Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-920/2023 19.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “009-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 6090,33 manat qalıq borc məbləği və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Zaqatala rayonu, Qımır kəndi ərazisində 5 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 15 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 15000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2250 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 750 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 4565,61 manat toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Qeyd edilən toxum, gübrə və dərman vasitələrinin təhvilinə dair təhvil-təslim aktından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 23 nömrəli aktla 750 kq “Amofos” gübrə, 500 kq “Amonium Nitrat”, 750 kq “Nitra Amofos” gübrəsi, 350 kq toxum, xx.xx.2022-ci il tarixli 56 nömrəli təhvil təslim aktı ilə 520 kq Karbomit gübrəsi Cavabdeh təhvil verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 471,55 manat məbləğində malları cavabdehə təhvil verilməsini bildirmiş, lakin bununla bağlı təhvil-təslim aktlarını təqdim etməmişdir. İcraçı tərəfindən hazırlanaraq təhvil verilən məhsullar barədə elektron qaimələrdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 1946,82 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X3” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, 3000 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 8037,15 manat məbləğində vəsait ödənilmiş, sonuncu tərəfindən 1946,82 manat dəyərində məhsul təhvil verilmiş, müqavilə ilə üzərinə düşən öhdəliklər qismən icra edilmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 6090,33 manat qalıq borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həm də pretenziya vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Qeyd edilən borcun və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, buna baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, malların qəbul təhvil aktları, elektron qaimələr, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər arasında qarışıq tipli müqavilə bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən qismən soya paxlası təhvil verilərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri tam ödənilmədiyindən hazırkı mübahisə yaranmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Zaqatala rayonu, Qımır kəndi ərazisində 5 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 15 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 15000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2250 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 750 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 4565,61 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 1946,82 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Qeyd edilən toxum, gübrə və dərman vasitələrinin təhvilinə dair təhvil-təslim aktından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli 23 nömrəli aktla 750 kq “Amofos” gübrə, 500 kq “Amonium Nitrat”, 750 kq “Nitra Amofos” gübrəsi, 350 kq toxum, xx.xx.2022-ci il tarixli 56 nömrəli təhvil təslim aktı ilə 520 kq Karbomit Cavabdeh təhvil verilmişdir. İcraçı tərəfindən hazırlanaraq təhvil verilən məhsullar barədə elektron qaimələrdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 1946,82 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 471,55 manat məbləğində malları cavabdehə təhvil verilməsini bildirmiş, lakin bununla bağlı təhvil-təslim aktlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 471,55 manat məbləğində malları cavabdehə təhvil verilməsinə dair təhvil-təslim aktlarını təqdim etmədiyindən məhkəmə tələbi bu hissədə əsassız hesab edir. Yuxarıda qeyd edilən Qərarın tələbini əsas tututaraq qeyd edilən qaimənin təsdiqi üçün müvafiq sübutların təqdim edilməməklə həmin arqumentin iddiaçı tərəfindən sübut edilmədiyi qənaətinə gəlinmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin bank hesabına (2250+750 =3000) 3000 manat köçürülmüş, toxum, gübrə və dərman olaraq (1330+625+974,50+1387,50+249,61=4565,61) 4565,61 manat məbləğində malları vermiş, cavabdeh isə 1946,82 manat məbləğində soya məhsulunu təhvil vermişdir. Beləlliklə sadə hesablama yolu ilə (3000+4565,61-1946,82=5 618,79) 5 618,79 manat həddində tələb öz təsdiqini tapdığından 5 618,79 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddia qismən təmin edildiyindən ödənilməli dövlət rüsumu olaraq 6,20 manat iddiaçıdan, 73,80 manat cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin xərci cavabdehdən tələb etdiyindən tələbə münasib 92,25 manat meidasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5 618,79 manat borc və 92,25 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 80,9 manat dövlət rüsumunun 6,20 manat İddiaçı MMC-dən, 73,80 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-920/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-920/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver