Məhkəmə qərarları › İş №e-2-2(117)-968/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-968/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-968/2025 15.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh X2 qarşı “xx.xx.2025-ci il tarixli, 4691 nömrəli nisyə alqı-satqı haqqında müqavilə üzrə 164 manat qalıq borcun, 8.20 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X2 qarşı “xx.xx.2025-ci il tarixli, 4691 nömrəli nisyə alqı-satqı haqqında müqavilə üzrə 164 manat qalıq borcun, 8.20 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 4691 nömrəli nisyə alqı-satqı haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satış obyekti olan yeni (işlənməmiş) “Saç par cihazı K-350., Salon alət masası MT252” cihazları xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən X2 təhvil verilmişdir. Təhvil-təslim aktı cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 492 manat müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icrası cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2025-ci il tarixində 82 manat ödəniş icra edilməli idi. Lakin aylıq ödəniş öhdəliyi yerinə yetirilmədi. Ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənişin icra edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1-ci, 421.2-ci, 430.1-ci, 445-ci, 449-cu, 600.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 25.1-ci, 149-150ci, 284-1-ci maddələri göstərilmişdir. İddiaçı (icraçı) və X3 (sifarişçi) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 4691 nömrəli müqavilənin: 2-ci bəndinə əsasən, satış obyekti olan yeni (işlənməmiş) “Saç par cihazı K-350, Salon alət masası MT252” cihazlarının toplam satış qiyməti 492 manat olmaqla, təhvil verildiyi tarixdən 6 ay müddətinə hər ay 82 manat ödənilməsi razılaşdırılmışdır. 3.5-ci bəndinə əsasən, satış qiymətinin qarşılıqlı razılaşdırılmış şərtlər üzrə sifarişçi tərəfindən ödənilməməsi halında, sifarişçi natamam ödənişləri geri tələb etmək hüququ olmadan icraçının əmlakı sayılan satış obyektinin qeyd-şərtsiz icraçıya qaytarmaq vəzifəsi olduğunu qəbul edir. 3.7-ci bəndinə əsasən, bu müqavilənin 3.5-ci bəndində qeyd edilmiş vəzifə sifarişçi tərəfindən icra edilmədiyi halda, icraçı tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 0.1% miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququnu yaratmış olur. Dəbbə pulunun ümumi məbləği müqaviləyə əsasən satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır. 5.3-cü bəndinə əsasən, bu müqavilənin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələləri və tarixi sifarişçi tərəfindən birtərəfli qaydada pozulduğu, icra edilmədiyi və ya natamam icra edildiyi halda, icraçı tərəfin bu müqavilə ilə müəyyən edilmiş satış qiymətinə əsasən qalıq ümumi borc məbləğinin birdəfəlik olmaqla tam şəkildə sifarişçidən icraçının xeyrinə tutulmasına dair aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi xx.xx.2025-ci il tarixli, 4691 nömrəli müqaviləyə əsasən, “Saç par cihazı K-350, Salon alət masası MT252” cihazları cavabdeh X3 tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh xx.xx.2025-ci il tarixli, 4691 nömrəli müqavilə üzrə 328 manat ödəniş etmiş, 164 manat məbləğində qalıq borcu qalmış və müqavilənin 3.7-ci bəndinə əsasən 8.20 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə rəsmi qaydada cavabdeh X2 poçt vasitəsilə ünvanı üzrə göndərilmiş, lakin xx.xx.2025-ci il tarixdə “ünvan tam deyil” qeydi ilə məhkəməyə geri qaytarılmış, bundan sonra həmin məhkəmə sənədləri cavabdehə və ya ailə üzvlərinə çatdırılması üçün rəsmi qaydada Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərilmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və onun 164 manat ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi cavabdehə müqavilə üzrə razılaşdırılmış cihazları təhvil almışdır və öz imzası ilə bu aktın doğruluğunu təsdiqləmişdir. Belə ki, göründüyü kimi təhvil-təslim aktı ilə cavabdehin cihazları təhvil aldığı hər iki tərəfin imzaları ilə təsdiqləndiyindən, eyni zamanda məhkəmə bildirişi və sənədləri cavabdehə lazımi qaydada çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən hazırkı iş üzrə etiraz və ya qeyd edilən borcun əksini sübut edəcək hər hansısa dəlil məhkəməyə təqdim edilmədiyindən əlavə araşdırılma aparılmamışdır. Yekun olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “8.20 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 3.7-ci bəndinə əsasən, bu müqavilənin 3.5-ci bəndində qeyd edilmiş vəzifə sifarişçi tərəfindən icra edilmədiyi halda, icraçı tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 0.1% miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququnu yaratmış olur. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən əsaslarla 8.20 manat məbləğində cərimə borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qeyd olunanlara əsasən, 164 manat məbləğində əsas borc və 8.20 manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia tələbinə uyğun olaraq 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 164 manat əsas borc, 8.20 manat cərimə borcu olmaqla, cəmi 172.2 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar