Məhkəmə qərarları › İş №e-2-2(119)-1044/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1044/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1044/2024 05.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə əsas 1210 (min iki yüz on) ABŞ dolları, 615 (altı yüz on beş) avro borcun və ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında 01 fevral 2023-cü il tarixində “Xidmətlərin göstərilməsinə dair” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı yazılı sifariş əsasında müqavilədə razılaşdırılan xidmətlərin göstərilməsini, cavabdeh isə göstərilən xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə təqdim edilmiş xidmət sifarişinə əsasən daşıma həyata keçirilmiş və iddiaçı tərəfindən göstərilmiş xidmətə müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində cavabdehə hesab-fakturalar təqdim edilmiş və elektron-qaimə kəsilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş və göstərilmiş xidmətlərə görə ödənişlər həyata keçirilməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı malların yola salındığı tarixdən cavabdehə hesab-faktura təqdim edir. Cavabdeh məhsulu təhvil aldıqda dərhal iddiaçinin təqdim etdiyi hesab-faktura üzrə onun bank hesabına köçürmə yolu ilə xidmət haqqının ödənilməsini təmin edir. Lakin hazırkı vəziyyətdə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrası müəyyənləşdirilmiş vaxtdan əhəmiyyətli dərəcədə gecikdirilmiş və yerinə yetirilməmişdir. Hazırda sifarişçinin müqavilə üzrə ödənilməmiş əsas borcu SİNV/010351 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə 280 (iki yüz səksən) ABŞ dolları, SİNV/010433 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə 140 (yüz qırx) ABŞ dolları, SİNV/010471 nömrəli, xx.xx.2023cü il tarixli hesab-faktura üzrə 790 (yeddi yüz doxsan) ABŞ dolları, SİNV/011285 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə isə 615 (altı yüz on beş) avro təşkil edir. Müqavilənin 3.2.4-cü bəndinə əsasən cavabdehin iddiaçıya xidmət haqqını və digər çəkilən xərcləri, eləcə də, zərərlər üçün kompensasiyanı və cəriməni tam ödəmək öhdəliyi müəyyən edilmişdir. Müqavilənin 3.1.1-ci bəndi ilə ekspeditorun sifarişçidən müvafiq ödənişlərin həyata keçirilməsini tələb etmək hüququ təsbit edilmişdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilməsinə, bundan əlavə ünvanına pretenziya göndərilməsinə baxmayaraq müvafiq borc hazırkı tarixə qədər ödənilməmişdir. 05 iyul 2024-cü il tarixdə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək Cavabdehndən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə 3197,46 (üç min yüz doxsan yeddi manat qırx altı qəpik) manat məbləğində borcun və ödənilmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, “ekspeditor” İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) ilə “sifarişçi” Cavabdeh (VÖEN **********) arasında bağlanmış xidmətlərin göstərilməsinə dair 01 fevral 2023-cü il tarixli müqaviləyə əsasən müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan yazılı sifariş əsasinda ekspeditor tərəfindən yüklərin ilkin yerindən təyinat yerinə daşınması, çatdırılması xidmətinin göstərilməsi, gömrükləmə, anbarlama, çeşidləmə, yükaşırma və s. xidmətlər, sifarişçi tərəfindən isə göstərilən xidmətin qarşılığında razılaşdırılmış xidmət haqqının ödənilməsi təşkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən yükün adı, növü, ölçüləri, sayı, çəkisi, dəyəri, təhlükəli olub-olmadığı barədə məlumat, çatdırılma yeri, yük alanın ünvanı və digər xüsusiyyətləri barədə məlumatlar sifariş formasında göstərilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ekspeditor malların yola salındığı tarixdən sifarişçiyə hesab-faktura təqdim edir. Sifarişçi məhsulu təhvil aldıqda dərhal ekspeditorun təqdim etdiyi AZN (manat) ilə Mərkəzi Bankın günün məzənnəsinə uyğun olaraq bank hesabına köçürmə yolu ödənilməsini təmin edir. İş materiallarından görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdehnə 476 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 06 mart 2023-cü il tarixli EBDB seriyalı 171372 nömrəli, 238 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 05 aprel 2023-cü il tarixli EBDC seriyalı 965975 nömrəli, 1343 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 05 aprel 2023-cü il tarixli EBDC seriyalı 906955 nömrəli, 1140,46 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 08 sentyabr 2023-cü il tarixli EBDN seriyalı 894955 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdehnə 280 (iki yüz səksən) ABŞ dolları dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar SİNV/010351 nömrəli, xx.xx.2023-cü il tarixli, 140 (yüz qırx) ABŞ dolları dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar SİNV/010433 nömrəli, xx.xx.2023cü il tarixli, 790 (yeddi yüz doxsan) ABŞ dolları dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar SİNV/010471 nömrəli, xx.xx.2023-cü il tarixli, 615 (altı yüz on beş) avro dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar SİNV/011285 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura (invoys) təqdim olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında bağlanmış xidmətlərin göstərilməsinə dair 01 fevral 2023-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına borcu SİNV/010351 nömrəli, xx.xx.2023-cü il tarixli hesabfaktura üzrə 280 (iki yüz səksən) ABŞ dolları, SİNV/010433 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə140 (yüz qırx) ABŞ dolları, SİNV/010471 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-faktura üzrə 790 (yeddi yüz doxsan) ABŞ dolları, SİNV/011285 nömrəli, xx.xx.2023cü il tarixli hesab-faktura üzrə isə 615 (altı yüz on beş) avro təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında bağlanmış xidmətlərin göstərilməsinə dair 01 fevral 2023-cü il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ona yükdaşıma xidmətləri göstərilmişdir. Lakin Cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirməyərək 01 fevral 2023-cü il tarixli müqavilə üzrə daşıma xidmətlərinin dəyəri olan 3197,46 (üç min yüz doxsan yeddi manat qırx altı qəpik) manat məbləğində borcunu ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 3197,46 (üç min yüz doxsan yeddi manat qırx altı qəpik) manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi də təmin edilməli və iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdehndən 3197,46 (üç min yüz doxsan yeddi manat qırx altı qəpik) manat məbləğində borc və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3249,46 (üç min iki yüz qırx doqquz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 3197,46 (üç min yüz doxsan yeddi manat qırx altı qəpik) manat məbləğində borc və 52 (əlli iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3249,46 (üç min iki yüz qırx doqquz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar