Məhkəmə qərarları › İş №e-2-2(119)-1000/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1000/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1000/2022 20.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə3 və Nümayəndə1, Cavabdeh nümayəndəsi Mirzəyev Arif Muxtar oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 23 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən icra edilməmiş öhdəliyə görə 18226,59 (on səkkiz min iki yüz iyirmi altı manat 59 qəpik) manat məbləğində əsas borc, 13950 (on üç min doqquz yüz əlli) manat məbləğində cərimə və 200 (iki yüz) manat dövlət rüsumu olmaqla, cəmi 32376,59 (otuz iki min üç yüz yetmiş altı manat 59 qəpik) manat pulun alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh MMC arasında 16 mart 2018-ci il tarixində “hüq 140” nömrəli “qara metal qırıntısının” alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən Satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 46500 (qırx altı min beş yüz) manat təşkil edən malları (300 ton qara metalı) Alıcıya təhvil verməyi, Alıcı isə malları qəbul edib dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə uyğun olaraq mallar Alıcıya tərəflərin tərtib edərək-imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar Satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etdiyinin təsdiqidir. Belə ki, 2018-ci ilin mart ayından 2020-ci ilin iyun ayınadək Satıcı "xxxx" QSC tərəfindən 117,59 ton metal təhvil-təslim aktları əsasında Alıcı Cavabdeh MMC-yə verilmişdir. Müqavilənin 2.4.1-ci bəndinə uyğun olaraq təhvil verilən malı Satıcıdan qəbul edib, əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək Alıcının vəzifəsi olmuşdur. Lakin, Cavabdeh MMC təhvil aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə onun 18226,59 (on səkkiz min iki yüz iyirmi altı manat 59 qəpik) manat məbləğində borcu yaranmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Alıcı Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 13950 (on üç min doqquz yüz əlli) manat əlavə olaraq penya hesablanmışdır. Göründüyü kimi, iddiaçı "xxxx" QSC müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri natamam icra etmiş, bununla da "xxxx" QSC-nin hüquqları kobud şəkildə pozulmuş və hal-hazırda da pozulmaqda davam edir. Tələbin icrası üçün cavabdehə 13 iyul 2020-ci il tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb indiyədək təmin olunmamışdır. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclaslarında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə3 və Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən icra edilməmiş öhdəliyə görə 18226,59 manat məbləğində əsas borc, 13950 manat məbləğində cərimə və 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 32376,59 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclaslarında iddiaçı "xxxx" QSC-nin nümayəndələri suallara cavab olaraq bildirmişlər ki, tərəflər arasında bağlanmış 16 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh MMC-yə 4 dəfə, yəni 2018-ci ilin aprel, may, iyun və avqust aylarında müqavilədə nəzərdə tutulan qara metal verilmiş və bunu təsdiq edən 16 aprel 2018-ci il tarixli, 19 may 2018-ci il tarixli, 29 iyun 2018-ci il tarixli və 10 avqust 2018-ci il tarixli təhviltəslim aktları məhkəməyə təqdim edilmişdir. Hər bir əməliyyat üzrə, yəni hər bir təhviltəslim aktı üzrə də mallar təhvil verildikdən sonra Cavabdeh MMC-yə müvafiq qaydada elektron qaimələr göndərilmişdir. 10 avqust 2018-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdehə elektron qaimə təqdim olunsa da, cavabdeh tərəfindən həmin elektron qaimə düzəliş üçün geri qaytarılmışdır. Lakin, “düzəlişə” qaytarıldıqdan sonra həmin Akt üzrə elektron qaimə cavabdehə yenidən təqdim edilməmişdir. Malların satılmasını təsdiq edən 4 təhvil-təslim aktından 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktı üzrə əsas məbləğ Cavabdeh MMC tərəfindən tam ödənilmiş olsa da, 1282,73 manat dəyərində ƏDV məbləği ödənilməmişdir. 19 may 2018-ci il tarixli təhvil-təslim aktı üzrə olan borc isə tam ödənmişdir və həmin Akt üzrə verilən mala görə cavabdehin ödənilməmiş borcu qalmamaışdır. Lakin, digər iki təhvil-təslim aktı üzrə, yəni 29 iyun 2018-ci il tarixli və 10 avqust 2018-ci il tarixli təhvil-təslim aktları üzrə alınan malların dəyəri isə tam olaraq ödənilməmişdir. İddia ərizəsinin məzmununda texniki səhv olaraq Satıcı tərəfindən Alıcıya “117,59 ton” metal təhvil verildiyi qeyd olunsa da, əslində Alıcıya ümumilikdə cəmi 213,55 ton metal təhvil verilmişdir. Müqavilədə isə 300 ton malın verilməsi nəzərdə tutulmuşdur. Alıcı tərəfə ümumilikdə cəmi 213,55 ton mal verilmiş olsa da, cavabdeh tərəf bununla bağlı müqavilə şərtinin yerinə yetirilməsini və malın qalan hissəsinin də verilməsini tələb etməmişdir. 10 avqust 2018-ci il tarixli təhvil-təslim aktının Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmamasının səbəbi barədə məlumatları yoxdur. Tərəflər arasında bağlanmış Müqavilənin 4.1-ci bəndinə əsasən öhdəliklər tam icra edilənədək müqavilə qüvvədə olduğundan, hər iki tərəf müqavilə öhdəliklərini tam yerinə yetirmədiklərindən, həmin Müqavilə yenə də qüvvəsindədir və cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə ərizəsi tam əsassızdır. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 16 mart 2018-ci il tarixli “qara metal qırıntısının” alqı-satqısı müqaviləsi üzrə Alıcıya yalnız 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktında və 19 may 2018-ci il tarixli təhvil-təslim aktında nəzərdə tutulan mallar verilmişdir. Alıcı Cavabdeh MMC 19 may 2018-ci il tarixli təhvil-təslim aktı ilə verilmiş malın tam dəyərini, yəni həm ƏDV məbləğini, həm də malın qiymətini Satıcı tərəfə ödəmişdir. Lakin, 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktı ilə alınmış malın öz dəyəri ödənilmiş olsa da, həmin Akt üzrə hesablanmış 1282,73 manat məbləğində ƏDV borcu ödənməmişdir. Həmin ƏDV məbləğinin ödənilməli olmasını cavabdeh tərəf qəbul etsə də, cavabdeh MMC-nin fəaliyyətində yaranmış çətinliklərə görə həmin borcun hal-hazıradək ödənilməsi mümkün olmamışdır və çətinliklər aradan qalxan kimi, yəni Cavabdeh MMC-nin hesabı üzərinə qoyulmuş “sərəncam” götürülən kimi həmin ƏDV borcu ödəniləcəkdir. Lakin, digər təhvil-təslim aktlarında nəzərdə tutulan mallar faktiki olaraq cavabdeh tərəfə təqdim edilmədiyindən, verilmiş elektron qaimə də düzəliş edilməsi üçün geri qaytarılmışdır. Almadığı mallara görə, o cümlədən də 29 iyun 2018-ci il tarixli təhvil-təslim aktına əsasən hesablanmış borc üzrə Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməyəcəkdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 20 oktyabr 2022-ci ildə keçirilən sonuncu məhkəmə baxış iclasında Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia müddətini tətbiq edərək işin icraatına xitam verməklə iddianın rədd olunmasını xahiş etmiş və həmin ərizə - Azərbaycan Dəmir Yollan QSC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsində göstərilən faktların yalan və əsassız olması, tərəflər arasında alqı-satqı prosesinin 2018-ci ilin mart ayından həmin ilin iyul aylarında aparılması, iddia ərizəsində göstərilən 117,59 ton metalın miqdarının və 18226,59 manat malın dəyərinin və məbləğinin tərəflər arasında olan sənədlərə əsaslanmadan yalan göstərilməsi, əslində isə “Bisera LTD MMC-yə 2018-ci ilin may ayında 54,25 ton, iyun ayında isə 50,20 ton olmaqla, cəmi 104,45 ton x 131,36 manat = 13720,55 manat dəyərində metal verilməsi, alınan malın dəyərinin və 1186,97 manat ƏDV-nin 2018-ci ildə nağdsız qaydada QSC-nin bank hesabına ödənilməsi, 1282,73 manat ƏDV borcunun isə ödənilməməsi, Cavabdeh MMC 17 iyul 2018-ci il tarixdə göndərilən EKKA 635831 saylı elektron qaimədə göstərilən metalı almadığı üçün bir neçə dəfə qaimənin geri qaytarılması və bu haqqda "xxxx" QSC-nə rəsmi elektron məktub göndərilməsi, lakin 2019-cu ildən bu günə kimi həmin məktuba heç bir cavab verilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı "xxxx" QSC (VÖEN **********) ilə alıcı Cavabdeh MMC (VÖEN **********) arasında bağlanmış 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, “Satıcı” bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmiş təkər cütlərindən ibarət olan material qiymətlisini (bundan sonra “Mal” adlanacaq) Alıcının mülkiyyətinə (təhvil) verməyi, Alıcı isə malı qəbul edib, bu Müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini Satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə təhvil verilən “mal” aşağıdakılardan ibarətdir: - 300 (üç yüz) ton təkər cütləri oxla. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, X2 stansiyasının Yük həyətində elektron tərəzidə çəkildikdən sonra təhvil verilməsi, material elektron tərəzidə çəkildikdən sonra DÜİST 278786-ya (markalara və kateqoriyaya) əsasən 3%-dək itki nəzərə alınmaqla, sənədləşmə aparılması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, mal Alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında veriləcəkdir. Həmin Müqavilələrin 2.1.1-ci bəndinə əsasən, Satıcının Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə pul məbləğinin (qiymətin) Alıcı tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Həmin Müqavilənin 2.4.1-ci bəndinə əsasən, Alıcının təhvil verilən (satın alınan) malı Satıcıdan qəbul edib əvəzində bu Müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək vəzifəsi vardır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşən təhvil verilən malın 1 (bir) tonunun qiyməti bu Müqavilənin 1 №-li əlavəsində (spesifikasiyada) göstərilmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, bu Müqavilənin 3.1.-ci bəndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında Satıcıdan təhvil alınmamışdan əvvəl təqdim edilmiş hesaba uyğun şəkildə Alıcı tərəfindən köçürmə yolu ilə Satıcının bank hesabına ödənilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilənin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə Tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yazılı qaydada aparılır və Tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan huquqı qüvvəyə minir. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyildir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilənin 5.2-ci bəndi istisna olmaqla bütün digər hallarda tərəflər Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə, habelə öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və bu Müqavilədən irəli gələn öhdəliklərinin pozulmasına görə əldən çıxmış fayda istisna olmaqla, qarşı tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği Müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. Həmin Müqavilənin 9.4-cü bəndinə əsasən, hər bir tərəf onun olduğu yer və ya hüquqi/poçt ünvanı, bank rekvizitlərı, telefon, faks nömrələri dəyişildiyi təqdirdə, həmin dəyişikliklərin baş verdiyi tarixdən 10 (on) iş günü ərzində bu barədə digər Tərəfi yazılı şəkildə məlumatlandırmaq öhdəliyini daşıyır. İş materiallarında olan 16 aprel 2018-ci il tarixli təhvil-təslim Aktı ilə müəyyən olunur ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 54,250 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir (həmin Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmişdir). İş materiallarında olan 19 may 2018-ci il tarixli təhvil-təslim Aktı ilə müəyyən olunur ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 50,200 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir (həmin Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır). İş materiallarında olan 29 iyun 2018-ci il tarixli təhvil-təslim Aktı ilə müəyyən olunur ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 56,250 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir (həmin Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır). İş materiallarında olan 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktında göstərilir ki, satıcı "xxxx" QSC tərəfindən 16 mart 2018-ci il tarixli “Hüq 140” nömrəli Alqı-satqı Müqaviləsinə əsasən cəmi 52,850 ton mal alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir (həmin Akt Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmamışdır). İş materiallarından görünür ki, təqdim edən - satıcı "xxxx" QSC tərəfindən alıcı Cavabdeh MMC-yə 7126,28 manat malın dəyəri və 1282,73 manat ƏDV olmaqla, cəmi 8409,01 (səkkiz min dörd yüz doqquz manat 01 qəpik) manat dəyərində 54,250 ton metalın (təkər cütləri oxla) satılması barədə "aprel ayı üçün" qeydi yazılmış 10 may 2018ci il tarixli EAAJ seriyalı 035526 nömrəli Elektron Qaimə, 6594,27 manat malın dəyəri və 1186,96 manat ƏDV olmaqla, cəmi 7781,24 (yeddi min yeddi yüz səksən bir manat 24 qəpik) manat dəyərində 50,200 ton metalın (təkər cütləri oxla) satılması barədə "may ayı üçün" qeydi yazılmış 05 iyun 2018-ci il tarixli EAAJ seriyalı 649428 nömrəli Elektron Qaimə və 7389 manat malın dəyəri və 1330,02 manat ƏDV olmaqla, cəmi 8719,02 (səkkiz min yeddi yüz on doqquz manat 02 qəpik) manat dəyərində 56,250 ton metalın (təkər cütləri oxla) satılması barədə "iyun ayı üçün" qeydi yazılmış 17 iyul 2018-ci il tarixli EAAK seriyalı 635831 nömrəli Elektron Qaimə təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisi "xxxx" QSC-yə məxsus "Online Kargüzarlıq" elektron vergi kabinetindən 29 sentyabr 2022-ci il tarixli Çıxarışdan görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə təqdim olunmuş “cəmi 8409,01 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilən 10 may 2018-ci il tarixli EAAJ seriyalı 035526 nömrəli, “cəmi 7781,24 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilən 05 iyun 2018-ci il tarixli EAAJ seriyalı 649428 nömrəli və “cəmi 8719,02 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilən 17 iyul 2018-ci il tarixli EAAK seriyalı 635831 nömrəli Elektron Qaimələr təsdiqlənsələr də, “cəmi 8192 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilmiş 07 sentyabr 2018-ci tarixli EAAL seriyalı 933082 nömrəli Elektron Qaimə təsdiqlənməyərək, düzəlişə qaytarılmışdır. Lakin, həmin sonuncu X1 tərəfindən düzəliş edilərək yenidən Alıcıya göndərilməsi barədə məlumat və qeyd yoxdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş 23 iyul 2018-ci il tarixli HT seriyalı 724300 nömrəli, “iyun ayı üçün” qeydli elektron vergi hesab-fakturasından görünür ki, təqdim edən "xxxx" QSC tərəfindən alıcı Cavabdeh MMC-yə ümumi dəyəri ƏDV daxil cəmi 8719,02 (səkkiz min yeddi yüz on doqquz manat 02 qəpik) manat dəyərində 56,25 ton mal göndərilmiş olsa da, Cavabdeh MMC tərəfindən "xxxx" QSC-yə 21 iyul 2019-cu ildə məktub ilə müraciət edilərək, 23 iyul 2018-ci il tarixli HT seriyalı 724300 nömrəli vergi hesab-fakturası üzrə göstərilən malları almadıqlarından, həmin vergi hesab-fakturasını və elektron qaimənin ləğv edilməsi xahiş olunmuşdur. Lakin, iş materiallarında olan (yuxarda qeyd olunan) 29 sentyabr 2022-ci il tarixli elektron vergi kabinetindən Çıxarış məlumatları ilə müəyyən edilir ki, düzəliş üçün “cəmi 8719,02 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilmiş 17 iyul 2018-ci il tarixli EAAK seriyalı 635831 nömrəli Elektron Qaimə deyil, “cəmi 8192 manat məbləğində pulun ödənilməsi” ilə əlaqədar verilmiş 07 sentyabr 2018-ci tarixli EAAL seriyalı 933082 nömrəli Elektron Qaimə qaytarılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki 01 yanvar 2018-ci ildən 22 may 2020-ci il dövrünü əhatə edən hesab üzrə Çıxarışından görünür ki, 16 mart 2018-ci il tarixli 140 nömrəli Müqavilə üzrə “qara metalın” dəyərinin ödənilməsi ilə əlaqədar Cavabdeh MMC tərəfindən "xxxx" QSC-nin hesabına 13 aprel 2018-ci il tarixdə 7093,44 (yeddi min doxsan üç manat 44 qəpik) manat məbləğində və 13 iyun 2018-ci il tarixdə isə 6594,27 (altı min beş yüz doxsan dörd manat 27 qəpik) manat məbləğində ödənişlər olunmuşdur. İş materiallarında olan Cavabdeh “ƏDV sub-uçot” hesabından Çıxarışdan görünür ki, Cavabdeh hesabından "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “ƏDV sub-uçot” hesabına 12 iyun 2018-ci il tarixdə 1186,97 (min yüz səksən altı manat 97 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, satıcı "xxxx" QSC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 16 mart 2018-ci il tarixli “hüq 140” nömrəli Alqı-satqı Müqaviləsi üzrə Satıcı tərəfindən Alıcıya 54,250 ton, 50,200 ton və 56,250 ton malın satılması və satılan malların təhvil alınması barədə müvafiq olaraq Alıcı (malları təhvil alan) qismində Cavabdeh MMC-nin də nümayəndəsi tərəfindən imzalanaraq təsdiq olunmuş 16 aprel 2018-ci il tarixli, 19 may 2018-ci il tarixli və 29 iyun 2018-ci il tarixli təhvil-təslim Aktları mövcud olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 52,850 ton malın satılması barədə tərtib edilən 10 avqust 2018-ci il tarixli təhviltəslim Aktı Alıcı (malları təhvil alan) qismində Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmamış və bununla da, həmin Aktla qeyd olunan miqdarda malın sonuncuya təqdim olunması təsdiq olunmur. Eyni zamanda, müəyyən olunur ki, Alıcı tərəfindən imzalanmayan 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında təqdim edilmiş 07 sentyabr 2018-ci tarixli EAAL seriyalı 933082 nömrəli Elektron Qaimə alıcı Cavabdeh MMC tərəfindən təsdiqlənməyərək, düzəliş edilməsi üçün qaytarılmış olsa da, həmin Elektron Qaimənin düzəliş edilərək Alıcıya geri qaytarılması və bununla da, 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı üzrə Alıcı tərəfə müvafiq qaydada Elektron Qaimə təqdim edilməsi təsdiq olunmur. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və eyni zamanda, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" QSC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 16 aprel 2018ci il tarixli təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilən ƏDV daxil cəmi 8409,01 manat dəyərində mallara görə təqdim edilmiş 10 may 2018-ci il tarixli EAAJ 035526 nömrəli Elektron Qaimə üzrə Cavabdeh MMC-nin cəmi 1282,73 manat məbləğində ödənilməmiş borcu (ƏDV borcu) qalmış və bu hal məhkəmə iclasında cavabdehin nümayəndəsinin etirafı ilə yanaşı, iş materialları ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda, 29 iyun 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilən ƏDV daxil cəmi 8719,02 manat dəyərində mallara görə təqdim edilmiş 17 iyul 2018-ci il tarixli EAAK 635831 nömrəli Elektron Qaimə üzrə cavabdehin cəmi 8719,02 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Lakin, 19 may 2018-ci il tarixli təhvil-təslim Aktı əsasında cavabdehə təhvil verilən mallara görə təqdim olunmuş 05 iyun 2018-ci il tarixli EAAJ 649428 nömrəli Elektron Qaimə üzrə cavabdehin heç bir borcu qalmamış (məhkəmə iclaslarında iddiaçının nümayəndəsi də həmin elektron qaimə üzrə cavabdehin borcunun olmadığını təsdiq etmişdir), 10 avqust 2018-ci il tarixli təhvil-təslim Aktı isə cavabdehin (Alıcının - malı təhvil almalı olan Cavabdeh MMC-nin) nümayəndəsi tərəfindən imzalanmamış və həmin Akt üzrə müvafiq qaydada verilmiş və təsdiq olunmuş Elektron Qaimə mövcud deyildir. Odur ki, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, Cavabdeh MMC-nin 10 may 2018-ci il tarixli EAAJ 035526 nömrəli Elektron Qaimə üzrə 1282,73 manat məbləğində ödənilməmiş borc (ƏDV borcu) və 17 iyul 2018-ci il tarixli EAAK 635831 nömrəli Elektron Qaimə üzrə isə 8719,02 manat məbləğində ödənilməmiş borc (ƏDV borcu və malın dəyəri) olmaqla, cəmi 10001,75 (on min bir manat 75 qəpik) manat məbləğində əsas borcunun olması təsdiq olunur və əsas borca münasibətdə qeyd olunan cəmi 10001,75 (on min bir manat 75 qəpik) manat məbləğində pulun tutulması əsaslı hesab edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “13950 (on üç min doqquz yüz əlli) manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehdən cəmi 400 (dörd yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilələr üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, məhkəmə, cavabdeh tərəfin sonuncu məhkəmə iclasında məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi ilə əlaqədar – cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında vermiş olduğu izahatlarını, tərəflər arasında bağlanmış məlum müqavilə əsasında müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydaları və müddətlərini (Müqavilənin 4.1-ci bəndinin tələblərinə görə həmin Müqavilə öhdəliklər tam icra edilənədək qüvvədədir), tərəflər arasında mövcud olmuş işgüzar münasibətləri və qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, müqavilə bəndlərini təfsir edərkən hər iki müqavilə tərəfi ilə əlaqədar ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək müqavilə üzrə tərəflərin hərəkət və davranışlarını nəzərə almaqla, hesab edir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən edilmiş borc məbləğlərinin aid olduğu müqavilə üzrə öhdəliklərun icrası ilə bağlı iddia müddəti ötürülməmişdir və buna görə də, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1) və bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 10001,75 manat məbləğində əsas borc və 400 manat məbləğində cərimə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı da Cavabdehndən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, Cavabdehndən dövlət nəfinə 121,20 (yüz iyirmi bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10001,75 (on min bir manat 75 qəpik) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 10601,75 (on min altı yüz bir manat 75 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 121,20 (yüz iyirmi bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar