Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-950/2024 19.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2023-ci il tarixli, İF/06070 nömrəli X4 müqaviləsi üzrə 4871,90 manat borcun və lizinq obyektinə dəymiş zərər görə 2360 manat pulun, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı ekspertə ödənilmiş 50 manat pul və 94 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qətnamə qəbul etdi. Təsviri hissə: "xxxx" MMC (lizinq verən), X1 (satıcı) və Cavabdeh (lizinq alan) arasında bağlanmış İF/06070 nömrəli lizinq obyektinin alqı-satqısı müqaviləsinə əsasən satıcı lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən, yəni Hyundai İ30 minik markalı, Xetçbek tipli, 2008-ci il buraxılışlı nəqliyyat vasitəsini alıcı-lizinq verənə satmağı, sonuncu isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinqə vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alan lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan bu müqavilədən irəli gələn alıcı hüququna malikdir. "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X4i müqaviləsinə görə lizinq verən iddiaçı lizinq alan tərəfindən seçilmiş və onun istəyinə uyğun əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Hyundai İ30 minik markalı, Xetçbek tipli, 2008-ci il buraxılışlı lizinq predmetini lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərtilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, sonuncu isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən lizinq obyekti 36 ay müddətinə lizinqə verilir. 5-ci maddəsinin 2,3,4cü bəndlərinə əsasən lizinq obyektinin qiyməti 17000 manat olmuş, avans məbləğ 3700 manat, lizinq məbləği isə 13300 manat olmuşdur. Daxili lizinq müqaviləsinə Əlavə olan ödəniş qrafikindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ümumilikdə 13300 manat əsas borc ödənilməsi nəzərdə tutulmuşdur ki, lizinq məbləği 13300 manat təşkil edir. Eyni zamanda həmin ödəniş qrafikindən görünür ki, lizinq obyektinin təhvil verildiyi vaxtadək 10 ay üçün ödənilməli borc məbləği 6091,9 manat təşkil edir və iddiaçı həmin vaxtadək olan borcu mübahisələndirir ki, cavabdeh tərəfindən 1220 manat ödəniş edilmişdir və 6091,9 manat borcdan 1220 manat ödəniş çıxıldıqda 4871,9 manat (6091.9 – 1220 = 4871,9) ödənilməmiş qalır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq obyekti satıcı tərəfindən lizinq alana təhvil verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd edilmişdir ki, lizinq obyekti cavabdeh tərəfindən nasaz vəziyyətdə Ağdaş rayonundan Bakı şəhərinə göndərilmiş, iddiaçının nümayəndəsi tərəfindən avtomobil evakuator vasitəsilə götürülərək qiymətləndirilməsi üçün ekspertə təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktı və ekspert rəyinə əsasən avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri ümumilikdə 1900 manat ehtiyyat hissələrinə çəkilməli xərc kimi + 600 manat işçiliyə çəkilməli xərc kimi 2500 manat təşkil etdiyi qeyd edilmişdir. Təqdim edilmiş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 610 manat və xx.xx.2023-cü il tarixdə 610 manat olmaqla ümumilikdə 1220 manat ödəniş edilmişdir. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, 50 manat qiymətləndirilən lizinq obyektinin dəyəri olaraq xidmət haqqı kimi ekspertə ödənilmişdir. Göründüyü kimi iddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmiş, buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və bu səbəbdən ödənilməmiş 4871,90 manat borcu və lizinq obyektinə dəymiş zərər görə 2360 manat borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2023-ci il tarixli İF/06070 saylı 36 ay müddətli X4 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Hyundai İ30 MİNİK markalı **-AK-*** dövlət nömrə nişanlı avtomabil lizinq alan kimi onun istifadənizə verilmişdir. İki ay ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilmir. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.2024-cü il tarixə olan ekspert rəyindən müəyyən olunmuşdur ki, Hyundai İ30 minik markalı, Xetçbek tipli, 2008-ci il buraxılışlı lizinq predmetinin təmir bərpa xərci üzrə dəyişilməli olan hissələrin qiyməti 1610 manat, təmir-bərpa işlərini qiyməti 750 manat olmaqla ümumilikdə 2360 mant təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2023-ci il tarixli İF/06070 saylı X4 müqaviləsi üzrə 4871.90 manat və lizinq obyektinə dəymiş zərərə görə 2360 manat (ekspert rəyində qeyd olunan məbləğ ilə razıdırlar) cəmi 7231.90 manat borcun və avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqı cəmi 7281.90 manat və dövlət rüsumu olaraq ödənilmiş 94 manat məbləğin tutulması barədə iddia ərizəsinə əlavə etdikləri ödəniş cədvəlində mükafat məbləği səhvən 83.70 manat qeyd olunmuşdur. Lizinq məbləğinin 13300 manat olduğunu nəzərə alınsa, illik faiz 36 dərəcə olduğu halda 36 ay müddətinə mükafat məbləği 8630.86 manat olmalıdır. Bu məbləğ mükafat məbləği xanasının sonunda qeyd olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilələr, aktlar, maliyyə arayışı, qiymətləndirmə aktı, hesabdan çıxarış, müqaviləyə Əlavə ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə tələbin lizinq müqaviləsi üzrə 4871,90 manat borcun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçının tələbi bu hissədə əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Belə ki, "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X4i müqaviləsinə görə lizinq verən iddiaçı lizinq alan tərəfindən seçilmiş və onun istəyinə uyğun əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Hyundai İ30 minik markalı, Xetçbek tipli, 2008-ci il buraxılışlı lizinq predmetini lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavəyə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərtilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, sonuncu isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən lizinq obyekti 36 ay müddətinə lizinqə verilir. 5-ci maddəsinin 2,3,4cü bəndlərinə əsasən lizinq obyektinin qiyməti 17000 manat olmuş, avans məbləğ 3700 manat, lizinq məbləği isə 13300 manat olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qrafiki, hesabdan çıxarış və digər əlaqədar sənədlərdən göründüyü kimi iddiaçı öhdəliklərini yerinə yetirmiş lizinq, predmetini cavabdehə vermiş, lakin cavabdeh tərəfindən lizinq predmetinin dəyəri qismən ödənilməklə qalıq 4871,90 manat borc ödənilməmişdir ki, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və buna dair sübutlarını təqdim etmiş, cavabdeh isə borcunun olubolmamasına, eləcə də iddia tələbinə hər hansısa münasibətini məhkəməyə təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 77.1, 81-ci maddələri). Məhkəmə işdə olan sübutları araşdırıb hesab edir ki, cavabdeh öhdəliyini lazımıınca icra etmədiyindən ödənilməmiş 4871,90 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa tələbin “2360 manat lizinq obyektinə dəymiş zərərin və buna münasibətdə ekspertə ödənilmiş 50 manat qiymətləndirmə üzrə pulun tutulması” hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissələrdə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş xx.xx.2024-cü il tarixə olan ekspert rəyindən müəyyən olunduğu kimi lizinq alan Cavabdeh lizinqə verilmiş Hyundai İ30 minik markalı, Xetçbek tipli, 2008-ci il buraxılışlı lizinq predmetinin təmir bərpa xərci üzrə dəyişilməli olan hissələrin qiyməti 1610 manat, təmir-bərpa işlərini qiyməti 750 manat olmaqla ümumilikdə 2360 manat təşkil etmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı texnikanın saz vəziyyətə gətirilməsi üçün çəkiləcək xərcin məbləği ilə bağlı ekspert araşdırması aparılmış və təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, lizinq predmetinin təmir-bərpa xərcləri 2360 manat təşkil edir ki, iddiaçı dəymiş zərər kimi 2360 manat pul məbləği tələb etmiş və göründüyü kimi bunda da haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda təqdim edilmiş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, 50 manat qiymətləndirilən lizinq obyektinin dəyəri olaraq xidmət haqqı kimi ekspertə ödənilmişdir ki, cavabdeh X4 müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və lizinq predmetini nasaz vəziyyətdə təhvil vermiş, bu səbəbdən iddiaçı lizinq predmetinin təmir bərpasına münasibətdə müvafiq tədbirlər (eskpertiz aparılması və s.) görmüş və buna dair müvafiq xərclər çəkmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissələrdə də təmin edilərək lizinq predmeti olan avtomobilə dəymiş zərərə görə 2360 manat pul və 50 manat avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı ekspertə ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 50 manat xərc də cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 92.32 manat olmalıdır. İddia tələbi təmin edildiyindən ödənilməli 92.32 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı 94 manat dövlət rüsumu ödəsə və həmin məbləği cavabdehdən tələb etsə də, iddianın qiymətinə uyğun ödənilməli 92.32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddaçıya ödənilməli, artıq ödənilmiş 1.68 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli, İF/06070 nömrəli X4 müqaviləsi üzrə 4871,90 manat borc, lizinq obyektinə dəymiş zərər görə 2360 manat pul, avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı ekspertə ödənilmiş 50 manat pul və 92.32 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-950/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-950/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver