx.xx.2024-cü il tarixli, 11680936 nömrəli xx.xx.2024-cü il tarixli, 11680885 nömrəli xx.xx.2024-cü il tarixli, 11680434 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimələrdə cavabdehə şifahi razılaşma əsasında görülən işlərin hər birinin adı və qiymətləri öz əksini tapmışdır. Elektron qaimələr üzrə cəmi görülən işin məbləği 56990,20 manat təşkil etmişdir.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxus bank hesabına xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə cəmi 25000 manat məbləğində ödəniş edilmişdir.

11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 6 nömrəli qüsur aktında 90-H-224 nömrəli traktorun təmirə ehtiyacı olduğu qeyd edilmiş, traktorun texniki nasazlıqları göstərilmişdir. Həmin akt cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki işçiləri tərəfindən imzalanmışdır. Akt iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiqlənməmiş, həmçinin hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzası və möhürlə təsdiq edilməmişdir.

12. İş materiallarında olan "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilən MB- 19/0036 nömrəli xx.xx.2026-cı il tarixli ekspert rəyində aparılmış araşdırma əsasında cavabdehin iddiaçıya aralalarında mövcud olan podrat münasibətləri üzrə 16404,10 manat borcunun olduğu qeyd edilmişdir.

V. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər-hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Vl. Məhkəmənin mövqeyi:

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında şifahi podrat münasibətləri olmuşdur. Həmin podrat münasibətləri əsasında iddiaçı “podratçı” qismində iştirak edərək cavabdehə məxsus texnikaları təmir etməyi, cavabdeh isə “sifarişçi” qismində iştirak etməklə podratçı tərəfindən görülümüş işin dəyərini ona ödəməyi öhdəlik kimi qəbul etmişdir. Tərəflər arasında olan podrat münasibətləri ilə bağlı məhkəməyə hər-hansı yazılı formada müqavilə, razılaşma və.s təqdim edilməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında podrat münasibətlərinin mövcudluğu işin faktiki hallarından müəyyən edilmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

17. Tərəflər arasında podrat münasibətlərinin mövcudluğu barədə yazılı müqavilə mövcud olmasa da, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimə fakturalar və cavabdeh tərəfindən edilmiş ödənişlər, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarla onlar arasında podrat münasibətlərinin mövcudluğu məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmışdır. Nəticədə podrat münasibətlərinin öhdəlik şərtlərinə uyğun olaraq tərəflərin bundan irəli gələn hüquları və vəzifələri yaranmışdır.

18. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında olan şifahi podrat müqaviləsinə uyğun olaraq cavabdehə məxsus texnikaların təmir işlərini həyata keçirmişdir. Bu hal iş materiallarında olan elektron qaimələrlə öz təsdiqini tapmış və həmin görülən işlərin adı və qiymətləri qaimələrdə əks olunmuşdur. Elektron qaimələr üzrə cəmi görülən işin dəyəri 56990,20 manat təşkil etmişdir. Cavabdeh öz növbəsində üzrərinə götürdüyü öhdəliyi qismən icra etmiş, iddiaçıya cəmi 25000 manat dəyərində ödəniş etmişdir. Bu hal iş materiallarında olan hesabdan çıxarış məlumatlarında öz əksini tapmışdır. Cavabdeh tərəfindən qeyd olunan ödənişin icra edilməsi, tərəflər arasına podrat münasibətlərinin mövcudluğunu təsdiq etmişdir.

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qeyd olunduğu kimi elektron qaimələr üzrə cəmi görülən işin dəyəri 56990,20 manat təşkil etmişdir. Cavabdeh idiaçıya bu müqavilə üzrə cəmi 25000 manat dəyərində ödəniş etmiş, nəticədə cavabdehin ödənilməmiş 31990,20 manat (59990,20- 25000=31990,20) borc qalmışdır. Həmçinin cavabdehin nümayəndəsi elektron qaimədə göstərilmiş traktorun təmir olunmaması məsələsini mübahisələndirsə də, bu halı təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi 31990,20 manat hissədə təmin edilməli, qalan hissədə isə rədd edilməldir.

20. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 185,97 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

21. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğdə pulun 200 manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 100 manat hissəsi isə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir.

22. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 31990,20 manat pul vəsaiti və 185,97 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğdə pulun 200 manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 100 manat hissəsi isə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına(H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ******************** S.W.İ.F.T BİK: AllBAZ2X ) ödənilməlidir.

Vİl. Nəticə:

23. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 31990,20 manat pul vəsaiti və 185,97 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Aparılmış tədqiqatın dəyəri olan 300 manat məbləğdə pulun 200 manat hissəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 100 manat hissəsi isə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, "xxxx" MMC-nin (VÖEN:**********) "xxxx" ASC-nin Yasamal filialında olan bank hesabına(H\h AZ59AllB********************, müxbir hesabı: AZ37NABZ******************** S.W.İ.F.T BİK: AllBAZ2X ) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar