Məhkəmə qərarları › İş №e-2-2(117)-772/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-772/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-772/2025 09.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11780.47 manat məbləğində borcun və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11780.47 manat məbləğində borcun və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə təqdim edilmiş ərizəsinə əsasən “cavabdehdən 11780.47 manat məbləğində borcun, 1000 manat məbləğində hüquqi xidmət haqqının və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında A73/22 saylı 29 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqısatqı müqaviləsinə əsasən cavabdehə spirtli içkilər satılmışdır. Göstərilən müqavilə üzrə cavabdehin iddiaçıya 11780, 47 manat borcu vardır. Cavabdehə pretenziya göndərilməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1-ci, 389.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələri ilə əsaslandırmışdır.

4. İş materiallarına xx.xx.2022-ci il tarixli EBCC seriyalı 737302 nömrəli (11696.11 manat) və 730127 nömrəli (7070.37 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar əlavə edilmişdir.

5. İddiaçının nümayəndəsi 17 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə müəyyən uyğunsuzluq vardır. Bundan əlavə iddia ərizəsində vəkil xərcini əlavə etməmişlər. Bu səbəbdən iddia tələbində dəyişiklik etmək istəyirlər. Eyni zamanda qarşı tərəflə danışıb razılığa gəlmək istəyirlər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən vaxt verilməsini və buna görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

6. Cavabdeh məhkəmə baxışında verdiyi izahatında bildirdi ki, əvvəlki məhkəmə iclasında da dediyi kimi, o, İddiaçı MMC-də əvvəllər işçi olmuşdur. Həmin şirkətdə bölgə müdiri işləmişdir. Hazırda isə həmin şirkətdə işləmir. Bu borcun ona aidiyyəti yoxdur. Ola bilsin ki, onun adından bu əməliyyatlar həyata keçirilib. İddianın rədd edilməsini məhkəmədən xahiş edir.

7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, İddiaçı MMC-nin vəkili məhkəməyə ərizə ilə müraciət edərək başqa məhkəmə iclası olduğundan məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

12. Məhkəmənin mövqeyi

13. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri, hərtərəfli araşdırıb, o cümlədən tərəflərin izahatını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

14. Belə ki, məhkəmə tədqiqatının əsasını təşkil edən iş materialları araşdırıldıqda görünür ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanmış 29 avqust 2022-ci il tarixli A73/22 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə spirtli içkilər satmış olduğunu, qeyd edilən halın xx.xx.2022-ci il tarixli EBCC seriyalı 737302 nömrəli və 730127 nömrəli elektron qaimə-fakturalarla təsdiqləndiyini, bundan sonra cavabdehin iddiaçıya 11780, 47 manat borcu qaldığını qeyd etmişdir. Lakin iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş materiallar araşdırıldıqda 29 avqust 2022-ci il tarixli A73/22 saylı alqı-satqı müqaviləsinin imzalanmadığı aşkar edilmiş, eyni zamanda iddiaçı tərəf əlavə olaraq elektron qaimə-fakturalar təqdim etmişdir ki, qeyd edilən materiallar sadəcə özlüyündə tərəflər arasında alqı-satqı münasibətinin yarandığını və borcun mövcudluğunu təsdiqləyən sübut kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçının nümayəndəsi hazırlıq iclasında iştirak edərək sənədlər arasında uyğunsuzluq olduğunu bildirərək ona vaxt verilməsini xahiş etmiş, lakin bundan sonrakı iki iclasda da iştirak etməmiş, məhkəmədən iclasın növbəti tarixə təxirə salınmasını xahiş etmiş, lakin qeyd edilən dövr ərzində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməsinə baxmayaraq, iddia tələbində qeyd edilən halları təsdiqləyən hər hansısa sübut təqdim etməmiş və qeyd edilən halla bağlı münasibət bildirməmişdir. Bundan əlavə olaraq cavabdeh tərəf məhkəmə iclaslarında verdiyi izahatında iddiaçı şirkətdə əvvəllər işçi olduğunu, aralarında heç bir müqavilənin bağlanmadığını və borcunun olmadığını bildirmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

16. Göründüyü kimi elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmədiyindən digər sübutlarla əlaqəli şəkildə qiymətlənidirilməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı tərəfindən sübut olaraq sadəcə elektron-qaimə fakturalar təqdim edilmiş, əlavə hər hansısa sənəd təqdim edilmədiyindən qeyd edilən elektron qaimələri tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması və müvafiq məhsulların qəbulunu təsdiq etmək üçün hüquqi əsas olaraq qiymət verilməsi mümkün olmamışdır.

17. İddiaçı tərəfin məhkəmə iclasında iştirakına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilən iş materiallarında olan uyğunsuzluqların aradan qaldırılması üçün iddiaçının nümayəndəsinin xahişi ilə məhkəmə hazırlıq iclası təxirə salınmış, buna baxmayaraq uyğunsuzluqlar aradan qaldırılmamış, iddia tələbini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Növbəti iclasda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək baxış iclasının təyin edilməsini məhkəmədən xahiş etmiş, lakin bundan sonra yenidən ərizə ilə müraciət edərək baxış iclasında iştirak edə bilməyəcəyi üçün təxirə salınmasını xahiş etsə də, hazırki işdə mövcud olan çatışmazlıqlara münasibət bildirməmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəf irəli sürdüyü dəlilləri təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək öz sübutetmə vəzifəsini icra etməmişdir ki, bu hal məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.

18. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

19. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

20. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

21. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

22. Məhkəmə ədalət mühakiməsinin MPM-in 9.1-ci maddəsinə əsasən çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsinə çalışsa da, iddiaçı tərəfin hər dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etməsinə baxmayaraq gəlməməsini, iddia ərizəsinə əlavə ediləndən başqa əlavə sübut və faktlar təqdim etmək niyyətində olmadıqlarını görüb məhkəmə tədqiqatını yekunlaşdırmaq qərarına gəlmişdir.

23. Yekun olaraq məhkəmə o nəticəyə gəlmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11780.47 manat məbləğində borcun, 1000 manat məbləğində hüquqi xidmət haqqının və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

24. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilən xərclər özünə aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11780.47 manat məbləğində borcun və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar