Məhkəmə qərarları › İş №e-2-2(117)-795/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-795/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-795/2025 30.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “cavabdehdən iddiaçının xeyrinə 1508.26 manat pulun və 36 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı “cavabdehdən iddiaçının xeyrinə 1508.26 manat pulun və 36 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, S- 026 nömrəli malların təchizatı müqaviləsi bağlanmışdır. Müqavilə qüvvədə olduğu müddətdə iddiaçı müqavilə üzrə öhdəliyini vaxtında və layiqincə yerinə yetirərək, cavabdehə müqavilə üzrə malları təhvil vermişdir. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malların dəyəri ödənilməmişdir. Cavabdehlə aralarında davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmiş və 2379,44 manat mal dövriyyəsi olmuşdur (e-qaimələrin siyahısı əlavə olunur). Həmin məbləğdən cavabdeh 871.80 manat ödəniş etmiş, qalıq borcu 1508.26 manat qalmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, həmin tarixə tərəflər arasında borc məbləği 1980.18 manat olmuşdur. Həmin andan sonra cavabdeh tərəfindən 472.54 manat ödəniş olunmuşdur (ödənişlər əlavə edilir). Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli S-026 nömrəli malların təchizatı müqaviləsinin: 2.1. Bu müqaviləyə əsasən təchizatçı özünün idxal etdiyi müxtəlif növ malları alıcını təchiz etməklə onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində bu müqavilə və ona əlavələr və qoşmalarla müəyyənləşdirilmiş qaydada və miqdarda pul məbləğini təchizatçıya ödəməyi və öz adından həmin məhsulları yalnız ona təhvil verilən marketdə pərakəndə satışını həyata keçirməyi öhdəsinə götürür. 5.3. Məhsul dəyərinin ödənilməsi təchizatçı tərəfindən göndərmə vaxtı mövcud olan qiymətlə məhsulu aldıqdan 30 gün müddətində həyata keçirilir. 5.6. Alıcı, borcu haqda məlumat aldıqda yaranan borcu bu məlumatı borcu aldığı gündən etibarən 10 gün ərzində ödəməli və ya yazılı şəkildə əsaslandırılmış cavab təqdim etməlidir. 7.2. Alıcı bu müqaviləyə əsasən qaimə üzrə aldığı məhsulların dəyərini həmin məhsulları nağd satış qaydasında aldıqda dərhal, nisyə (taksit) satış qaydasında aldıqda isə nisyə verilmə müddətini limitini keçməmək şərtilə, ona verilmiş müddət bitdikdə təchizatçıya ödənilməsini təmin etməlidir. 10.1. Bu müqavilə imzalandığı tarixdən həmin təqvim ilinin sonuna qədər qüvvədədir. Müqavilənin müddəti başa çatana 1 ay qalmış tərəflər müqavilə müddətinin uzadılması barədə bir-birini məlumatlandırırlar. Bu halda, müqavilə növbəti təqvim ilinin sonuna qədər uzadılmış hesab edilir. Bundan başqa, müqavilənin müddəti bitdikdən sonra təqvim ilində alıcı tərəfindən verilmiş sifariş təchizatçı tərəfindən icra edildikdə, müqavilə növbəti təqvim ilinin sonunadək uzadılmış hesab edilir. İşdə olan xx.xx.2024-cü il tarixli EBDW seriyalı 667515 nömrəli (1042 manat) və 667513 nömrəli (1337.44 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh2 verilmiş məhsullar barədə qaimə tərtib edilərək elektron qaydada göndərilmişdir. xx.xx.2024-cü il tarixli Qarşılıqlı üzləşmə aktından göründüyü kimi Dəniz marketi təmsil edən Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil edən bölgə müdiri Əliyev E.E. arasında bağlanmış, satıcının alıcıya təhvil verdiyi məhsullara görə alıcının satıcıya xx.xx.2024-cü il tarixinə 1980.18 manat borcu olduğu müəyyənləşdirilmiş və həmin aktın doğruluğu tərəflərin imzaları ilə təsdiqlənmişdir. xx.xx.2025-ci il tarixli 000İPX1250372EDF nömrəli (100 manat), xx.xx.2025-ci il tarixli 000İPX1250594CC1 nömrəli (101.69 manat), xx.xx.2025-ci il tarixli 000İPX125094609A nömrəli (100 manat) ödəniş tapşırıqlarından göründüyü kimi Cavabdeh2 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 152.54 manat və 18.31 manat olmaqla, ümumilikdə 170.85 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Cavabdeh2 (yoldaşına) poçt vasitəsilə ünvanı üzrə çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara malların təchizatı müqaviləsi, elektron qaimə-fakturalar, akt, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixli S-026 nömrəli malların təchizatı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və onun 1508.26 manat ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 2379.44 manat məbləğində məhsul verilmiş və xx.xx.2024-cü il tarixli Qarşılıqlı üzləşmə aktı ilə cavabdehin 1980.18 manat borcu olduğu, həmin aktın doğruluğu isə tərəflərin imzaları ilə təsdiqlənmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları (301.69 manat) və çıxarışdan (170.85 manat) görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək cəmi 472.54 manat ödəniş edilmişdir. Məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaimələrə münasibətdə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni qarşılıqlı üzləşmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli üzləşmə aktından göründüyü kimi həmin tarixə cavabdehin 1980.18 manat məbləğində borcu qalmış, bundan sonra təqdim edilmiş ödəniş tapşırıqları və çıxarışdan göründüyü kimi 2025-ci ilin fevral ayından aprel ayına kimi həmin borcdan 472.54 manat ödəniş edilmiş və cavabdehin 1507.64 manat borcu qalmışdır. Belə ki, iddiaçı üzləşmə aktı bağlandıqdan sonra cavabdeh tərəfindən 472.54 manat ödəniş edildiyini bildirmiş və bununla bağlı ödəniş sənədləri təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı 1507.64 manat məbləğində borc tələb etməkdə haqlıdır. Cavabdeh tərəf məhkəmə bildirişini qəbul etsə də, iddia tələbinə etiraz və ya mülahizəsini məhkəməyə təqdim etməmiş, hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə cavabdeh tərəfin susqunluğunu, iddia tələbinin haqlı olmasını həmçinin işin faktiki halları baxımından əsaslı qəbul etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qeyd olunanlara əsasən, yekun olaraq 1507.64 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq 35.09 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə 35.08 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1507.64 manat əsas borc və 35.08 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar