Məhkəmə qərarları › İş №e-2-2(117)-835/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-835/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-835/2025 13.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 813 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 609 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol verilərək əsas məbləğ üzrə borc 609 manat qeyd edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, “cavabdehdən iddiaçının xeyrinə 813 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi, üzləşmə aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1422 manat mal almışdır. Həmin məbləğin 0 (sıfır) manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 1422 manatı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 45 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 813 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə pretenziya məktubu da göndərilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci, 385.1-ci, 442-ci, 448.1-ci, 600.4-cü, 449cu, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 10-1.3-cü, 26.1-ci, 35.1-ci, 284-1-ci, 284-5-ci, 284-6-cı maddələri göstərilmişdir Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin: 1.1. Bu müqaviləyə əsasən satıcı alıcıya müqavilənin qüvvədə olduğu müddət ərzində dəyərinin bu müqavilənin 1.4-cü bəndində göstərilən müddət ərzində ödənilmsi şərti ilə malları nağd və ya nisyə satır. 1.2-ci bəndinə əsasən alıcı isə aldığı malların dəyərini bu müqavilənin 1.4. bəndində göstərilən müddət ərzində tam ödəməyi üzərinə öhdəlik götürür. 1.3. “Malların təhvil alınması” alıcı və ya alıcının məsul şəxsi ilə satıcı və ya satıcının əməkdaşları (bundan sonra tərəflər) arasında bağlanan qaimələr əsasında həyata keçiriləcək. 1.4. Alıcı qaimə üzrə malları təhvil aldıqdan 45 gün ərzində (ödəmə müddəti) onun dəyərini tam şəkildə ödəyir. 1.5. Malların verilməsi və qalıq borcun təyini tərəflər arasında müəyyən dövrdən bir imzalanan üzləşmə aktı əsasında həyata keçirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından Cavabdeh həmin tarixə İddiaçı MMC-yə 813 manat qalıq borcunun olduğu müəyyən edilir. Həmin aktın doğruluğu İddiaçı MMC-nin nümayəndələrinin və Cavabdeh imzaları ilə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Cavabdeh poçt vasitəsilə ünvanı üzrə çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və onun 813 manat ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından göründüyü kimi cavabdeh həmin tarixə İddiaçı MMC-yə 813 manat məbləğində borcunun olduğunu qəbul etmiş və öz imzası ilə bu aktın doğruluğunu təsdiqləmişdir. Belə ki, göründüyü kimi üzləşmə aktı ilə cavabdehin iddiaçıya 813 manat məbləğində ödənilməmiş borcunun qaldığı hər iki tərəfin imzaları ilə təsdiqləndiyindən, eyni zamanda məhkəmə bildirişi və sənədləri cavabdehə lazımi qaydada çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən hazırkı iş üzrə etiraz və ya qeyd edilən borcun əksini sübut edəcək hər hansısa dəlil məhkəməyə təqdim edilmədiyindən əlavə araşdırılma aparılmamışdır. Yekun olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qeyd olunanlara əsasən, 813 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 813 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar