Məhkəmə qərarları › İş №e-2-2(117)-9/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-9/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-9/2020 11.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “cavabdeh tərəfindən təhvil alınmış, avadanlığın texniki təsnifatında yer alan, dəyəri 1890 manat olan çuvallama tərəzəsinin pultunun cavabdehdən alınaraq İddiaçı ASC-yə təhvil verilməsi və ya pultun saz vəziyyətinə geri qaytarılması mümkün olmadığı təqdirdə dəyəri olan 1890 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 31-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 33600 manat, məhsuldarlığı 5000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlıq 6 il müddətinə lizinqə verilmişdir. Müqavilə əsasında lizinq obyektinin ödəniş qrafiki tərtib edilmiş və avadanlıq Qəbələ rayonu Nic kəndində quraşdırılaraq xx.xx.2012-ci il tarixdə cavabdehə təhvil verilmiş, tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş və “çuvallama tərəzəsinin pultu”nun cavabdehə təhvil verilməsi aktda öz əksini tapmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək avadanlığın dəyərini ödəmədiyindən İddiaçı ASC Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə qaytarılması və pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli 2-2(84)- 411/2016 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il tarixli 31-LA/12 nömrəli lizinq müqaviləsi ləğv edilmiş və həmin müqavilə üzrə məhsuldarlığı 5000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlıq və onun yerləşdiyi tikili (bina) kommunikasiyasının saz vəziyyətdə alınaraq İddiaçı ASC-yə qaytarılması qət edilmişdir. Qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(107)-7/2017 nömrəli qətnaməsi, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-2(102)-259/2018 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı ASC tərəfindən mübahisə predmeti olan məhsuldarlığı 5000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlıq “xxxx” MMC-yə lizinqə verilmiş və həmin avadanlıq xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilərək İddiaçı ASC, Cavabdeh MMC və “xxxx” MMC-nin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı tərtib edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Sözügedən aktdan görünür ki, 23-cü sırada adı qeyd olunmuş məhsuldarlığı 5000 kq/saat olan qarışıq yem istehsal edən avadanlığın tərkib hissəsi olan 1 ədəd çuvallama tərəzəsinin idarəetmə pultu yerində olmamış və təhvil-təslim aktında mövculuğu əksini tapmamışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli 07-LA nömrəli lizinq müqaviləsinə əlavədən görünür ki, əvvəllər “xxxx” MMC-yə lizinqə verilmiş həmin qarışıq yem istehsal edən texnoloji avadanlığın çuvallama tərəzəsinin idarəetmə pultunun dəyəri 1890 manat təşkil edir. İddiaçı ASC xx.xx.2012-ci il tarixli 31-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən cavabdehə təhvil verilmiş avadanlığın tərkib hissəsi olan çuvallama tərəzəsinin idarəetmə pultunun qaytarılması və ya həmin pultun dəyəri olan 1890 manat pulun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu öhdəliklərini yerinə yetirmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış lizinq müqaviləsinə əsasən ümumi dəyəri 33600 manat olan texnoloji avadanlıq lizinqə götürülmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən məhkəməyə müraciət edilmiş, məhkəmə qərarı əsasında avadanlığın saz vəziyyətdə geri qaytarılması qət edilmişdir. Lakin təhvil alınan avadanlığın texniki təsnifatında yer alan və dəyəri 1890 manat olan çuvallama tərəzisinin pultu yerində aşkar olunmamışdır. Dəfərlərlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə vurulmuş ziyanın əvəzinin ödənilməsindən yayınmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnmə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehə ünvanlanmış məhkəmə bildirişi “Cavabdeh MMC fəaliyyətini dayandırıb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Öncəki məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə sənədlərinin cavabdehin ünvanı üzrə təqdim olunmasını nəzərə alan məhkəmə Mülki Prosessual Məcəllənin 146 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış lizinq müqaviləsi, təhvil-təslim aktları, lizinq müqaviləsinə əlavə, ödəniş qrafiki, maliyyə arayışı, Məhkəmə qətnamələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-cimaddəsinəgörə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(84)-411/2016 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il tarixli 31-LA/12 nömrəli lizinq müqaviləsi ləğv edilmiş və həmin müqavilə üzrə məhsuldarlığı 5000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlıq və onun yerləşdiyi tikili (bina) kommunikasiyasının saz vəziyyətdə alınaraq İddiaçı ASC-yə qaytarılması qət edilmişdir. Bundan sonra İddiaçı ASC tərəfindən mübahisə predmeti olan məhsuldarlığı 5000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlıq “xxxx” MMC-yə lizinqə verilmiş və həmin avadanlıq xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə təhvil verilərək İddiaçı ASC, Cavabdeh MMC və “xxxx” MMC-nin nümayəndələrinin iştirakı ilə təhvil-təslim aktı tərtib edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Sözügedən aktdan görünür ki, 23-cü sırada adı qeyd olunmuş, məhsuldarlığı 5000 kq/saat olan qarışıq yem istehsal edən avadanlığın tərkib hissəsi olan 1 ədəd çuvallama tərəzəsinin idarəetmə pultu yerində olmamış və təhvil verilməmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli 07-LA nömrəli lizinq müqaviləsinə əlavədən görünür ki, əvvəllər “xxxx” MMC-yə lizinqə verilmiş çuvallama tərəzəsinin idarəetmə pultunun dəyəri 1890 manat təşkil edir. Göründüyü kimi, İddiaçı ASC tərəfindən çuvallama tərəzəsinin idarəetmə pultu xx.xx.2012-ci il tarixli aktla Cavabdeh MMC təhvil verilsə də, sonuncu tərəfindən həmin pult İddiaçı ASC-yə qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (Mülki Məcəllə maddə - 748-2.1, 748-2.5). Tərəflər arasında bağlanmış müqavilələrinin 3.1-ci bəndəndin də tərəflər razılaşmışlar ki, lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri Lizinq alan tərəfindən ödənilənədək Lizinq verənə məxsusdur. Göründüyü kimi tərəflərin razılaşmasında qanuvericiliyin tələbindən kənar hər hansı razılaşma baş tutmamış və lizinq predmeti iddiaçının müstəsna mülkiyyətindədir. Müqavilələr ləğv olunduğundan iddiaçı haqlı olaraq əmlakını başqasının sahibliyindən geri tələb edir ki, cavabdehin iddia predmeti olan çuvallama tərəzəsinin idarəetmə pultunun qaytarılmaması ilə bağlı hərəkətləri əsassız. Bu səbəbdən də məhkəmə hesab edir ki, çuvallama tərəzəsinin idarəetmə pultu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, həmin əşya ümumi avadanlığın tərkib hissəsi olmaqla onun ayrı qaydada əldə edilməsi mümkün olmaya biləcəyindən çuvallama tərəzəsinin idarəetmə pultu olmadığı təqdirdə onun dəyəri cavabdehdə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən dəyəri 1890 manat olan çuvallama tərəzəsinin pultu və ya pultun saz vəziyyətinə geri qaytarılması mümkün olmadığı təqdirdə dəyəri olan 1890 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar