Məhkəmə qərarları › İş №e-2-2(119)-1002/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1002/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1002/2023 23.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı firmasının Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı firması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı firması ilə Cavabdeh2 Mahiq oğlu arasında bağlanmış müqaviləyə əsasən 3304 (üç min üç yüz dörd) manat məbləğində malın dəyərinin, gecikdirilmiş vaxt üçün vurulmuş zərərə görə 4590 (dörd min beş yüz doxsan) manat məbləğində pulun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı firmasına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı firması xx.xx.2020-ci il tarixdə cavabdeh fərdi sahibkar Cavabdeh2 ilə 043 saylı müqavilə bağlayaraq cavabdehə 3304 manat məbləğində beton qatqısı göndərmişdir. Müqavilənin şərtlərinə əsasən alıcıya mal göndərildikdən sonra 5 iş günü ərzində malın dəyəri bank köçürmə yolu ilə və ya nəğd qaydada iddiaçıya ödənilməli idi. Ötən müddət ərzində dəfələrlə cavabdehdən müqavilənin şərtlərinə əsasən malın dəyərinin ödənilməsi tələb olunsa da, cavabdeh könüllü olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, qanunvericilikdə nəzərə tutulmuş qaydada cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də, o, mediasiya prosesindən yayınmış və nəticədə xx.xx.2023-cü il tarixdə mediator tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim olunmuş və 100 manat məbləğində mediasiya xərci ödənilmişdir. Hal hazırda cavabdehin iddiaçıya əsas borc da daxil olmaqla dəbbə pulu ilə birgə 7894 manat borcu yaranmışdır. 14 avqust və 14 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı firmasının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Lakin məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı firmasının nümayəndəsi və Cavabdeh2 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı firması (VÖEN **********) ilə alıcı Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 02 mart 2020-ci il tarixli 043 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı razılaşdırma protokoluna əsasən təklif etdiyi materialları satır, alıcı isə göstərilən materialları qəbul edir. Həmin müqavilənin 3.1-ci bəndinə görə “alıcı” qəbul etdiyi malın dəyərini müqavilə şərtlərinə uyğun olaraq 50%-ni götürdüyü vaxt, qalan 50%-ni beş iş günü müddətində ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə görə elektron qaimə vurulduqdan sonra ilk 5 (beş) iş günü ərzində pul köçürülmədiyi halda hər gün üçün 0,1% dəbbə pulu hesablanacaq. İş materiallarından görünür ki, İddiaçı firması tərəfindən Cavabdeh2 4130 (3500 manat + 630 manat ƏDV) manat dəyərində malın satılması ilə əlaqədar 09 aprel 2020-ci il tarixli EBAİ seriyalı 588885 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı firması tərəfindən Cavabdeh2 1734,60 (1470 manat + 264,60 manat ƏDV) manat dəyərində malın satılması ilə əlaqədar 29 aprel 2020ci il tarixli EBAJ seriyalı 300393 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı firması tərəfindən Cavabdeh2 3304 (2800 manat + 504 manat ƏDV) manat dəyərində malın satılması ilə əlaqədar 10 iyun 2020-ci il tarixli EBAK seriyalı 954331 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan bank hesabından çıxarışlardan görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı firmasına 09 aprel 2020-ci il tarixdə EBAİ seriyalı 588885 nömrəli elektron qaimə üzrə 1400 manat, 14 may 2020-ci il tarixdə 2100 manat, EBAJ seriyalı 300393 nömrəli elektron qaimə üzrə ƏDV xaric 1470 manat məbləğində ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 02 oktyabr 2023-cü il tarixli 31 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdeh2 İddiaçı firmasına olan cəmi 9168,60 (1398,60 manat ƏDV) manat borcundan 5864,60 (894,60 manat ƏDV) manat bank vasitəsilə ödənilmiş, onun qalıq borcu 3304 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı firması ilə Cavabdeh2 arasında 02 mart 2020-ci il tarixli 043 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 3 elektron qaimə üzrə müxtəlif məbləğlərdə beton qatqısı təhvil verilmiş, lakin cavabdeh öhdəliyini tam icra etməyərək təhvil verilən 3304 manat dəyərində malın dəyərini ödəməmişdir. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı firması tərəfindən 100 (yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh2 ilə İddiaçı firması arasında 02 mart 2020-ci il tarixli 043 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 3304 (üç min üç yüz dörd) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin iddia ərizəsində dəbbə pulu olaraq əsaslandırılmış “gecikdirilmiş vaxt üçün vurulmuş zərərə görə 4590 (dörd min beş yüz doxsan) məbləğində pulun tutulması” hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 150 (yüz əlli) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 (VÖEN **********) 3304 (üç min üç yüz dörd) manat məbləğində borc və 150 (yüz əlli) manat məbləğində dəbbə pulu İddiaçı firmasının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı firması tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 54,54 (əlli dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 (VÖEN **********) 3304 (üç min üç yüz dörd) manat məbləğində borc, 150 (yüz əlli) manat məbləğində dəbbə pulu və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 3554 (üç min beş yüz əlli dörd) manat məbləğində pul vəsaiti İddiaçı firmasının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 dövlət nəfinə 54,54 (əlli dörd manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar