Məhkəmə qərarları › İş №e-2-2(117)-8/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-8/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-8/2021 17.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “132508,71 manat borcun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Təchizatçı İddiaçı MMC ilə diler Cavabdeh arasında bağlanmış 10.01.2018, 08.01.2019 və 05.01.2020-ci il tarixli ötürülən malların satışı haqqında müqaviləyə əsasən təchizatçı sifarişçinin sifarişinə uyğun olaraq qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq Əlavə 1-də nəzərdə tutulan diri halda iri buynuzlu və xırda buynuzlu heyvan və xam süd məhsulunu dilerə satmağı, diler isə təchizatçının qiymətləri ilə malların pərakəndə şəbəkədə satışını öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ödənilməmiş 144381,51 manat borcu qalmışdır. Cavabdehin 144381,51 manat borcunun olması elektron qaimələr, aktlar və vergi bəyənnamələri ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən ödəniş edilmiş, bu səbəbdən iddiaçı 21.10.2021-ci il tarixdə idddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 132508,71 manat borcun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmiş və 21.10.2021-ci il tarixli məhkəmə iclasının protokol qərarı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Eyni zamanda cavabdehin 132508,71 manat borcunun olması 25.09.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş və cavabdehin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də öz təsdiqini tapır. Lakin cavabdeh bunu qəbul etməyərək üzləşmə aktını onun əvəzindən mühasibi işləmiş Tural adlı şəxs tərəfindən imzalandığını iddia edərək borcu mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 yanvar 2020-ci il tarixli ötürülən malların satışı-alışı haqqında müqaviləyə və əvvəlki müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh (“Diler” qismində) iri buynuzlu və xırda buynuzlu və xam süd məhsullarının satışını sifarişçinin sifarişinə uyğun olaraq həyata keçirməli, qarşı tərəf isə bunun müqabilində əldə etdikləri məhsulun dəyərini ödəmək öhdəliyi götürmüşdür. Bu günədək qeyd olunan müqavilələr üzrə Cavabdeh öhdəliyini qismən yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC 01 yanvar 2018-ci il tarixdən 31.03.2020-ci il tarixədək Cavabdeh yuxarıda qeyd olunmuş müqavilələrin şərtlərinə əsasən xam süd məhsulları və diri çəkidə iri buynuzlu heyvan məhsulları göndərmiş və Cavabdeh İddiaçı MMC-yə həmin məhsulların satışından 172213,31 manat debitor borcu əmələ gəlmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bildiriş (pretenziya) göndərilmişdir. Bildirişin təqdim edildiyi dövrdən iddia ərizəsinin qaldırıldığı dövrədək qarşı tərəf ümumi borc məbləğindən bir qədər ödəmişdir. Cavabdeh 05 yanvar 2020-ci il tarixli və bu tarixdən əvvəl bağlanmış “xam süd və diri çəkidə iri buynuzlu heyvan məhsullarının satışı-alışı haqqında” müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmiş və hazırda da müqavilə öhdəliklərini birtərəfli qaydada yerinə yetirməkdən imtina edir. Cavabdeh müqavilə şərtlərini pozması və müqavilə öhdəliklərindən imtina etməsi cəmiyyətin hüquqlarını pozur, onları ağır vəziyyətə salır və ciddi maddi ziyan vurur. Ona görə də Cavabdeh müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və yaranmış debitor borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı kredit borcu tələbinə və əmlaklara yönəldilməsi tələbinə dair müraciət etmişdir. İddiaçı MMC-nin ona qarşı olan tələbindən narazıdır və iddianı qəbul etmir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “Ötürülən malların satışı-alışı haqqında” müqaviləyə əsasən o (“Diler” qismində) iri buynuzlu və xırda buynuzlu və xam süd məhsullarının satışını həyata keçirmək və bunun müqabilində əldə olunan məhsulun dəyərini ödəmək öhdəliyini götürmüşdür. Həmin müqaviləyə əsasən o iddiaçıdan mal almaqla onların satışını həyata keçirdirdi. Hazırda iddiaçı tərəfindən qeyd olunan məbləğ, yəni borc mövcud deyildir. Onun iddiaçı cəmiyyətə ödədiyi ödənişlər nəzərdən keçirilərsə onun borcunun olmaması görünər. İddiaçı bir neçə dəfə üzləşmə aktlarını onun mühasib işlərini görmüş Tural Nəsurullayevə imza etdirməklə borc məbləğini şişirtmişdir. İddia verildikdən sonra borcunun bu qədər olmadığından şübhələnərək bank hesabından çıxarış almış və ona 20.10.2020-ci il tarixdə məlum olmuşdur ki, onun ümumiyyətlə iddiaçıya borcu yoxdur, iddiaçının ona borcu vardır. Onun mühasib işlərini görən Tural bütün işlərlə məşğul olduğundan və onun hesab və ödənişlərlə heç bir əlaqəsi olmadığından bunu bilməmişdir. Lakin sonradan mühasib tərəfindən hesablama aparıldıqdan sonra bilmişdir ki, iddiaçıya artıq ödəmələri var. Təkcə 2020-ci il yanvarın 1dən sentyabr ayının 28-nə kimi Aqro Kompleksə 135.814 (yüz otuz beş min səkkiz yüz on dörd) manat pul vəsaiti ödəmişdir. İddiaçı ümumiyyətlə məhkəməyə yalnız üzləşmə aktlarını təqdim etmişdir. İddiaçı tərəfindən sifarişlər və Sifarişlər əsasında ona təqdim edilmiş malların sənədləri təqdim edilərsə görünərki, onun borcu yoxdur. Hazırda fermasında yüzlərlə mal-qara mövcud deyildir. Yuxarıda qeyd olunan məbləğ təkcə 2020ci il ərzində ödənilmişdir. 2019-cu ilin cari ilində 407.874 (dörd yüz yeddi min səkkiz yüz yetmiş dörd) manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Bu qədər dövriyyəsi olan sahibkar necə olur ki, borclu qalır. Hesab edir ki, iddiaçı məhkəməyə borcu təsdiqləyən kifayət qədər sübutlar təqdim etmədiyindən iddia təmin olunmamalıdır. İddiaçının təqdim etdiyi üzləşmə aktından görünür ki, üzləşmə aktına o imza etməmişdir, imza Turala məxsusdur. Qaimələr və malların alınmasına və təhvil verilməsinə dair sənədlər məhkəməyə təqdim olunarsa məhkəmə tərəfindən məhkəmə muhasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. İşin məhkəmə araşdırması zamanı 2018, 2019 və 2020-ci illərdə İddiaçı MMC tərəfindən Cavabdeh ilə bağlı təqdim edilmiş (elektron qaydada imzalanmış və Cavabdeh tərəfindən şəxsən, sistem vasitəsilə qəbul edilmiş) bütün elektron qaimələr, həmin illərdə Cavabdeh tərəfindən malların satışı ilə əlaqədar təqdim edilmiş elektron qaimələr, Cavabdeh tərəfindən bəyan edilən vergi, vergi orqanı tərəfindən aparılan yoxlama zaman hesablanan vergi məbləğləri barədə məlumatlar məhkəmənin sorğusuna əsasən 10 saylı ƏVİ tərəfindən təqdim edilmişdir. Tərəflərin təqdim etdiyi sənədlər, bank hesablarından çıxarışlar və vergi orqanı tərəfindən təqdim edilmiş sənədlər əsasında ekspert rəyi verilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 9/1970 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, alqısatqı aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2018-ci ildə 12710,23 manat dəyərində, 2019-cu ildə 607281,60 manat dəyərində və 2020-ci ildə 76060,81 manat olmaqla ümumilikdə 696052,64 manat dəyərində məhsul satılmışdır. Cavabdeh AFB Bankda 16.05.2017-ci ildə açılmış ***-*******-1 nömrəli hesabından İddiaçı MMC-nin hesabına 01.01.2019-31.12.2019-cu il tarix aralıqlarında 421874 manat, 01.01.2020- 28.09.2020-ci il tarix aralıqlarında 136014 manat pul vəsaiti ödənilmişdir. Eyni zamanda 2021-ci ilin yanvar ayında ödənilmiş 2434 manat və 2019-cu ilin noyabr ayında nağd ödənildiyi qeyd olunan 5655,93 manat (ödəniş qəbzi və başqa sübut yoxdur) nəzərə alınacağı təqdirdə ümumilikdə 565977,93 manat ödəniş edilmiş və nəticədə 130074,71 manat (696052,64-565977,93) ödənilməmiş borc qalmışdır. Cavabdeh 16.06.2021-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək süd məhsulları ilə bağlı aktların hamısında, ümumiyyətlərdə aktlardakı imzanın ona məxsus olmadığını bildirmiş və məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmiş, 17.06.2021-ci il tarixli məhkəmə iclasının protokol qərarı ilə vəsatət rədd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirdi ki, ekspert rəyi ilə razıdırlar. Demək olar rəqəmlər eyni rəqəmlərdir. 2020-ci ilin oktyabr ayında onlar tələbin azaldıması barədə ərizə vermişlər. Azalmadan sonra da 2434 manat ödəniş olmuşur. 130074 manat 71 qəpik borc qalır. İddianı müdafiə edir. Tərəflər arasında bağlanan müqavilə şərtlərinə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə müqavilə şərtlərinə əməl etməmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyildir. İddiaçı ilə 2018-ci ildən işləyir. Onun İddiaçınə heç bir borcu yoxdur. Artıq ödəməsi vardır. Ona 105 000 manatlıq borc yazıblar ki, güya 12 baş heyvan almışdır. O, isə aldığı 12 baş heyvanın pulunu nəğd şəkildə kassaya ödəniş etmiş, lakin qəbz götürməmişdir. Aktları da var. Təqdim olunmuş qaimə və təhvil təslim aktlarında olan imzalarında bəziləri mənə məxsus deyil. 74 000 manatlıq süd məhsullarına aid qaimələri də qəbul etmirəm. Mən onlardan o məbləğdə süd almamışam. Aldığım südün pulunu nəğd ödəmişəm. Köçürməni yalnız heyvan satışında edirdilər. Süt satışında etməmişdir. 105 000 manat dəyərində pulun ödənməsi barədə onlardan qəbz almadığından, ona görə də məhkəməyə təqdim edə bilmir. 2434 manat pul ona məxsus pul olmamışdır. Həmin pul Mila şirkəti tərəfindən Aqrokompleksə ödənilməli olan pul olmuşdur. Mila şirkəti ona ödəmişdir və o, da onların pulunu onlara göndərmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilələr, Elektron qaimələr, aktlar, Bank hesabından çıxarışlar, Vergi orqanı tərəfindən təqdim edilmiş bəyənnamələr və digər məlumatlar, Ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, təchizatçı İddiaçı MMC ilə diler Cavabdeh arasında bağlanmış 05.01.2020-ci il tarixli ötürülən malların satışı haqqında müqaviləyə əsasən təchizatçı sifarişçinin sifarişinə uyğun olaraq qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq Əlavə 1-də nəzərdə tutulan diri halda iri buynuzlu və xırda buynuzlu heyvan və xam süd məhsulunu dilerə satmağı, diler isə təchizatçının qiymətləri ilə malların pərakəndə şəbəkədə satışını öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə ödənilməmiş 132508,71 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib və təsdiq edilmiş 25.09.2020-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Buna baxmayaraq cavabdeh üzləşmə aktına etiraz etdiyindən, aktın onun deyil, mühasibi kimi işləyən Tural tərəfindən imzalandığını bildirdiyindən və borc məbləğini mübahisələndirdiyindən məhkəmə araşdırması ilə 2018, 2019 və 2020-ci illərdə İddiaçı MMC tərəfindən Cavabdeh ilə bağlı təqdim edilmiş (elektron qaydada imzalanmış və Cavabdeh tərəfindən şəxsən, sistem vasitəsilə qəbul edilmiş) bütün elektron qaimələr, həmin illərdə Cavabdeh tərəfindən malların satışı ilə əlaqədar təqdim edilmiş elektron qaimələr, Cavabdeh tərəfindən tərəfindən bəyan edilən vergi, vergi orqanı tərəfindən aparılan yoxlama zaman hesablanan vergi məbləğləri barədə məlumatlar 10 saylı ƏVİ-dən alınmış və tərəflərin təqdim etdiyi sənədlər, bank hesablarından çıxarışlar və vergi orqanı tərəfindən təqdim edilmiş məlumatlar əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.04.2021-ci il tarixli 9/1970 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, alqı-satqı aktlarına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 2018-ci ildə 12710,23 manat dəyərində, 2019-cu ildə 607281,60 manat dəyərində və 2020-ci ildə 76060,81 manat olmaqla ümumilikdə 696052,64 manat dəyərində məhsul satılmışdır. Cavabdeh AFB Bankda 16.05.2017-ci ildə açılmış ***- *******-1 nömrəli hesabından İddiaçı MMC-nin hesabına 01.01.2019-31.12.2019-cu il tarix aralıqlarında 421874 manat, 01.01.2020-28.09.2020-ci il tarix aralıqlarında 136014 manat pul vəsaiti ödənilmişdir. Eyni zamanda 2021-ci ilin yanvar ayında ödənilmiş 2434 manat və 2019-cu ilin noyabr ayında nağd ödənildiyi qeyd olunan 5655,93 manat (ödəniş qəbzi və başqa sübut yoxdur) nəzərə alınacağı təqdirdə ümumilikdə 565977,93 manat ödəniş edilmiş və nəticədə 130074,71 manat (696052,64-565977,93) ödənilməmiş borc qalmışdır. Cavabdeh məhkəmə iclasında 2434 manat pulun ona məxsus olmadığını, həmin pulun Mila şirkəti tərəfindən Aqrokompleksə ödənilməli olan pul olduğunu və Mila şirkəti tərəfindən ona ödənilmiş pulu iddiaçı tərəfə göndərdiyini bildirmişdir. Göründüyü kimi, ekspert rəyində araşdırılması məhkəmənin səlahiyyətinə buraxılmış 2434 manat pul vəsaiti cavabdeh tərəfindən borcunun əvəzi kimi iddiaçıya ödənilən pul məbləği deyildir. Ekspert tərəfindən müəyyən edilmiş 130074,71 manat borc və cavabdehə aid olmayan 2434 manat cəmləndikdə cavabdehin iddiaçıya olan borcunun məbləği 132508,71 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan 132508,71 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə cavabdehin aktlardakı imzaların ona məxsus olmaması və bu səbəbdən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətinə münasibətdə onu qeyd edir ki, qeyd olunan aktlardakı imzalar cavabdeh tərəfindən icra edilmədiyi nəzərə alınsa belə mübahisə predmeti olan 132508,71 manat borc ekspert rəyi ilə öz təsdiqini tapır. Hansı ki, ekspert rəyi təsviri hissəsindən göründüyü kimi, ekspertiza tədqiqatı yalnız cavabdehin mübahisələndirdiyi aktlar əsasında deyil, elektron qaimələr, bank hesablarından çıxarış və digər vergi məlumatlarına əsasən aparılmışdır. Cavabdehin borcu eyni zamanda vergi orqanlarından alınmış məlumatlar əsasında təsdiqini tapdığından və bunun məhkəmə araşdırmasının lüzüksuz uzadılmasına yönəlməsi kimi dəyərləndirildiyindən cavabdehin məhkəmə-xəttşünaslıq ekspertizasının aparılmasına dair vəsatəti rədd olunmuşdur. Belə ki, sonuncunun məhkəmə araşdırması dövründə məhkəmə icraatından yayınması, qarşılıqlı üzləşmə aktlarının nümayəndəsi olan mühasibi tərəfindən imzalanıb cavabdehin möhürü ilə təsdiqlənməsi, üzləşmə aktlarının təsdiqlənməsindən sonra cavabdeh tərəfindən ödənişlərin edilməsi və sonda üzləşmə aktlarının onun tərəfindən mübahisələndirməsi bu nəticəyə gəlməyə əsas olmuşdur. Beləliklə mübahisənin yuxarıda şərh olunan hallarına, yəni tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətlərinin olmasına, iddiaçı tərəfindən öhdəliklərini yerinə yetirməsinə, cavabdehin öz öhdəliklərini yerinə yetirilməməsinə dair vergi orqanlarının məlumatları, elektron qaimələr, cavabdehin bank hesablarından çıxarışlar, habelə ekspertiza rəyinə əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehin iddiaçıya ödənilməmiş 132508,71 manat məbləğində borcu vardır. Bu səbəbdən də iddia tələbi təmin edilməli və cavabdehdən iddia olunan borc məbləği alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh 105000 manat dəyərində 12 baş iri buynuzlu heyvanların və 74000 manat dəyərində süd məhsullarının dəyərini nəğd şəkildə iddiaçıya ödədiyini iddia etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və bu halın həqiqətə uyğun olduğunu sübut edə bilməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödədiyi 30 manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 132508,71 manat pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar