Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1050/2022 20.09.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 29 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 4751 (dörd min yeddi yüz əlli bir) manat əsas borc, gecikdirilimiş 29 ay müddət ərzində dəymiş zərərə və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış 2755 (iki min yeddi yüz əlli beş) manat, hüquqi yardımdan istifadə etmək üçün 300 (üç yüz) manat və mediator xidmətindən istifadəyə görə 100 (yüz) manat olmaqla, ümumilikdə cəmi 7906 (yeddi min doqquz yüz altı) manat məbləğində borcun tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 iyul 2016-ci il tarixdən etibarən Sumqayıt şəhəri 2 saylı Ərazi Vergilər Departamentində (VÖEN **********) qeydiyyatdan keçərək, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və iddiaçı Müəssisə rezin və plastik boruların istehsalı və satışı ilə məşğul olur. İddiaçı sahibkar olduğu üçün bir neçə müəssisə və təşkilatlarla müqavilə bağlayaraq, rəsmi qaydada satış həyata keçirir. Belə müəssisələrdən biri də Cavabdeh MMC-dir. İddiaçı MMC Cavabdeh MMC ilə 30 oktyabr 2019-cu il tarixli 38 №-li Müqavilə imzalayaraq, rəsmi qaydada alqısatqı etməyə başlamışdır. İddiaçı hər ay cavabdehin sifariş etdiyi su və kanalizasiya borularını elektron qaimə əsasında cavabdehə təhvil vermişdir. İndiyə qədər Cavabdeh MMC ilə bağlanmış müqaviləyə əsasən 10694,61 (on min altı yüz doxsan dörd manat 61 qəpik) manat dəyərində rəsmi satış edilərək, Alıcıya elektron qaimə göndərilmişdir. Həmin borc məbləğindən cavabdeh tərəfindən müxtəlif vaxtlarda cəmi 5943 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına rəsmi qaydada ödəniş edilmişdir. Qalan 4751 (dörd min yeddi yüz əlli bir) manat borc vəsaiti isə hələ də bu günə kimi Cavabdeh MMC tərəfindən ödənilməmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, borcun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qalıq borc vəsaiti ödənilməyərək, müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən birtərəfli qaydada pozulmuşdur. Məhkəmə iclasında İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən İddiaçı xeyrinə 4751 manat əsas borc, gecikdirilimiş 29 ay müddət ərzində dəymiş zərərə və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış 2755 manat, hüquqi yardımdan istifadə etmək üçün 300 manat və mediator xidmətindən istifadəyə görə 100 manat olmaqla, ümumilikdə cəmi 7906 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 38 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə “Satıcı” plastik borular və birləşdirici hissələri (bundan sonra “mallar” adlandırılacaq) satır (2.1-ci bənd) və “Alıcı” isə “Satıcı”dan təklif olunan plastik boruları və birləşdirici hissələrini alır (2.2-ci bənd). Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, malların çeşidi, qiyməti və sayı “Alıcı”ya təqdim olunmuş qaimə fakturaya əsasən müəyyən olunur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “Satıcı” satılmış malları “Alıcıya” elektron qaimə-faktura əsasında təhvil verir. “Alıcı” isə elektron qaimə-faktura əsasında təhvil alır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, ’’Satıcı” malların təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri olan sənədləri “Alıcı”ya təqdim etməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” satdığı malları “Alıcıya” təhvil verdikdən sonra “Alıcı” qaimə-fakturada göstərilmiş malların dəyərini 1 ay (30 gün) müddətində tam olaraq ödəyir. Həmin Müqavilənin 5.2.2-ci bəndinə əsasən, “Alıcı" hər növbəti dəfə aldığı mal üçün alış tarixindən etibarən 1 ay (30 gün) müddətində malın dəyərini tam ödəməlidir. İş materiallarında olan sənədlərlə, o cümlədən də müvafiq qaydada tərtib edilərək təqdim olunmuş elektron qaimələrlə müəyyən olunur ki, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 11 noyabr 2019-cu il tarixli EBAC 249884 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 747,70 (yeddi yüz qırx yeddi manat 70 qəpik) manat dəyərində, 15 noyabr 2019-cu il tarixli EBAC 452554 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 6190,36 (altı min yüz doxsan manat 36 qəpik) manat dəyərində, 21 noyabr 2019-cu il tarixli EBAC 758094 nömrəli Elektron Qaimə üzrə 2181,63 (iki min yüz səksən bir manat 63 qəpik) manat dəyərində, 25 noyabr 2019-cu il tarixli EBAC 850476 nömrəli Elektron Qaimə üzrə 772,99 (yeddi yüz yetmiş iki manat 99 qəpik) manat dəyərində, 03 dekabr 2019-cu il tarixli EBAD 293504 nömrəli Elektron Qaimə üzrə 596,56 (beş yüz doxsan altı manat 56 qəpik) manat dəyərində və 03 dekabr 2019-cu il tarixli EBAD 294759 nömrəli Elektron Qaimə üzrə 205,37 (iki yüz beş manat 37 qəpik) manat dəyərində olmaqla, ümumilikdə ƏDV daxil cəmi 10694,61 (on min altı yüz doxsan dörd manat 61 qəpik) manat məbləğində müxtəlif plastik borular və birləşdirici hissələri satılmışdır. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 30 oktyabr 2019-cu il tarixli 38 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ümumilikdə cəmi 10694,61 manat dəyərində mal satılmış və həmin məbləğin 5943 manat hissəsi Satıcının bank hesabına ödənilmiş olsa da, 4751 manat məbləğində qalıq borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 30 oktyabr 2019-cu il tarixli 38 nömrəli Alqı-satqı Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 4751 (dörd min yeddi yüz əlli bir) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 4751 manat məbləğində əsas borcun və “gecikdirilimiş 29 ay müddət ərzində dəymiş zərərə və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış 2755 manatın” Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 30 oktyabr 2019-cu il tarixli 38 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 4751 (dörd min yeddi yüz əlli bir) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, “cavabdehdən gecikdirilimiş 29 ay müddət ərzində dəymiş zərərə və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış 2755 manatın tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamışdır. Eyni zamanda, həmin hissədə iddia tələbinin əsaslılığı iddia ərizəsində müvafiq qaydada əsaslandırılmamış və məhkəmə araşdırması zamanı da bu iddia tələbi, yəni “29 ay müddət ərzində dəymiş zərər və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış məbləğ olaraq “2755 manatın” tutulmalı olması” tədqiq olunan sübutlar və işin konkret halları ilə təsdiq olunmamışdır. Həmçinin, iddianın cavabdehdən “hüquqi yardımdan istifadə etmək üçün 300 manatın tutulması” hissəsində də əsaslılığı müəyyən olunmamışdır. Çünki, belə bir iddia tələbi verilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəməyə bu mübahisə üzrə hüquqi xidmət və yaxud yardımla əlaqədar hər hansı bir məbləğdə, o cümlədən də iddia tələbində qeyd olunan “300 manat” miqdarında pul vəsaitinin ödənilmiş olmasını təsdiq edən heç bir sübut təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həqiqətən və zərurətlə xərcləndiyi müəyyən olunduğu halda, məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” tutulmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 4751 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu dövlət rüsumunun əvəzi olaraq 67,51 (altmış yeddi manat 51 qəpik) manat məbləğində və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4751 (dörd min yeddi yüz əlli bir) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 67,51 (altmış yeddi manat 51 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4918,51 (dörd min doqquz yüz on səkkiz manat 51 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1050/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1050/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver