Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-826/2024 03.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı “4899,83 manat əsas borc, 870,42 manat cərimə borcu və 78 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli MMX-30/23 nömrəli mallar üzrə satınalma müqaviləsinə əsasən icraçı İddiaçı MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların təhvil verilməsini, sifarişçi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifariçinin qiymət təklifində göstərilmiş tibb ləvazimatlarının satın alınması üçün icraçının ƏDV daxil 4899,83 manat məbləğində təklifini qəbul etmişdir. 20.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Müqavilənin xüsusi şərtlərinin 16-cı bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı 20 gün möhlət verir. Bu tarixdən sonra gecikdirilən hər gün üçün gecikdirilmiş borcun 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edilə bilər. Sifarişçi tərəfindən 30 bank günü keçdikdə icraçı müvafiq qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Tərəflər arasında bağlanmış satınalma müqaviləsi əsasında malların təhvil verilməsi barədə 1 nömrəli akt tərtib edilmiş və həmin akt üzrə dəyəri 4899,83 manat məbləğində müxtəlif adda mal cavabdehə təhvil vermişdir. xx.xx.2023-cü il tarixli tərəflər arasındakı müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, 3 yollu musluğun 1150 ədədinin dəyəri 345 manat, 4 rulon 1000 m tənzif (cuna) dəyəri 1060 manat, 1200 ədəd aspirasiya seti (yankuer) 1980 manat, 18 ədəd KTQ lenti 112x100x150 dəyəri 171 manat, X1 7fr 20 sm 3 Lumen 300 manat, 38 ədəd clips titanium ML №6 dəyəri 296,40 manat razılaşdırılmış və həmin mallara 747,432 manat 18 % ƏDV hesablanmışdır. xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 4899,83 manat məbləğində mallar cavabdehə verilmiş və bunu tərəflər imza və möhüləri ilə təsdiqləmişlər. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 4899,83 manat borcu qalmış və müqavilənin xüsusi şərtlərinə əsasən iddiaçı tərəfindən həmin məbləğə 870,42 manat cərimə borcu hesablanmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetində yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə 1 nömrəli əlavə, Maliyyə arayışı, Akt, Elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 600- cü maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC ilə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli MMX-30/23 nömrəli mallar üzrə satınalma müqaviləsinə əsasən icraçı İddiaçı MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların təhvil verilməsini, sifarişçi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli tərəflər arasındakı müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, 3 yollu musluğun 1150 ədədinin dəyəri 345 manat, 4 rulon 1000 m tənzif (cuna) dəyəri 1060 manat, 1200 ədəd aspirasiya seti (yankuer) 1980 manat, 18 ədəd KTQ lenti 112x100x150 dəyəri 171 manat, X1 7fr 20 sm 3 Lumen 300 manat, 38 ədəd clips titanium ML №6 dəyəri 296,40 manat razılaşdırılmış və həmin mallara 747,432 manat 18 % ƏDV hesablanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək tərəflər arasında bağlanmış satınalma müqaviləsi əsasında malların təhvil verilməsi barədə tərtib edilmiş 1 nömrəli akt üzrə dəyəri 4899,83 manat məbləğində müxtəlif adda malları cavabdehə vermiş, lakin sonuncu üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə 4899,83 manat borcu yaranmışdır. Bu hal təhvil aktı və elektron qaimə ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimədən göründüyü kimi 4899,83 manat məbləğində mallar cavabdehə verilmiş və bunu tərəflər imza və möhüləri ilə təsdiqləmişlər. Göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixli elektron qaiməni imzalamaqla və möhür vurmaqla malları qəbul etdiyini etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdeh də borcunu qəbul etdiyindən 4899,83 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə 870,42 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 16-cı bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı 20 gün möhlət verir. Bu tarixdən sonra gecikdirilən hər gün üçün gecikdirilmiş borcun 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq edilə bilər. Cavabdeh aldığı malların dəyərini ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 870,42 manat deyil, əsas borcun 5 faizi həddində 244 manat cərimə tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsas iddia tələbi 4899,83 manat əsas və 244 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 77,7 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də əsas borc məbləği əsasən dəyişmədiyindən 77,7 manat dövlət rüsumu cavabdehdən tutulmalıdr. İddiaçı 78 manat dövlət rüsumu ödəmiş və bunu cavabdehdən tələb etmiş olsa da, iddianın qiymətinə uyğun olaraq hesablanmış 77,7 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,30 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsindən 4899,83 manat əsas borc, 244 manat cərimə borcu və 77,7 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 0,30 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada şikayət verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-826/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-826/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver