Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-799/2025 11.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 2085-GL/16 nömrəli müqavilə üzrə 1588,68 manat qalıq borc, 2518.69 manat cərimə borcu olmaqla, cəmi 4107,37 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli 2085-GL/16 nömrəli müqavilə üzrə 1588,68 manat qalıq borc, 2518.69 manat cərimə borcu olmaqla, cəmi 4107,37 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2013-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, 29 000 manat dəyərində olan Traktor MTZ-89.2 markalı, 2 600 manat dəyərində olan Kotan AG-14-4 markalı və 389.40 manat dəyərində olan GPS Terminal Fort-300 markalı texnikalar saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin Gəncə Rayonlararası Təchizat Bazasının müdiri X3 tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə aktdan görünür ki, 2500 manat dəyərində olan Rotorlu otbiçən RM2-165 markalı, 880 manat dəyərində olan ot dırmığı DOT-40 markalı texnikalar saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin Şirvan Rayonlararası Təchizat Bazasının müdiri X2 tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli 4459/ü nömrəli texnikaların yenidən lizinqə verilməsi barədə əmrindən görünür ki, xx.xx.2013-cü il, xx.xx.2014-cü il tarixli müqavilə və əmrlərinə xitam verilməsi, xx.xx.2016-cı il tarixli 2085-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən kənd təsərrüfartı texnikalarına güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilməsi əmr edilmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2085- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 12 488 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2016-cı il tarixli 2085-GL/16 nömrəli müqavilə məbləğindən 10 899,32 manat ödəniş etmiş, ödənilməmiş 1588,68 manat əsas borcu qalmış, həmin məbləğə 2518.69 manat cərimə borcu hesablanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçı müqavilə üzrə 1588,68 manat qalıq borc və müvafiq olaraq 2518.69 manat cərimə borcu hesablamışdır. Cavabdeh X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasından sonra agentliyə getmiş, onlara borcu ödədiyini bildirmiş və qəbzi göstərmişdir. Ərizəni geri götürmələrini xahiş etmiş, lakin onlar bildirdi ki, bu məsələni məhkəmə həll edir. Borcunu ödəyib və məhkəmədən cərimə borcunun silinməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı, aktlar, əmrlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2085-GL/16 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq 1588,68 manat qalıq borcun tələb edilməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən müqavil üzrə ödənilməmiş 1588,68 manat borcu qalmışdır. İddia tələbinin “2518.69 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında müqavilə üzrə müəyyən münasibətlər yaranmış, hər iki tərəf müqaviləyə uyğun olaraq öz üzərlərinə müvafiq öhdəliklər götürmüş, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə ödənişi razılaşdırılmış müddətdə ödəməmiş, bu isə iddiaçıya müəyyən məbləğdə zərər dəymə ehtimalını təsdiqləyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 5%-i həcmində, yəni 79.43 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı tərəf cavabdeh Cavabdeh müqavilə üzrə 1588,68 manat qalıq borc və 79.43 manat gecikdirilmiş borca münasibətdə hesablanmış cərimə borcunun tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edildiyi məbləğə uyğun ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 2085-GL/16 nömrəli müqavilə üzrə 1588,68 manat qalıq borc və ona hesablanmış 79.43 manat cərimə borcu tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov