Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-976/2025 15.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq haqqının ödənilməsi” tələbi barədə iddia ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü tarixli AKZNG00- 000570 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinin dəyəri 4200 AZN təşkil etmişdir. Lizinq müqaviləsinin predmeti “Chevrolet” markalı “Niva” model, 2005-ci il istehsalı, gümüşü metallik rəngli, 20AB218 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili olmuşdur. Cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozularaq lizinq ödənişləri vaxtında edilməmiş, lizinq predmeti olan avtomobil lizinq verənin tələbinə əsasən dövri yoxlanış üçün təqdim edilməmişdir. Beləliklə cavabdehin İddiaçı MMC-yə 3926.02 AZN əsas borcu, 1520.70 AZN faiz borcu, 1019.28 AZN dəbbə borcu olmaqla ümumilikdə cəmi 6466 AZN pul borcu yaranmışdır. İddia tələbi on min manat məbləğdən az olduğundan məhkəmənin icraatına kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və həmin icraat çərçivəsində baxılmışdır. Məhkəmə iddia tələbini və sənədləri nəzərdən keçirib hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilməlidir ki, Lizinq verən İddiaçı MMC ilə Lizinq alan Cavabdeh arasında bağlanmış 24 avqust 2024-cü il tarixli AKZNG00-000570 saylı Daxili Lizinq müqaviləsinə əsasən iddiaçıya məxsus olan 4200 manat dəyərində “Chevrolet Niva” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil məbləğin 18 ay müddətində illik 18 faizlə birlikdə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Qeyd edilən müqavilənin predmeti lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərin ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı mübahisənin məzmunu lizinq predmeti olan minik avtomobilinin alınması və müvafiq borcun ödənilməməsi ilə bağlıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən tərəflərin VÖEN hesabı mövcuddur. Lakin bu hal cavabdehin qeyd edilən minik avtomobilini özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aldığını güman etməyə imkan vermir. Belə ki, minik avtomobili sahibkarlıq fəaliyyətindən əvvəl, şəxsi istehlak məqsədi ilə daha çox istifadə edilir və həmin avtomobilin təyinatı da bu istiqamətdə yönəlmişdir. Cavabdehin qeyd edilən avtomobili sahibkarlıq fəaliyyətində istifadəsi ilə bağlı tərəflər arasında müqavilə bəndlərində hər hansı bir razılaşma müəyyən edilmir. Belə ki, lizinq predmeti olan tikintidə, kənd təsərrüfatında, sərnişin daşımada istifadə edilən texnikalar, avtobuslar və digər avtomaşınlar olarsa, bu halda qeyd edilən avtonəqliyyat vasitələrinin təyinatının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu birmənalı bildirmək mümkündür. Hazırkı lizinq münasibətində isə qeyd edilən lizinq predmetinin məhz sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edilməsi yalnız mülahizə və fikirlərə əsaslanır, tərəflər arasında belə bir rəsmi razılaşma mövcud deyildir. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndində qeyd edilir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Qərarın 27-ci bəndinə əsasən, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Göründüyü kimi, qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkibi baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Hazırkı işdə tərəflər arasında mülki hüquq münasibətləri yaranan vaxt hər iki tərəfin sahibkar kimi müvafiq vergi orqanında uçota alınması əsas göstərilsə belə, tərəflərin birbirinə münasibətdə yaranmış mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması güman edilsə belə, cavabdeh qismində cəlb edilən şəxsin vergi orqanında uçota durduğu müəyyən edilməsi cavabdehin qeyd edilən lizinq predmeti olan minik avtomobilini özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aldığını güman etməyə imkan vermir. Məhkəmə hesab edir ki, mübahisənin subyekt baxımından hazırkı iddiaya baxılması məhkəmə aidiyyəti üzrə ümumi məhkəmənin səlahiyyətindədir. İş materiallarından müəyyən edilir ki, cavabdehin ünvanı Yevlax rayonu Gövər kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq haqqının ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-976/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-976/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver