Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-829/2024 04.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdehdən 24968.52 manat məbləğində pul vəsaitininin və dövlət rüsumu kimi ödənilmiş 165 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğısatqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan malları (müyvə şirələri və spirtli içkilər) bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində malların dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə görə bu müqavilə bir il müddətinə bağlanılır və imzalandığı andan etibarən qüvvəyə minir. Tərəflərdən hər hansı biri 15 gün əvvəlcədən digər tərəfə rəsmi xəbər verməklə müqaviləyə xitam verə bilər. 7.3cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin sonuna 10 gün qalanadək tərəflərdən heç biri müqaviləyə xitam verildiyini digər tərəfə rəsmi bildirmədiyi təqdirdə müqavilə eyni müddətə uzadılmış hesab olunur. 7.4-cü bəndinə əsasən müqavilə müddətinin bitməsi tərəflərin müqavilə şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyətdən azad etmir. Tərəflər arasında borca dair xx.xx.2019-cu il tarixdə qarşılıqlı üzləşmə aparılmış, bu hal aktla rəsmiləşdirilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya təqdim etidiyi izahatında mağazada 3-cü dəfə sayım keçirilərkən 24968,52 manat məbləğində malın mağazada aşkarlanmadığını, tərəfindən mövcud sayımlarda saxtakarlığa yol verildiyini və yaranmış 24968,52 manata heç bir etirazı olmadığını və buna dair tam məsuliyyət götürdüyünü bildirmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən 24968.52 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilə üzrə cəmiyyət öhdəliyinin icrasını təmin etsə də, cavabdeh öhdəliyini tam təmin etməmiş və onun cəmi 24968.52 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixdə alıcının X1 özünün və AZGRANATA MMC-nin daxili təftiş mütəxəssisinin iştirakı ilə alıcıya satılan malların və onun tərəfindən şirkətə ödənilən vəsaitlərin auditi aparılmış və ümumillikdə 27077.52 manat kənarlaşma (fərq) aşkar olunmuşdur. Həmin məbləğdən 117 manat vergi borcu, 312 manat paket xərci və yerində 1680 manat ödəniş çıxılaraq alıcının 24968.52 manat qalıq borcu müəyyən edilmişdir. Bununla bağlı Üzləşmə Aktı tərtib edilərək hər iki Tərəf imzalamışdır. Bundan başqa alıcının həmin tarixdə borcun etiraf edilməsi barədə izahatı alınmışdır. Alıcı borcu qaytaracağını bildirsə də, bugündək borcun qaytarılması ilə bağlı hər hansı hərəkət etməmiş və ödənişi etməkdən yayınmışdır. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə algı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı öhdəliyini yerinə yetirərək malları cavabdehə təhvil versədə cavabdeh öhdəliyini yerinə yetirmədiyindən onun 24968.52 manat məbləğində borcu qalmışdır. Cavabdeh izahatında 24968.52 manat məbləğində borcunun olduğunu etiraf etmiş və tərəflər arasında üzləşmə aktı imzalanmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, üzləşmə aktı, cavabdehin izahatı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk olaraq məhkəmə tələbin xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddəsinə əsasən, əgər alıcı alğısatqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 399.3, 421, 423.1, 424.2). Məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı müqavilə bağlanmış və müqavilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinin 7.2-ci bəndinə görə bu müqavilə bir il müddətinə bağlanılır və imzalandığı andan etibarən qüvvəyə minir. Tərəflərdən hər hansı biri 15 gün əvvəlcədən digər tərəfə rəsmi xəbər verməklə müqaviləyə xitam verə bilər. 7.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin sonuna 10 gün qalanadək tərəflərdən heç biri müqaviləyə xitam verildiyini digər tərəfə rəsmi bildirmədiyi təqdirdə müqavilə eyni müddətə uzadılmış hesab olunur. 7.4-cü bəndinə əsasən müqavilə müddətinin bitməsi tərəflərin müqavilə şərtlərinin yerinə yetirilməsinə görə məsuliyyətdən azad etmir. Göründüyü kimi tərəflər müqaviləyə xitam verilməsi ilə bağlı iradə ifadələrini bildirməmiş və bu səbəbdən müqavilə eyni müddətə uzadılmaqda davam etmişdir. Hazırki mübahisə üzrə iddiaçı tərəfindən 24968.52 manat borcun 3 gün müddətində ödənilməsini, əks təqdirdə müqavilənin ləğvi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanmışdır ki, iddiaçı alğı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq sonuncu borcu ödəməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək 24968.52 manat məbləğində borcu ödəmədiyindən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilməlidir. Məhkəmə tələb olunan 24968.52 manat borc məbləğinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmeti olan malları (müyvə şirələri və spirtli içkilər) bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində malların dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında borca dair xx.xx.2019-cu il tarixdə qarşılıqlı üzləşmə aparılmış, bu hal aktla rəsmiləşdirilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıya təqdim etidiyi izahatında mağazada 3-cü dəfə sayım keçirilərkən 24968,52 manat məbləğində malın mağazada aşkarlanmadığını, tərəfindən mövcud sayımlarda saxtakarlığa yol verildiyini və yaranmış 24968,52 manata heç bir etirazı olmadığını və buna dair tam məsuliyyət götürdüyünü bildirmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı olan cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən 24968.52 manat ödənilməmiş borcu qalmışdır. Borcun mövcudluğu üzləşmə aktı və cavabdehin borcu qəbul etdiyinə dair izahatı ilə təsdiq olunur. Bu səbəbdən 24968.52 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 165 manat təşkil edir ki, iddiaçı həmin dövlət rüsumunu ödəmiş və iddiaçıdan tələb etdiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “xx.xx.2017-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh 24968.52 manat borc və 165 manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-829/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-829/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver