Məhkəmə qərarları › İş №e-2-2(117)-974/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-974/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-974/2023 18.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “23802,68 manat əsas borcun, 2380,27 manat dəbbə pulunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “23802,68 manat əsas borcun, 2380,27 manat dəbbə pulunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 177 nömrəli Malların Satınalma müqaviləsinə əsasən satıcı alıcıya X2 göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin Müqavilənin 14.1-ci bəndinə əsasən, İcraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqaviləni xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimənin məbləği müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimənin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. Həmin Müqavilənin 21.1-ci bəndinə əsasən, Bu Müqavilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, imzalanmış və bu gündən xx.xx.2020-ci ilə qədər qüvvədədir və bu Müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasına qədər qüvvədədir. Alıcı Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə malları alıcıya təhvil verməmiş, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında müqavilə bağlanmış, qarşı tərəfə texniki avadanlıqlar satılmışdır. Lakin qarşı tərəf müqavilə ilə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə borcun ödənilməsi üçün müraciət edilməsinə baxmayaraq, borcu ödəməmişdir. Ona görə də bu mübahisə yaranmışdır. Cavabdehə dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət edilsə də ödəniş həyata keçirilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. xx.xx.2020-ci il tarixli 177 nömrəli malların alqı-satqı müqaviləsi üzrə X3 və X1 görünür ki, ümumilikdə 23802,68 manat məbləğində malların satılması nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 573 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixli 177 nömrəli müqaviləyə əsasən 23802,68 manat məbləğində mal stıcı tərəfindən alıcıya təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli 251485 nömrəli iddiaçı tərəfindən cavabdehə təqdim edilən Elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən ümumi dəyəri 20171,76 manat olan, ƏDV 3630,92 manat cəmi 23802,68 manat təşkil edən16 adda müvafiq məhsullar barədə qaimə Cavabdehnə göndərilmiş, həmin qaimə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən “Whatsapp yazışmaları”nın məzmunundan görünür ki, satıcı tərəfindən alıcının nümayəndəsindən borcları ödənilməsi vaxtaşırı tələb edilmiş və sonuncu borucnun olduğunu etiraf etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflər sifarişçi və icraşı kimi qeyd edilsə də, tərəflər arasında müqavilənin adından və mahiyyətindən də göründüyü kimi alqı-satqı müqaviləsi mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 177 nömrəli Malların Satınalma müqaviləsinə əsasən satıcı alıcıya X2 göstərilən malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır.Həmin Müqavilənin 21.1-ci bəndinə əsasən, Bu Müqavilə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və imzalanmışdır və bu gündən xx.xx.2020-ci ilə qədər qüvvədədir və bu Müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasına qədər qüvvədədir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli 177 nömrəli müqaviləyə əsasən 23802,68 manat məbləğində mal stıcı tərəfindən alıcıya təhvil verilmişdir (xx.xx.2020-ci il tarixli 573 nömrəli hesab-faktura, həmçinin elektron qaimə). Həmçinin, xx.xx.2019xx.xx.2023-cü illəri əhatə edən “Whatsapp yazışmaları”nın məzmunundan görünür ki, satıcı tərəfindən alıcının nümayəndəsindən borcları ödənilməsi vaxtaşırı tələb edilmiş və sonuncu borucnun olduğunu etiraf etmişdir. Eyni zamanda, mediasiya mərhələsində də mediatorun tərəflərlə apardığı danışıqlardan müəyyən edilir ki, cavabdehin nümayəndəsi borcun olduğunu və ödəniləcəyini bildirmişdir. Məhkəmə təqdim edilən sübutlara kompleks yanaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin icrası ilə bağlı iddiaçı tərəfindən cavabdehə qiyməti razılaşdırlmış 16 adda məhsulun cavabdehə təqdim edilməsi inkar edilmir, eyni zamanda qeyd edilən məhsullara görə cavabdeh tərəfindən hər hansı bir vəsait iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “2380,27 manat cərimə borcunun hesablanması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 14.1-ci bəndinə əsasən, İcraçı müqaviləni müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan müqaviləni xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimənin məbləği müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimənin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. Göründüyü kimi, müqavilədə İcraçı kimi göstərilən satıcı İddiaçı MMC tərəfindən öhdəlikləri icra edilmədiyi təqdirdə cərimə hesablanması nəzərdə tutulmuş, Cavabdeh MMC tərəfindən öhdəliklərin icrasının gecikdirilməməsi və ya icra edilməməsi halında hər hansı cərimə məbləğinin hesablanması qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Odur ki, iddiaçı dəbbə pulunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmadığından iddia həmin hissədə rədd edilməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, ödənilməmiş 168,55 manat dövlət rüsumunun 15,32 manatı İddiaçı MMC-dən, 153,23 manatı isə Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2020-ci il tarixli 177 nömrəli malların satınalma müqaviləsinə əsasən 23802,68 manat əsas borc məbləği və 181,83 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 168,55 manat dövlət rüsumunun 15,32 manatı İddiaçı MMC-dən, 153,23 manatı isə Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar