Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-776/2025 15.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə 1050.23 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə üzrə 1473.30 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə 3 393 manat qalıq borcun, 1050.23 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə üzrə 1473.30 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilə üzrə qalıq borcunu ödəməsi səbəbilə, xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə 1050.23 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə üzrə 1473.30 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 42 140 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 6 000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 2/298 nömrəli aktdan görünür ki, 38 400 manat dəyərində olan, şassi (zavod) nömrəsi 0007205, mühərrik nömrəsi 951829, rəngi göy, buraxılış ili 2016-cı il olan Traktor Belarus- 892 markalı texnika saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin X5 direktoru X7 tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 5/162 nömrəli aktdan görünür ki, 3740 manat dəyərində olan, şassi (zavod) nömrəsi 0021, rəngi göy, buraxılış ili 2017-ci il olan Kotan 4 gövdəli asma (təkərli) AK-4-35 markalı texnika saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin uCAR Təchizat Bazasının direktoru X1 tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 9 600 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən spesifikasiyada (Əlavə № 1) göstərilən 1 000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 655 nömrəli aktdan görünür ki, 9 600 manat dəyərində olan, şassi (zavod) nömrəsi 171054, rəngi yaşıl, buraxılış ili 2017-ci il olan Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnika saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin X4 direktoru X2 tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. Hər iki müqavilənin: 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. İşdə olan xx.xx.2025-ci il tarixli 3-22-2/2-H-16-491/2025 nömrəli pretenziya məktubundan göründüyü kimi AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh müraciət edilərək borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən göründüyü kimi Cavabdeh tərəfindən hökumət ödəniş portalı vasitəsilə iddiaçının hesabına 3 393 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilə məbləğindən 25 284 manat ödəniş etmiş, 16 856 manat güzəşt edilmiş, 1050.23 manat cərimə borcu hesablanmışdır. xx.xx.2017-ci il tarixli, 1111-L/17 nömrəli müqavilə məbləğindən 5760 manat ödəniş etmiş, 3 840 manat güzəşt edilmiş və 1473.30 manat cərimə borcu hesablanmışdır. Cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı müqavilələr üzrə gecikdirilmiş borca müvafiq olaraq cərimə borcu hesablamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında əsas borcunu ödədiyini və cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı, akt, ödəniş qəbzi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrnin şərtinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli dəqiqləşdirmə barədə ərizə qəbul edilməli və xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilənin ləğv edilməsi, eyni zamanda cavabdehin qalıq borcunu gecikdirməsi nəticəsində hesablanmış cərimə borcuna münasibət bildirilməlidir. İddia tələbinin “xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-22-2/2-H-16-491/2025 nömrəli pretenziya məktubundan göründüyü kimi AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh müraciət edilərək borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçı tərəfindən u barədə iradə ifadəsi birtərəfli qaydada pretenziya məktubu ilə ona bildirildiyindən qeyd edilən müqavilə xx.xx.2025-ci il tarixdən ləğv olunmuş hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarili Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddia tələbinin “xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilə üzrə 1050.23 manat və xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə üzrə 1473.30 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında müqavilə üzrə müəyyən münasibətlər yaranmış, hər iki tərəf müqaviləyə uyğun olaraq öz üzərlərinə müvafiq öhdəliklər götürmüş, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə ödənişi razılaşdırılmış müddətdə ödəməmiş, ancaq iddiaçı bununla bağlı məhkəməyə müraciət etdikdən sonra əsas borc üzrə ödənişi tam şəkildə etmişdir. Lakin hər bir halda ödənişin nəzərdə tutulmuş müddətdə edilməməsi iddiaçıya müəyyən məbləğdə zərər dəymə ehtimalını təsdiqləyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin əsas borcu tamamilə ödəməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 5%-i həcmində, yəni xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilə üzrə 52.5 manat və xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə üzrə 73.67 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı tərəf cavabdeh Cavabdeh müqavilə üzrə gecikdirilmiş borca münasibətdə hesablanmış xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilə üzrə 52.5 manat və xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə üzrə 73.67 manat cərimə borcunun tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12 iyun 2017-ci il tarixli 585-L/17 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 585-L/17 nömrəli müqavilə üzrə yaranmış 52.5 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 1111-L/17 nömrəli müqavilə üzrə 73.67 manat cərimə borcu olmaqla, cəmi 126.17 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov