Məhkəmə qərarları › İş №e-2-2(117)-901/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-901/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-901/2022 20.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli 02/01436 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000 manat borcun və 40 manat mediasiya xərcinin cavabdehdən tutuaraq ödənilməsi" tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli 02/01436 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000 manat borcun və 40 manat mediasiya xərcinin cavabdehdən tutuaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 02/01436 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin : 1-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasının mülkiyyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd Sampo Rosenlew markalı taxılyığan kombaynı istifadəyə verməyi, lizinq alan isə həmin texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil veilməsinədn, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq 7000 manat məbləğində vəsaiti lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, xx.xx.2022-ci il tarixli maliyyə arayışından da göründüyü kimi həmin məbləğdən 6000 manat ödəniş etmiş, 1000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/01436 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən, cavabdeh 1 ay 24 gün müddətinə 7000 manat öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, ödənilməmiş 1000 manat borcu qalmışdır. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə, texniki vəziyyət haqqında akt, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/01436 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən, cavabdeh 1 ay 24 gün müddətinə 7000 manat öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, ödənilməmiş 1000 manat borcu qalmışdır. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Eyni zamanda 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 02/01436 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000 manat borc və 40 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar