Məhkəmə qərarları › İş №e-2-2(117)-846/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-846/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-846/2024 01.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 4358,14 manat əsas borc, 166,44 manat cərimə, həmçinin 65,24 manat məhkəmə rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 180 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəlində göstərilən malları alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun qiyməti bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan qaimə-fakuraya uyğun olaraq müəyyənləşdirilir. 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 7 gündən gec olmayaraq həyata keçirilir. 3.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktlar”ı tərtib edilə bilər. 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 % həcmində penya ödəməyi öhdəsinə götürmüşdür. Gecikdirmənin müddəti 30 gündən çox olduqda satıcı öhdəliklərin məcburi qaydada icrası və penyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Tərəflər arasında üzləşmə aktı tərtib edilərək imzalanmış və həmin üzləşmə aktına əsasən cavabdehin qalıq borcu 4478,88 manat təşkil etmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehə ümumilikdə 11366,09 manat mal verilmiş, sonuncu tərəfindən 7007,95 manat pul ödənilmiş, qalan məbləğ ödənilmədiyindən 4358,14 manat borc yaranmışdır. xx.xx.2024-cü il tarixə olan ödəniş sənədindən müəyyən olunur ki, cavabdeh tərəfindən 100 manat əsas borcdan ödəniş etmiş və qalıq əsas borc 4258,14 manat təşkil etmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC müxtəlif növdə tikinti materiallarının istehsalı və satışını həyata keçirməklə məşğuldur. Şirkət özünün istehsal və satış fəaliyyətini Bakı-Sumqayıt yolunun 17-ci km-də yerləşən ofisi və zavodu vasitəsi ilə həyata keçirilir. Satış təmsilçiləri məhsulları onun tərəfindən alınması barədə razılıq əldə edilmiş mağaza və ya digər satış nöqtələrinə təhvil verirlər. Həmin satış nöqtələrində mallar satıldıqca, onun pulu təhvil alınır və mütəmadi olaraq şirkətə münasibətdə alıcı qismində çıxış edən şəxslərin sifarişi əsasında onun dövriyyəsi və şirkət qarşısında qazandığı etimaddan asılı olaraq ona yeni partiyada mal və məhsullar təqdim edilir. İddiaçı MMC ilə borclu Cavabdeh arasında 26 iyul 2019-cu il tarixdə 180 nömrəli alqı-satqı müqaviləsi imzlanmışdır. Cavabdeh 26 iyul 2019-cu il tarixdən başlayaraq İddiaçı MMCdən tikinti materiallarının alışını və satışını həyata keçirməyə başlamışdır. 30 sentyabr 2023-cü il tarixdə cavabdehin şirkətə ödənilməmiş 4358,14 manat borcu qalmışdır. Cavabdeh sonuncu dəfə 30 sentyabr 2023-cü il tarixdə 300 manat ödəniş etmiş, dəfələrlə cavabdehə borcun tam ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin o, bu günə qədər borcunu tam olaraq ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, məhkəmə sənədlərinin xx.xx.2024cü il tarixində ünvanı üzrə şəxsən təqdim olunmasına baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Maliyyə arayışı, Ödəniş sənədi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 180 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət cədvəlində göstərilən malları alıcı Cavabdeh satmağı, sonuncu isə həmin malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehə ümumilikdə 11366,09 manat mal verilmiş, sonuncu tərəfindən 7007,95 manat pul ödənilmiş, qalan məbləğ ödənilmədiyindən 4358,14 manat borc yaranmışdır. Bu hal maliyyə arayışında və üzləşmə aktında öz əksini tapmışdır. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ödəniş qəbzi ilə iddiaçıya 100 manat pul ödənilmiş və qalıq əsas borc 4258,14 manat təşkil etmişdir. Bu barədə qəbzi iddiaçı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi iddiaçı 4358,14 manat əsas borcun ödənilməsini tələb etsə də, sonradan cavabdeh tərəfindən 100 manat ödəniş edilmişdir ki, bu səbəbdən edilmiş ödənişdən sonra cavabdehin borcu 4258,14 manat təşkil etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 4258,14 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 166,44 manat penyanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Hazırki iş üzrə tərəflər aralarında alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı tərəfindən gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,2 % həcmində penya ödənilməsi ilə bağlı razılığa gəlmişlər ki, əsas borcun qalıq məbləğinə münasibətdə cərimə borcu iddiaçı tərəfindən az hesablanmışdır. Əsas borcun 5 faizi həcminə götürdükdə cərimənin məbləği 217 manat təşkil edir ki, iddiaçının tələb etdiyi cərimənin məbləği əsas borcun 5 faizindən az, yəni 166,44 manat təşkil edir. Bu səbəbdən 166.44 manat penya cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4258,14 manat əsas borc və 166,44 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 65,25 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 65,25 manat dövlət rüsumunun 1,44 manatı iddiaçıdan, 63,81 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 65,24 manat dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən onun tərəfindən ödənilməli 1,44 manat dövlət rüsumu ödənilmiş 65.24 manat dövlət rüsumundan çıxılmaqla qalan 63,8 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4258,14 manat əsas borc, 166,44 manat penya, 63.8 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar