Məhkəmə qərarları › İş №e-2-2(117)-85/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-85/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-85/2025 15.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “2936.65 manat borcun və 60 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “3321.72 manat borcun və 60 manat məbləğində mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixində 001/19 nömrəli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq “2936.65 manat borcun və 60 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 63 saylı alğı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Kövər qəsəbəsində 4 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4555.23 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 65 manat məbləğində çöp doğrama, 162 manat məbləğində şum, 68 manat məbləğində şirvan malası, 68 manat məbləğində ağır diskli mala, 56 manat məbləğində mala çəkmə, 96 manat məbləğində çiyid səpini, 312 manat məbləğində kultivasiya, 80 manat məbləğində dərman səpini, 104 manat məbləğində su şırımı, 480 manat məbləğində pambığın maşınla yığımı, 760 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 185.21 manat məbləğində gübrə və dərman, 500.44 manat məbləğində lifsiz çiyid, 2018-ci il mövsümündən ödənilməmiş 1618.58 manat məbləğində borc nəzərə alınmaqla, 4555.23 manat məbləğində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da, 2018-ci ildən 1233.51 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 3321.72 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında 4 ha torpaq sahəsinə dair xx.xx.2019 -cu il tarixli 63 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Yevlax rayonu, Kövər kəndində yerləşən 4 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 8.2-cü bəndinə əsasən, bu müqavilə üzrə pambıq becərilməsi ilə bağlı fermerə verilən pul vəsaitinin başqa məqsədlərə yönəldilməsi halları müəyyən edildikdə fermer ona verilən borcun ümumi məbləğinin 20% həcmində cərimə ödəyir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 3321.72 manat borcu qalmışdır. İddiaçı tərəf müqavilə üzrə yaranmış öhdəliklərini yerinə yetirmiş olsa da, cavabdeh tərəf öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və həmin aktdan göründüyü kimi ümumilikdə 2936.65 manat məbləğində iş və xidmətlər yerinə yetirilmişdir. Bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, həmin arayışda nəzərdə tutulmuş işlər görülmüş və avans olaraq (becərmə, suvarma və əl yığımı) pul vəsaiti verilmişdir. Belə ki, arayışdan göründüyü kimi cavabdehin 2018-ci il üçün qalıq borcu 1618.58 manat, 2019-cu il üçün borcu 2936.65 manat olmaqla, ümumilikdə 4555.23 manat borcu mövcud olmuşdur. Eyni zamanda fermerin 2018-ci ildə təhvil verdiyi xam pambığın dəyərinin 1233.51 manat olduğu qeyd edilmişdir. Nəticədə isə fermerin təhvil verdiyi xam pambığın və nağd vəsaitin məbləği 0 manat olmaqla, qalıq borcunun 3321.72 manat təşkil etdiyi qeyd edimişdir. Şəki Kommersiya Məhkəməsi tərəfindən 08 yanvar 2025-ci il tarixində İddiaçı MMCyə e-2-2(117)-85/2025 nömrəli məktubla müraciət edilərək iddia ərizəsində qeyd edilən 2018-ci il üzrə yaranmış 1618,58 manat məbləğində borcu təsdiqləyən sənədlərin, həmçinin təhvil verilmiş pambığın dəyəri və həmin pamığın hansı borca silinməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsi və qeyd edilən hala münasibət bildirilməsi xahiş edilmişdir. İddiaçı MMC Şəki Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 001/19 nömrəli ərizədə bildirmişdir ki, iddia tələbində qeyd edilmiş 2018-ci il üzrə yaranmış 1618.58 manat məbləğində borc tələbi üzrə zəruri sübutların əlavə edilməsi ilə bağlı həmin il üzrə tələbin baxılmamış saxlanılması və geri qaytarılmasını, 2019-cu il üzrə yaranmış 2936.65 manat məbləğində borcun ödənilməsi barədə tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirilmişdir ki, borclu tərəfindən 1233.51 manat məbləğində təhvil verilmiş xam pambıq mühasibat sənədlərinə əsasən 2018-ci il təsərrüfat mövsümünə aid edilməklə həmin ilin borcunun ödənilməsinə hesablanmışdır. Məhkəmə tərəfindən iddiaçının qeyd edilən ərizəsi iddia tələbinin həcminin azaldılması olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı, xx.xx.2025-ci il tarixli 001/19 nömrəli ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, müqavilədən göründüyü kimi mahiyyət etibarı ilə tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə ilkin olaraq İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli 001/19 nömrəli iddia həcminin azaldılmasına münasibətdə qeyd edir ki, həmin ərizə nəzərə alınmalı və eyni zamanda 1233.51 manat məbləğində xam pambıq 2018-ci il mövsümü üçün təhvil verilməsini iddiaçı iddia edir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 4 ha torpaq sahəsinə dair xx.xx.2019 -cu il tarixli 63 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü Yevlax rayonu, Kövər kəndində yerləşən 4 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin “2936.65 manat məbləğində borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməli və 2936.65 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından göründüyü kimi Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və həmin aktdan göründüyü kimi ümumilikdə 2936.65 manat məbləğində iş və xidmətlər yerinə yetirilmişdir. Bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Göründüyü kimi cavabdehin xx.xx.2019-ci il tarixli 63 saylı alğı-satqı müqaviləsinə əsasən ümumilikdə 2936.65 manat məbləğində borcunun yaranmış olduğu öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh iddia tələbinə münasibətdə etirazını bildirməmiş, məhkəməyə iddia tələbində qeyd edilən borc məbləğinin əksini təsdiq edən hər hansısa bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 2936.65 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nə uyğun olaraq 60 manat mediasiya xərci iddiaçıya qaytarılmalıdır. Qanunvericiliyin tələbinə görə mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. İddia tələbi təminedildiyindən tələbə uyğun olaraq dövlət rüsumu 49,36 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2936.65 manat borc və 60 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdehdən 49,36 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar