Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-963/2024 10.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 22447.45 manat əsas borc, 157.34 manat rüsum xərcləri, 0,40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 22605.19 manat borcun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 22447.45 manat əsas borc, 157.34 manat rüsum xərcləri, 0,40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 22605.19 manat borcun cavabdehdən tutulması” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı (bundan sonra mətndə-İddiaçı) ilə Cavabdeh (bundan sonra mətndəcavabdeh) arasında Ağdaş rayonunda yerləşən Cavabdeh MMC-yə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə AMX-1892/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 22447.45 manat borc, ödənilmiş 157.34 manat rüsum xərcləri və 0.40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 22605.19 manat borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz“ X1 X3 İdarəsinin xidməti ərazisi olan Ağdaş rayonunda yerləşən Cavabdeh müvafiq qaydada qazlaşdırılmaqla qaz hesabı açılmışdır. Cavabdehə təbii qazın verilməsi üçün “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini tam ödəmədiyindən qaz hesabında 26331.95 manat debitor borc yaranmış, həmin borcun 3884.50 manat hissəsinin cavabdehdən tutulmasına dair artıq qanuni qüvvəsini alımış Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-85/2024 saylı qətnaməsi mövcuddur və hal hazıradək icra edilməmişdir. Bu səbəbdən hazırda iddiaçının cavabdehə qarşı iddia tələbi 22447.45 manat (263xx.xx-3884.50= 22447.45) təşkil edir. Bu da Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-85/2024 saylı qətnaməsinin təsir dairsəinə düşmür. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. X5 Kompleksi MMC borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə tələb olunan tam ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə AMX-1892/23 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”-dən görünür ki, paylayıcı istehlakçı Cavabdeh MMC-ni keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış və ödənilmiş rüsum xərcləri ilə birgə ümumilikdə 22605.19 manat borcun məcburi qaydada tutularaq X2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarıılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı tərəfindən onlara qarşı irəli sürülmüş iddia tələbindəki məbləğ olduğundan artıq hesablanmış, yanvar ayında qazın istifadə edilmədiyini, həmin ay üçün yazılan qaz sərfiyyatı ilə razılaşmırlar. Eyni zamanda Cavabdeh MMC ilə Ağdaş rayon Mərkəzi Xəstəxanası və Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Şöbəsinin sayğacı eyni qaz xətti üzrində quraşdırılmışdır. Sayğacların ayrılması ilə bağlı dəfələrlə Azəriqaz İB-yə müraciət etmişlər, lakin bu məsələ iddiaçı tərəfindən həllini tapmamışdır. Azəriqaz İB-nin qeyd etdiyi borc məbləği Cavabdeh MMC-nin borcu deyildir. Həmçinin, sayğacda texnoloji itki vardır, sərfiyyat olmadığı haldada sayğac borc hesablayır. Texnoloji itkinin hesablanması ilə bağlı müraciət edilsə də, Azəriqaz İB tərəfindən tələbləri təmin edilməmişdir. Bununla bağlı məhkəməyə müraciət edəcəklər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Abonentin saldosu”-dan görünür ki, Cavabdeh (abonent kodu **********00000) 06.2024-cü il tarixinədək 26331,95 manat borcu mövcuddur. Həmçinin, iş materiallarına əlavə edilmiş Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdeh X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixinə iddiaçıya olan 24749,45 manat məbləğində borcunu imzası və möhürü ilə təsdiqləmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, MM: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında Ağdaş rayonunda yerləşən Cavabdeh MMC-yə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə AMX-1892/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Bundan başqa tərəflərin izahatına əsasən, Cavabdeh MMC ilə Ağdaş rayon Mərkəzi Xəstəxanası və Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Şöbəsinin sayğacı bir olduğu səbəbindən abonent saldosunda növbəti ay üçün cavabdehin borcu hesablanarkən qalıq və aktlar hissəsindəki məbləğ nəzərə alınmamışdır. Belə ki, 01.2024-cü il tarixində aktlar üzrə 11637 manat və təbii qazdan istifadəyə görə 6489.75 manat borcu yaranmış, lakin ayın sonuna borc məbləği hesablanarkən aktlar üzrə hesablanmış 11637 manat məbləğ nəzərə alınmamış, ümumilikdə 16601 manat (10111,25+6489.75) borc hesablanmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixinə iddiaçıya olan 24749,45 manat məbləğində borcunu imzası və möhürü ilə təsdiqləmişdir. Belə ki, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən, 2024-cü ilin yanvar, fevral, mart, aprel ayları üçün Cavabdeh MMC-nin qaz sərfiyyatı ümumilikdə, 75 238 metr3 olmuş, bu sərfiyyata uyğun olaraq cavabdehin 18 809,50 manat (75 238 X 0,25=18 809,50 manat) borcu yaranmışdır. Eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixinə 10 111,25 manat qalıq borcu olmuş, 04/2024-cü il tarixində 4 171,30 manat ödəniş etmiş və ümumilikdə, 24 749,45 manat ödənilməmiş borcu qalmışdır. Həmçinin, məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, cavabdehin 01.2024-cü il tarixinə 10 111,25 manat qalıq borcu olmuş, 01.2024-cü il tarixindən 06.2024-cü il tarixinədək qaz sərfiyyatı ümumilikdə 85 800 metr3 olmuş, buna uyğun olaraq cavabdeh 21 470 manat məbləğində təbii qaz istifadə etmiş və ümumilikdə 5249.3 manat məbləğində ödəniş etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdehin hazırki tarixə 26 331,95 manat borcu vardır. (10 111,25 +21 470 –5249.3 = 26 331,95). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış 3884,5 manat borcunun tutulmasına dair tələbi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-85/2024 saylı qətnaməsi ilə təmin edilmiş və qanuni qüvvəsini almışdır. Belə ki, cavabdehin 06.2024-cü il tarixinə təbii qazdan istifadəyə görə yaranmış 26 331,95 manat məbləğində borcunun 3884,50 manat hissəsinin cavabdehdən tutulması barədə qnuni qüvvəyə minmiş qətnamə mövcuddur, iddiaçının tələbinin “təbii qazdan istifadəyə görə yaranmış 22447,45 manat əsas borcun tutulması” hissəsinə münasibətdə məhkəmə bildirir ki, bu tələb qanuni və əsaslıdır. Məhkəmə cavabdehin izahatına münasibətdə bildirir ki, cavabdeh iddia tələbindəki məbləğin olduğundan artıq hesablandığını, yanvar ayında qazın istifadə edilmədiyini, həmin ay üçün yazılan qaz sərfiyyatı ilə razılaşmadığını qeyd etsə də, məhkəməyə abonent saldosunda göstərilən sərfiyyatın əksini sübut edən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin irəli sürdüyü arqumentini əsaslı hesab etmir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə təbii qazdan istifadə üzrə olan 22447,45 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 157.34 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 22447.45 manat əsas borc, 157.34 manat rüsum xərcləri, 0,40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 22605.19 manat borc tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov