Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-102/2024 24.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 04 dekabr 2023-cü il tarixində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 27 fevral 2015-ci il tarixli 292-GL/15 nömrəli lizinq müqaviləsi üzrə cavabdehdən 1024 (min iyirmi dörd) manat məbləğində əsas borc, 684,48 (altı yüz səksən dörd manat, qırx səkkiz qəpik) manat məbləğində cərimə, 28 avqust 2015-ci il tarixli 2092-GL/15 nömrəli lizinq müqaviləsi üzrə isə 14808 (on dörd min səkkiz yüz səkkiz) manat məbləğində əsas borc, 6516,92 (altı min beş yüz on altı manat, doxsan iki qəpik) manat məbləğində cərimə, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzinin, ümumilikdə 23733,4 (iyirmi üç min yeddi yüz otuz üç manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2015-ci il tarixli 292-GL/15 nömrəli və 28 avqust 2015-ci il tarixli 2092-GL/15 nömrəli lizinq müqavilələrinə əsasən, lizinq verən - "xxxx" ASC kənd təsərrüfatı texnikalarını dəyərinin bir hissəsi əvvəlcədən, qalıq dəyəri isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın - Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni müddətləri razılaşdırılmış lizinq ödənişlərini vaxtında ödəməmiş, nəticədə maliyyə arayışının tərtib edildiyi 22 sentyabr 2023-cü il tarixinə cavabdehin 27 fevral 2015-ci il tarixli müqavilə üzrə 1024 manat məbləğində əsas, 684,48 manat məbləğində cərimə, 28 avqust 2015-ci il tarixli müqavilə üzrə isə 14808 məbləğində əsas və 6516,92 manat məbləğində cərimə borcları yaranmışdır. Bununla əlaqədar cavabdehin ünvanına pretenziya məktubu göndərilmiş, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 22 yanvar 2024-cü il tarixində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdehin hər iki lizinq müqaviləsi üzrə borc məbləğlərini ödədiyini, bununla əlaqədar həmin müqavilələr üzrə hesablanmış cərimə məbləğlərinin (müvafiq olaraq 684,48 manat və 6516,92 manat), o cümlədən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində və 200 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizədə cavabdeh tərəfindən borcla əlaqədar iddiaçının hesabına köçürülən ödənişlərin iş məhkəmə baxışına təyin edildikdən sonra iddiaçının müvafiq bank hesabında əks olunması və əsas borcun son qalıq məbləğinin iş məhkəmə baxışına təyin edildikdən sonra ödənilməsi səbəbindən hazırkı ərizənin işin baxış mərhələsində təqdim edildiyini qeyd etmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərini nəzərə alaraq, həmin ərizəni nəzərə almağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh iş məhkəmənin icraatında olduğu dövr ərzində, sonuncusu xx.xx.2024-cü il tarixində olmaqla müxtəlif məbləğlərdə ödənişlər edərək, ödəniş qrafiki üzrə növbəti dövrlər üzrə ödənişlər də daxil olmaqla bütün əsas borc öhdəliklərini yerinə yetirmiş, lakin hesablanmış cərimə məbləğlərini və iddiaçının çəkdiyi məhkəmə xərclərinə aid edilən məbləğləri ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını, xx.xx.2015-ci il tarixli 292-GL/15 nömrəli lizinq müqaviləsi üzrə hesablanmış 684,48 manat, xx.xx.2015-ci il tarixli 2092-GL/15 nömrəli lizinq müqaviləsi üzrə hesablanmış 6516,92 manat məbləğində cərimə borcunun, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində və 200 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh səhhəti ilə işləyə bilmədiyi üçün lizinqə götürdüyü kənd təsərrüfatı texnikalarından istifadə etməsinin müəyyən dövr ərzində mümkün olmadığını, hazırkı borc məbləğlərinin bununla əlaqədar yarandığını, iddiaçı təşkilata müraciət edərək özünün işləyə bilmədiyi üçün oğluna etibarnamə verilməsini xahiş etsə də, bunun nəzərə alınmadığını göstərdi və hər iki lizinq müqaviləsi üzrə əsas borc məbləğlərini ödəməsinin, İİ dərəcə əlilliyinin olmasının nəzərə alınaraq ödəməli olduğu digər məbləğlərin silinməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 fevral 2015-ci il tarixli 292-GL/15 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən ("xxxx" ASC) həmin müqavilənin spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından görünür ki, 1 ədəd “AGSD-24” markalı gübrəsəpənlə qoşulan taxılsəpən və 1 “Belarus-892” markalı traktor cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən verilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 26 fevral 2024-cü ildir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli maliyyə arayışından və 27 fevral 2015-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 1024 manat məbləğində əsas borc, 684,48 manat məbləğində cərimə borcu olmaqla, ödəməli olduğu məbləğin cəmi 1708,48 manatdır. İş materiallarında olan 28 avqust 2015-ci il tarixli 2092-GL/15 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq verən ("xxxx" ASC) həmin müqavilənin spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilələrin 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini 2 nömrəli Əlavədə qeyd olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 2.2.1-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini 2 nömrəli Əlavədə qeyd olunmuş qrafik üzrə vaxtında və tam həcmdə ödəyir. Həmin müqavilələrin müvafiq olaraq 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan həmin müqavilənin spesifikasiyasından görünür ki, 1 ədəd “AGODV-2051” mala diskli yüngül asma və 1 ədəd “Claas Dominator 130” markalı kombayn taxılyığan cavabdehə lizinqə verilmişdir. İş materiallarında olan həmin müqaviləyə əsasən verilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin bu müqavilə üzrə son ödəniş tarixi 30 sentyabr 2023-cü ildir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli maliyyə arayışından və 28 avqust 2015-ci il tarixli 2092-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 14808 manat məbləğində əsas borcu, 6516,92 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan 28 avqust 2015-ci il tarixli 2092-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən cavabdehin 2023-cü ilin 3-cü rübünə 14808 manat gecikdirilmiş əsas borcu, 6516,92 manat cərimə borcu olmaqla, ödəməli olduğu məbləğin cəmi 21324,92 manatdır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunmuş cavabdehə məxsus 15 yanvar 2024-cü il tarixli çıxarışdan görünür ki, cavabdeh lizinq müqavilələri üzrə əsas borc məbləğləri ilə bağlı, 26 oktyabr 2023-cü il tarixdə 7000 manat, 22 dekabr 2023-cü il tarixində 1000 manat məbləğində, 9 yanvar 2024-cü il tarixində 7808 manat məbləğində, 12 yanvar 2024-cü il tarixində isə 209 manat məbləğində ödənişlər həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən, "xxxx" ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015 və xx.xx.2015-ci il tarixli lizinq müqavilələri bağlanılmış, lizinq verən qismində çıxış edən hazırkı iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri isə tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə ona lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmiş, nəticədə onun həmin müqavilələr üzrə borcu və həmin müqavilələrin müddəalarına əsasən ödəməli olduğu cərimə məbləğləri yaranmış, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh hər iki müqavilə üzrə borc məbləğlərini məhkəmə proseslərinin davam etdiyi dövrdə ödəmiş, bundan sonra isə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək hər iki müqavilə üzrə yalnız hesablanmış cərimə məbləğlərinin və digər ödənişlərin cavabdehdən tutulmasını xahiş etmişdir. Hazırkı iddia tələbinin cavabdehdən xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə 684,48 manat, xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə isə 6516,92 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə 50 manat, xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə isə 250 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli 000İPX123352084B nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun hesabına 500 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi təmin edilməli, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 manat pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bunlardan əlavə, iddia tələbinin ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 20 noyabr 2023-cü il tarixli MŞS.MT.030.2023-02441 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya haqqı ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq iddia tələbinin bu hissəsi də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 27 fevral 2015-ci il tarixli lizinq müqaviləsi üzrə 50 manat məbləğində cərimə, 28 avqust 2015-ci il tarixli lizinq müqaviləsi üzrə 250 manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 1000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatadək olduqda, ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 27 fevral 2015-ci il tarixli 292-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 50 (əlli) manat məbləğində cərimə, 28 avqust 2015-ci il tarixli, 2092-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 250 (iki yüz əlli) manat məbləğində cərimə, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 1000 (min manat) məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-102/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-102/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver