Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-8/2020 04.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “19830 manat əsas borc, 26250,42 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 46110,42 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 637-L/11 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh dəyəri 22700 manat olan kənd təsərrüfatı texnikasını (özüyeriyən otbiçən) lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən 600 manat məbləğində ödəniş edilmiş, qalan 22100 manat məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun müqavilə üzrə ödənilməmiş borcu qalmışdır ki, iddiaçı həmin məbləğə cərimə hesablamışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşdə olan Cavabdeh, Ağzıbir kənd icra nümayəndəsi, Pirəzə bələdiyyəsinin sədri, Ağzıbir kənd icra nümayəndəsinin müavini və 4 nəfər Ağzıbir kənd sakinlərinin iştirakı ilə tərtib və imzalarla təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh verilmiş bir ədəd özüyeriyən otbiçən texnikası 1 il işlədikdən sonra texnika istismara yaramamış və işlək vəziyyətdə olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş, ümumi dəyəri 22700 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına 600 manat ilkin ödəniş etmiş, qalan məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Dəfərlərlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər edilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ASC-dən lizinqə otbiçən götürmüşdür. Texnikanı götürən vaxt işlənmiş idi, bir ildən sonra texnika yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən ödəniş edə bilməmişdir. Həmin vaxtdan dəfələrlə İddiaçı ASC-yə texnikanın yararsız olması barədə məlumat vermiş, lakin sonuncu tərəfindən heç bir hərəkət olunmamışdır. Ödəniş etməyə imkanı yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafiki, əmr, akt və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 637-L/11 nömrəli lizinq müqaviləsinə əsasən borclu Cavabdeh dəyəri 22700 manat olan kənd təsərrüfatı texnikasını (özüyeriyən otbiçən) lizinqə götürmüş, müqaviləyə uyğun 600 manat məbləğində ödəniş edilmiş, qalan 22100 manat məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, Cavabdeh verilmiş bir ədəd özüyeriyən otbiçən texnikası 1 il işlədikdən sonra texnika istismara yaramamış və işlək vəziyyətdə olmamışdır. İddiaçı ASC isə lizinq haqqının ödənilmədiyini bilsə də hər hansı tədbir görməmiş və tərəflər arasında bağlanmış müqavilənin 2.1.9-cu bəndinə uyğun hərəkətləri yerinə yetirməmişdir. Müqavilənin 2.1.9-cu bəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfə aparmadıqda lizinq verən müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər hər ikisi üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyindən və cavabdehə lizinqə verilmiş texnika yalnız 1 il müddətində işlək vəziyyətdə olduğundan ödəniş qrafikinə uyğun 2011-ci ilin 2-ci rübü üzrə ödəniləcək 1670 manat əsas borc cavabdehdən tutularaq ödənilməli, qalan hissədə isə iddia rədd edilməlidir. Belə ki, müqavilənin şərtlərinə əsasən iddiaçı 2011-ci ilin 2-ci rübü üzrə ödənilməli olan məbləğin ödənilmədiyini bildyi andan məhkəməyə müraciət etməli idi. İddiaçı bunu etməmiş və nəticədə borcun yaranmasına şüurlu surətdə yol vermişdir. Ötən müddət ərzində tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə əməl edilməməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbir görülməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə qismən təmin edilərək iddiaçıdan 2011-ci ilin 2-ci rübü üzrə ödəniləcək 1670 manat əsas borc cavabdehdən tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə 26250,42 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.1.9-cu bəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfə aparmadıqda lizinq verən müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-5.5-ci bəndləri isə müqavilə şərtlərinin pozulması nəticəsində yazılı xəbərdarlıq edilməsini, lizinq obyektinin geri qaytarılmasını, ödənilmiş pulun saxlanılmasını, dəymiş zərərin tələb edilməsini, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafik üzrə ödənişin bir dəfə aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 26250,42 manat deyil, əsas borca uyğun olaraq 10 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 1,09 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 28,91 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1670 manat əsas borc, 10 manat cərimə borcu və 1,09 manat dövlət rüsumu olmaqla ümumilikdə 1681,09 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 28,91 manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-8/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-8/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver