Məhkəmə qərarları › İş №e-2-2(117)-905/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-905/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-905/2025 18.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə 15 200 manat qalıq borc, 7803.3 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə 5110.02 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə 15 200 manat qalıq borc, 7803.3 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə 5110.02 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə qalıq borcunu ödəməsi səbəbilə, xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə 15 200 manat qalıq borc, 7803.3 manat cərimə borcu, xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə 5110.02 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 7 827 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə№ 1) görünür ki, "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh 1 ədəd 19 600 manat dəyərində olan Ot, küləş presləyən Tukan Luxe ППТ-041 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 7 827 manat müəyyən edərək 6 il ödəmə müddətinin (xx.xx.2016cı ildən xx.xx.2022-ci ildədək) müəyyənləşdirilməsinə razılaşmışlar. xx.xx.2016-cı il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 229 nömrəli aktdan görünür ki, 19 600 manat dəyərində olan, rəngi qırmızı, buraxılış ili 2016-cı il olan Ot, küləş presləyən Tukan Luxe ППТ-041 markalı texnika saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin Ucar RN-nin direktoru X1 tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 18 520 manat olan və 1 ədəd 46 300 manat dəyərində olan, şassi (zavod) nömrəsi 0008771, mühərrik nömrəsi 998414 olan Traktor Belarus-82.1 markalı teknikanı ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri (18520 manat) tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verir. xx.xx.2018-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 2/23 nömrəli aktdan görünür ki, 46 300 manat dəyərində olan, şassi (zavod) nömrəsi 0008771, mühərrik nömrəsi 998414, rəngi göy, buraxılış ili 2017-ci il olan Traktor Belarus- 82.1 markalı texnika saz, nizamlanmış və komplekt halda "xxxx" ASC-nin X3 direktoru X4 tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. Hər iki müqavilənin: 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. 9-cu bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə məbləğindən 4272 manat ödəniş etmiş, 3555 manat qalıq borc, 5110.02 manat cərimə borcu hesablanmışdır. xx.xx.2018-ci il tarixli, 647-GL/18 nömrəli müqavilə məbləğindən 3320 manat ödəniş etmiş, 15200 manat qalıq borc, 7803.3 manat cərimə borcu hesablanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 3-22-2/2-H-16-760/2025 nömrəli pretenziya məktubundan göründüyü kimi AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh müraciət edilərək xx.xx.2018-ci il tarixli, 647-GL/18 nömrəli müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən ləğv edilməsi, eyni zamanda borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışında isə xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə qalıq borcun tam ödənildiyi və 5110.02 manat cərimə borcu hesablandığı qeyd edilmişdir. Cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçı məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun, eyni zamanda hər iki müqavilə üzrə hesablanmış cərimə borclarının cavabdehdən tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında borcunun bir hissəsini ödədiyini, əsas borcunun qalan hissəsini isə hissə-hissə ödəyəcəyini bildirərək cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, aktlar, maliyyə arayışı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (xxxx ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli və xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrnin şərtinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli dəqiqləşdirmə barədə ərizəsi qəbul edilməli və xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilənin ləğv edilməsi, eyni zamanda cavabdehin həmin müqavilə üzrə qalıq borcunu, hər iki müqavilə üzrə hesablanmış cərimə borcuna münasibət bildirilməlidir. İddia tələbinin “xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-22-2/2-H-16-760/2025 nömrəli pretenziya məktubundan göründüyü kimi AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh müraciət edilərək, xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən ləğv edildiyi bildirilmiş, eyni zamanda borcun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçı tərəfindən bu barədə iradə ifadəsi birtərəfli qaydada pretenziya məktubu ilə ona bildirildiyindən qeyd edilən müqavilə xx.xx.2025-ci il tarixdən ləğv olunmuş hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarili Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İddia tələbinin “xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə üzrə 15 200 manat qalıq borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qeyd edilən borcun mövcudluğu iş materialları, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatında borcunu qəbul etməsi halları ilə öz təsdqini tapır. İddia tələbinin “xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə 5110.02 manat və xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə üzrə 7803.3 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı göründüyü kimi tərəflər arasında müqavilə üzrə müəyyən münasibətlər yaranmış, hər iki tərəf müqaviləyə uyğun olaraq öz üzərlərinə müvafiq öhdəliklər götürmüş, iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh lazımi qaydada yerinə yetirməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə ödənişi razılaşdırılmış müddətdə ödəməmiş, ancaq iddiaçı bununla bağlı məhkəməyə müraciət etdikdən sonra xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə əsas borc üzrə ödənişi tam şəkildə ödəmişdir. Ödənişin nəzərdə tutulmuş müddətdə edilməməsi iddiaçıya müəyyən məbləğdə zərər dəymə ehtimalını təsdiqləyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndində tərəflər razılaşmışlar ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Məhkəmə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə əsas borcu tam ödəməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 5%-i həcmində, yəni xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə 177.75 manat və xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə üzrə 760 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilməli, eyni zamanda iddiaçı tərəf cavabdeh Cavabdeh xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə 177.75 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə üzrə 15 200 manat qalıq borc, 760 manat cərimə borcunun tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilən hissəsinə uyğun ödənilməli olan 100.08 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli 2090-GL/16 nömrəli müqavilə üzrə yaranmış 177.75 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 647-GL/18 nömrəli müqavilə üzrə yaranmış 15 200 manat qalıq borc, 760 manat cərimə borcu olmaqla, cəmi 16137.75 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 100.08 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar