Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-959/2024 05.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli, DY-042.2021 nömrəli alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə cavabdehdən 95393,09 manat, cərimə kimi həmin məbləğin 5 %-ini təşkil edən 4769,65 manat, dövlət rüsumu qismində ödənilmiş 392 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DY-042.2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya bu müqavilənin tərkib hissəsi olan əlavələr üzrə mal-material, avadanlıq və ya xidmətləri satmağı, alıcı isə malmaterial, avadanlıq və ya xidmətləri qəbul edib müqavilə ilə razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən mal-materialların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə ayrıca tərtib ediləcək və hər iki tərəfdən imzlanacaq müqavilənin ayrılmaz hissəsi olan müqaviləyə əlavə,elektron qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. 4.4-cü bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malların dəyərinin 100 % həcmində ödənişi satıcının təqdim etdiyi hesab fakturanı aldıqdan sonra müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə həyata keçirmədikdə gecikdirilən hər gün üçün hesab-fakturanın dəyərinin 10 %-dən çox olmamaq şərti ilə cərimə ödənişi etməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata və müqaviləyə əsasən müqavilə tərəfi (alıcı) kimi göstərilmiş "xxxx" MMC ********** nömrəli VÖEN-lə fəaliyyət göstərmiş, hazırda ********** nömrəli VÖEN "xxxx"xxxx"xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malın dəyəri ƏDV-siz 80841,60 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturadan göründüyü kimi cavabdehə 14551,49 manat ƏDV olmaqla ümumilikdə 95393,09 manat (80841.60 + 14551.49 = 95393.09) dəyərində mal təhvil verilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən 95393,09 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2021-ci il tarixli, DY-042.2021 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmetinə görə cavabdehə 95393,09 manat məbləğində malmaterial satılmışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktından da görünür ki, mal-material müqavilə şərtlərinə uyğun olaraq cavabdehə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimə-faktura həmin mal-materialların cavabdehə göndərilməsini və onların öz öhdəliklərini vicdanla yerinə yetirməyini sübut etmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, mal-materialların dəyərini ödəməmişdir. Dəfələrlə yazılı, şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə şərtlərini yerinə yetirməkdən birtərəfli qaydada boyun qaçırtmışdır. Odur ki, mübahisənin məhkəmədə mübahisələndirilməsinə zərurət meydana gəlmişdir. Odur ki, müqavilənin ümumi dəyərini təşkil edən 95393,09 manat, cərimə kimi həmin məbləğin 5 %-ini təşkil edən 4769,65 manat, dövlət rüsumu qismində ödənilmiş 392 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Alğı-satqı müqaviləsi, Təhvil-təslim aktı, Elektron qaimə-faktura və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.3-cü maddəsinə əsasən, əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin tərkib hissəsi olan əlavələr üzrə mal-material, avadanlıq və ya xidmətləri satmağı, alıcı isə mal-material, avadanlıq və ya xidmətləri qəbul edib müqavilə ilə razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş təhvil-təslim aktından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialın dəyəri ƏDV-siz 80841,60 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura ilə cavabdehə 14551,49 manat ƏDV olmaqla ümumilikdə 95393,09 manat (80841.60 + 14551.49 = 95393.09) dəyərində material təhvil verilmişdir. Göründüyü kimi iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini yerinə yetirərək ƏDV ilə birlikdə dəyəri 95393,09 manat olan malı cavabdehə təhvil vermiş və bunu təhvil-təslim aktı və elektron qaimə-faktura ilə rəsmiləşdirmiş, cavabdeh isə öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 95393,09 manat borcu qalmışdır. Bu səbəbdən 95393,09 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə təqdim edilmiş elektron qaimə-fakturaya münasibətdə qeyd edir ki, həmin elektron qaimə-faktura orda adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı təhvil-təslim aktı və müqavilə şərti ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 95393,09 manat dəyərində mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdeh iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddiaçı əsas məbləğin 5%-i həddində 4769,65 manat cərimə də tələb edir. Məhkəmə qeyd edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 4.4-cü bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malların dəyərinin 100 % həcmində ödənişi satıcının təqdim etdiyi hesab fakturanı aldıqdan sonra müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə həyata keçirmədikdə gecikdirilən hər gün üçün hesab-fakturanın dəyərinin 10 %-dən çox olmamaq şərti ilə cərimə ödənişi etməlidir. Hazırki vəziyyətdə cavabdeh öhdəliklərini yerinə yetirməmiş və borcunu gecikdirməkdə davam etmişdir ki, belə olan halda iddiaçı tərəfindən müqavilədə razılaşdırıldığı qaydada gecikdirilmiş borca cərimə hesablamışdır. İddiaçı ərizəsində 95393,09 manat məbləğin 5 %-ni iddia etdiyindən məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və borc gecikdirildiyidən gecikdirilmiş əsas borc məbləğinin 5 %-i həddində (95393,09 x 5% = 4769,65) 4769,65 manat cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (100162,74) ödənilməli dövlət rüsumu 390,16 manat təşkil edir ki, iddiaçı ödədiyi 392 manat dövlət rüsumunu tələb etsə də, iddianın qiymətinə uyğun 390,16 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Artıq ödənilmiş 1,84 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 95393,09 manat borc, 4769,65 manat cərimə və 390,16 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Artıq ödənilmiş 1,84 manat İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-959/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-959/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver