Məhkəmə qərarları › İş №e-2-2(117)-944/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-944/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-944/2023 03.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 4150 manat borcun və ödənilmiş 61,5 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 4150 manat borcun və ödənilmiş 61,5 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı müqavilədə razılaşdırılmış şərtlərlə kərpici alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib bunun qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən müqavilə predmetinin qiyməti tərəflər arasında tərtib olunacaq qiymət razılaşma protokoluna əsasən müəyyənləşdiriləcək və həmin qiymət razılaşma protokolu müqavilənin tərkib hissəsidir. 3.3-cü bəndinə əsasən alıcıya təqdim olunan mal həmin gün və ya həmin ayın 25-dən gec olmayaraq satıcıya bank və ya nəğd şəklində ödəniləcəkdir. xx.xx.2016-cı il tarixli qiymət razılaşma protokoluna əsasən tərəflər tərəflər malların qiymətlərini öz aralarında razılaşmışlar. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq olunmuş üzləşmə aktından görünür ki, cavabdehin iddiaçı təşkilata 4150 manat borcu mövcuddur. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən ödənilməmiş borcu qalmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 4150 manat borcu yaranmışdır ki, iddiaçı həmin borc məbləğinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə təqdim olunmuş, cavabdeh iddia tələbinə qarşı etirazını və tələb üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alğı-satqı müqaviləsi, qiymət razılaşma protokolu, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilədə razılaşdırılmış şərtlərlə kərpici alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib bunun qarşılığında müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən müqavilə predmetinin qiyməti tərəflər arasında tərtib olunacaq qiymət razılaşma protokoluna əsasən müəyyənləşdiriləcək və həmin qiymət razılaşma protokolu müqavilənin tərkib hissəsidir. 3.3-cü bəndinə əsasən alıcıya təqdim olunan mal həmin gün və ya həmin ayın 25-dən gec olmayaraq satıcıya bank və ya nəğd şəklində ödəniləcəkdir. xx.xx.2016-cı il tarixli qiymət razılaşma protokoluna əsasən tərəflər tərəflər malların qiymətlərini öz aralarında razılaşmışlar. xx.xx.2018-ci il tarixdə tərtib edilmiş və hər iki tərəfin imzası ilə təsdiq olunmuş üzləşmə aktından görünür ki, cavabdehin iddiaçı təşkilata 4150 manat borcu mövcuddur. Cavabdeh Məlik oğlu məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdən sonra da onun tərəfindən iddiaçıya aldığı kərpic materiallarına görə ödənişlər edilmiş, pulları yükdaşıyan sürücülərə və ekspeditorlara nağd formada vermiş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 1000 manat pulu iddiaçıya ödəmiş və onun 1830,13 manat borcu qalmışdır. Bu məlumatları özünə məxsus kompyuterin yaddaşında saxladığı ödənişlərə dair cədvəli təqdim etmişdir. İddiaçı yararsız kərpicləri onun borclarından çıxması barədə vəd versə də bunu yerinə yetirməmişdir. Cavabdeh müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh müqavilə üzrə ödənişlər edilməsi barədə cədvəl təqdim etmiş, lakin həmin ödəniş cədvəldə tərəflər barədə məlumatlar qeyd edilməmiş, eyni zamanda həmin sənəd tərəflərin imza və ya möhürləri ilə rəsmiləşdirilməmişdir. Ona görə də məhkəmə qeyd edilən sənədi sübut kimi qəbul etmir. MM-nin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış, borcun mövcudluğuna dair yeganə sənəd xx.xx.2018-ci il tarixli üzləşmə aktı təqdim edilmiş, iddiaçı təqdim etdiyi Şəki 1 saylı mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışında ilkin mediasiya sessiyasında cavabdehin iştirak etmədiyi qeyd edilmiş, həmin arayışda tərəflər arasına mediasiya prosesinin xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərməklə başlanıldığı məlum olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin xx.xx.2020-ci il tarixdə ödənişinə dair rəsmi sənəd olmadığından və iddiaçı tərəfindən həmin ödəniş faktı qəbul edilmədiyindən cavabdehin xx.xx.2018-ci il tarixdən 4150 manat məbləğində borcunun olmasını əsaslı qəbul edilməlidir. Bu faktların əksini cavabdeh sübuta yetirməli olduğu halda bunu etməmişdir. İddia müddətinin başlanması anı olaraq xx.xx.2018-ci il tarixdən hesablanarsa 3 illik müddət artıq ötmüşdür. Cavabdehin ərizəsində etiraf etdiyi xx.xx.2020-ci il tarixdə 1000 manat ödənişin etdiyi tarixdən hesablansa belə tərəflər arasında mediasiya prosesinin başlanma anı xx.xx.2023-cü il tarix qəbul edilərsə yenə də iddia müddəti ötürülmüş olur. Məhkəmə tərəflərə məktublar ünvanlayaraq iddia müddətinin axımının başlanması, kəsilməsi və dayandırılması müddətlərini müəyyən etmək məqsədi ilə mediasiya təklifinin göndərilməsi, edilmiş ödəniş sənədlərini məhkəməyə təqdim etmək təklif edilmiş, bununla bağlı tərəflərə rəsmi məktublarla müraciət edilmiş, tərəflər sübutlar təqdim etmiş və həmin sübutlara hüquqi qiymət verərək məhkəmə hazırkı qətnaməni qəbul etmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkmə yekun olaraq yuxarıda qeyd edilən işin faktiki hallarına və təbiq edilən qanunvericilik normalarına əsasən iddianın rədd edilməsi nəticəsində gəlmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə”mütənasib”olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 4150 manat borcun və ödənilmiş 61,5 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti”verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar