Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-948/2023 12.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “1 ədəd KZS- 5 markalı kombaynın tam bərpası üçün hesablanmış 1433 manat maddi ziyanın və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “1 ədəd KZS-5 markalı kombaynın tam bərpası üçün hesablanmış 1433 manat maddi ziyanın və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli 02/02271 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilənin : 1-ci bəndinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd KZS-5 markalı taxılyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə istifadəyə verməyi, lizinq alan isə texnikadan istifadəyə görə lizinq verənə bu müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 2200 manat məbləğində ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, saz vəziyyətdə texnikanı qaytarmalı olduğu halda nasaz vəziyyətdə saxlanca vermişdir. Həmin taxılyığan kombayna baxış keçirilmiş və 1433 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli 02/022712 nömrəli texnikanın vəziyyəti və təhvili barədə akta əsasən 1 ədəd KZS-5 markalı taxılyığan kombayn saz vəziyyətdə "xxxx" ASC-nin nümayəndəsi Dünyamin Cümşüdov tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 02/02271 nömrəli aktdan görünür ki, 1 ədəd KZS-5 markalı taxılyığan kombayn nasaz vəziyyətdə Cavabdeh tərəfindən "xxxx" ASC-nin nümayəndəsi Dünyamin Cümşüdova geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, KZS-5 markalı taxılyığan kombaynda 1 ədəd samatras və 1 ədəd qabaq şin yararsızdır. xx.xx.20222-ci il tarixli 02/02271 nömrəli müqavilə əsasənda 001 şassi nömrəli KZS-5 markalı kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, 1 ədəd qabaq şin (1250 manat) və 1 ədəd samansilkələyən (138 manat) dəyişdirilməli, 45 manat işçilik haqqı ödənilməlidir. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı İddiaçı ASC ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə həmin bildiriş çatdırılması üçün Qəbələ rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərilmişdir. Eyni zamanda cavabdeh ilə telefon əlaqəsi saxlanılaraq iddia tələbi və bildiriş barədə məlumat verilmiş, cavadbehin whatsapp nömrəsinə göndərilmişdir. Lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqavilə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.6. Lizinq obyektinə təminatlı xidmət, əgər bu, alğı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.10. Əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2022-ci il tarixli 02/02271 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən, İddiaçı ASC 1 ədəd KZS-5 markalı taxılyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə Cavabdeh vermişdir. xx.xx.2022-ci il tarixli 02/022712 nöməli texnikanın vəziyyəti və təhvili barədə akta əsasən 1 ədəd KZS-5 markalı taxılyığan kombayn saz vəziyyətdə "xxxx" ASC-nin nümayəndəsi Dünyamin Cümşüdov tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli 02/02271 nömrəli aktdan görünür ki, 1 ədəd KZS-5 markalı taxılyığan kombayn nasaz vəziyyətdə Cavabdeh tərəfindən "xxxx" ASC-nin nümayəndəsi Dünyamin Cümşüdova geri qaytarılmışdır. Həmçinin, xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, KZS-5 markalı taxılyığan kombaynda 1 ədəd samatras və 1 ədəd qabaq şin yararsızdır. 0001 şassi nömrəli KZS-5 markalı kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, 1 ədəd qabaq şin (1250 manat) və 1 ədəd samansilkələyən (138 manat) dəyişdirilməli, 45 manat işçilik haqqı ödənilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, saz vəziyyətdə texnikanı qaytarmalı olduğu halda nasaz vəziyyətdə saxlanca vermişdir. Həmin taxılyığan kombayna baxış keçirilmiş və 1433 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını, daxili inamı əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğundan iddia təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 34,33 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Odur ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 02/022712 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinqə verilmiş 1 ədəd KZS-5 markalı taxılyığan kombayna vurulmuş zərərin bərpası üçün hesablanmış 1433 manat maddi ziyan və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 34,33 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-948/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-948/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver