Məhkəmə qərarları › İş №e-2-2(117)-79/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-79/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-79/2022 22.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “14 565,84 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında 23.01.2017-ci il tarixli 258-GL/17 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə 23.01.2017-ci il tarixli 258-GL/17 nömrəli müqavilə üzrə ödənilməmiş 10 305 manat əsas borcu yaranmış və iddiaçı həmin borca 3710,84 manat cərimə borcu hesablamışdır. İddia tərəfindən "xxxx" MMC-yə ünvanlanan 07.02.2022-ci il tarixli MİHO/1.2.2-2- 2022-3 nömrəli məktuba əsasən 23.01.2017-ci il tarixli 258-GL/17 nömrəli müqavilə üzrə Cavabdeh 6305 manat məbləğində əsas borcu mövcuddur və həmin borca 3710,84 manat cərimə məbləği hesablanmışdır. Tərəflər məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, 22.02.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək digər işlər üzrə əvvəlcədən təyin edilmiş məhkəmə iclası olduğundan hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iş üzrə icraatın yekunlaşdırılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçıdan ilkin ödənişi 20% olmaqla texnika almışdır. Borcunu əvvəllər ödəmişdir. Sonradan ödəyə bilməmişdir, lakin hissə-hissə ödəyəcəyini bildirdi. Cavabdeh məhkəmə iclasında 22.02.2022-ci il tarixli qəbz təqdim edərək bildirdi ki, əsas borc məbləğindən 500 manat ödəniş olunmuşdur. Məhkəmə həmin qəbzi məhkəmə baxışında təqdim edilmiş yeni sübut kimi qəbul etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.(Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,747.1-ci maddə). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında 23.01.2017-ci il tarixli 258-GL/17 nömrəli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23.01.2017-ci il tarixli 258-GL/17 nömrəli müqavilə üzrə 10 305 manat əsas borcu olmuş, hazırkı vəziyyətdə isə ödənişlər nəzərə alınmaqla cavabdehin 5805 manat əsas borcu mövcuddur. Bu halı cavabdeh tərəf mübahisələndirməmişdir, ona görə də iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin müqavilə üzrə hesablanmış 3710,84 manat cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə Cavabdeh 23.01.2017-ci il tarixli 258-GL/17 nömrəli müqavilə üzrə tərəflərin əmlak mənafeləri və cavabdeh tərəfinfən edilən əhəmiyyətli ödənişlər nəzərə alınmaqla 100 manat mələğində cərimənin tutulmalı olmasını işin hallarına və tərəflərin əmlak mənafelərinə uyğun hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 134 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 350 manat vəsaitin də cavabdehdən tutulmasını xahiş edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkilin məhkəmə iclaslarında iştirak etmə sayını, iddia tələbinin hazırlanıb məhkəməyə təqdim etməsinı, həmçinin cavabdeh tərəfindən əsas borcun ödənilməsini və digər halları nəzərə almaqla cavabdehdən həmin xidmətə görə haqqın 80 manat həddində tutulmasını ağlabatan hesab edir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh 5805 manat əsas borc, 100 manat cərimə, 80 manat məbləğində hüquqi xidmət haqqı və 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 134 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar