Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1057/2025 15.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Türkiyə Respublikasının “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Türkiyə Respublikasının “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Türkiyə Respublikasının “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 59086,1 (əlli doqquz min səksən altı ABŞ dolları, on sent) ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 mart 2021-ci il tarixli müqavilə münasibətləri ilə əlaqədar olaraq 02 aprel 2021-ci il tarixdə cavabdehə İHC**********083 nömrəli hesab-faktura üzrə cəmi 114750 ABŞ dolları dəyərində broyler inkubasiya yumurtaları göndərilərək təhvil verilmişdir. Həmin əməliyyatdan sonra şirkətlər arasındakı əvvəlki hesab-fakturalar da nəzərə alınmaqla cavabdehin iddiaçıya qalıq borcunun məbləği 59086,1 ABŞ dolları təşkil etmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyun 2025-ci il tarixli e-2-2(119)-1057/2025 nömrəli qərardadı ilə iddiaçı Türkiyə Respublikasının “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Cavabdehin nümayəndəsi 02 iyul 2025-ci il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsini 2025-ci ilin iyun ayında məhkəməyə təqdim etmişdir. Tərəflər arasında damazlıq broyler inkubasiya yumurtalarının alqı-satqısı barədə müqavilə bağlanılmış və həmin müqavilədən yaranan münasibətlər 2020-ci il və 01 aprel 2021-ci ili təşkil aid olmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, 01 aprel 2021-ci il tarixdə cavabdeh tərəfindən 114750 ABŞ dolları dəyərində damazlıq broyler inkubasiya yumurtalarının alınması məqsədilə əvvəlcədən avans ödənişi olaraq iddiaçıya göndərilərək bank hesabına pul ödəmişdir. Bank ödəniş sənədlərinə əsasən hüquqi şəxslər arasında olan kommersiya münasibətləri üzrə son ödəmələr 01 aprel 2021-ci il tarixini əhatə edir, ödəniş isə 114750 ABŞ dolları məbləğində təşkil etmişdir. İddiaçıya edilən son ödəniş tarixindən 4 ildən artıq vaxt keçmişdir. İddiaçı tərəf özü borcun yaranma vaxtını və tarixini müəyyən edə bilmir və borcun hansı gömrük və göndəriş sənədləri əsasında yaranması barədə sənədləri iş materiallarına əlavə etməmişdir. 01 aprel 2021-ci il tarixindən əvvəlki vaxtlara görə iddiaçının məhkəməyə təqdim etdiyi cədvəl üzrə cavabdeh tərəfindən ödənilən bank ödəniş və gömrük sənədlərinin surəti hazırkı ərizəyə əlavə edilmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin qeyd etmişdir ki, tərəflər arasında olan 01 yanvar 2021-ci il tarixli hesablaşmalardan görünür ki, cavabdehin iddiaçıya təxminən 151000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin ilin yanvar-aprel aylarında əlavə olaraq iddiaçı tərəfindən cavabdehə 310000 ABŞ dolları məbləğində mallar göndərilmiş, cavabdeh tərəfindən isə cəmi 400000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 02 aprel 2021-ci il tarixli hesab-faktura üzrə 114750 ABŞ dolları məbləğində broyler inkubasiya yumurtaları cavabdeh şirkətə göndərilmişdir. Daha sonra malların göndərilməsi və ödənişlərin edilməsi tarixlərində gecikmə halları müşahidə olunmağa başlamışdır. Bu fərq hazırda iddia tələbini təşkil edən 59086 ABŞ dolları məbləğini özündə ehtiva edir. Cavabdeh tərəfindən sonuncu ödəniş 01 aprel 2021-ci il tarixində 114750 ABŞ dolları məbləğində edilmişdir. Ötən müddət ərzində borcun ödənilməsi ilə bağlı tərəflər arasında şifahi danışıqlar olmuş, lakın aidiyyəti üzrə rəsmi müraciət edilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi 04 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiqi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan iddiaçı Türkiyə Respublikasının “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 29 mart 2021ci il tarixli 29032021-1 nömrəli broyler inkubasiya yumurtası müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) hər bir göndəriş üzrə 306000 ədəd ROSS 308 broyler inkubasiya yumurtası müqavilədə göstərilən qiymət, tarix və ödəniş şərtləri əsasında çatdırılır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, malların çatdırılma yeri “CİF Bakı/Azərbaycan”dır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, 2-ci göndərişdən sonra ilk göndərişin qalığı ödənilməlidir. İş materiallarında olan “X2” adlanan xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2024-xx.xx.2024 və xx.xx.2025-xx.xx.2025-ci illəri əhatə edən sənədlərə əsasən, cavabdehin iddiaçıya qalıq borcu 59086,1 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli İHC**********083 nömrəli invoys sənədi üzrə 114750 ABŞ dolları məbləğində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli köçürmə ərizəsi üzrə 71539,2 ABŞ dolları, 29 yanvar 2021-ci il tarixli köçürmə ərizəsi üzrə 50000 ABŞ dolları, 19 fevral 2021ci il tarixli köçürmə ərizəsi üzrə 50000 ABŞ dolları, 05 mart 2021-ci il tarixli köçürmə ərizələri üzrə 12229,6 və 14281,6 ABŞ dolları, 01 aprel 2021-ci il tarixli köçürmə ərizəsi üzrə 114750 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş vergi şəhadətnaməsi, 29 mart 2024-cü il tarixli fəaliyyət haqqında arayış sənədləri ilə hazırkı iş üzrə iddiaçı Türkiyə Respublikasının “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketinin Türkiyə Respublikasında qeydiyyata alındığı və fəaliyyət göstərdiyi təsdiq olunur. İş materiallarına, həmçinin gömrük bəyannamələri əlavə edilmişdir. Tətbiq edilən hüquq: “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü maddəsinə əsasən, xarici elementli mülki hüquqi münasibətlərə tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən, məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 443.0.7-ci maddəsinə əsasən, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri həmin işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli qərarının 2.1-ci bəndinə əsasən, məhkəmələrin beynəlxalq səlahiyyəti, xarici elementli mübahisələrin konkret dövlətin milli məhkəmələrinə olan aidiyyətidir. Əgər hər hansı dövlətin milli məhkəməsi xarici şəxslərin iştirakı ilə olan müvafiq iş üzrə beynəlxalq səlahiyyətə malik deyilsə, həmin işə baxa bilməz. Azərbaycan Respublikasının kommersiya məhkəmələri də xarici şəxslərin iştirakı ilə olan mübahisələrə yalnız o zaman baxa bilərlər ki, həmin mübahisələr üzrə beynəlxalq səlahiyyətə malik olsunlar. Həmin Qərarın 2.2-ci bəndinə əsasən, xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. Həmin Qərarın 5.6-cı və 5.7-ci bəndlərinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi). Tətbiq edilməli olan maddi hüququn seçilməsinə dair tərəflərin razılığı ayrıca müqavilə formasında və ya hər hansı müqavilənin şərtlərindən biri kimi ifadə edilə bilər. Məhkəmənin mövqeyi: İlk növbədə, qeyd edilməlidir ki, xarici elementli hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətə malik olub-olmaması və mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilib-edilməməsi baxımından iddia ərizəsinin mümkünlüyünün yoxlanılması ilə əlaqədar tərəflərin nümayəndələrinin iştirakları ilə 25 iyun 2025-ci il tarixdə iclas keçirilmiş və həmin tarixdə qəbul edilmiş qərardadla iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Məhkəmə həmin qərardadda təsbit etdiyi mövqeni bir daha təkrarlayaraq və “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü və 24.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 28-ci, 440.1-ci, 440.2-ci və 443.0.7-ci maddələrinə və tərəflər arasında bağlanmış 29 mart 2021-ci il tarixli 29032021-1 nömrəli müqavilənin 4-cü bəndinə əsaslanaraq qeyd edir ki, hazırkı iş üzrə Sumqayıt Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətə malikdir və mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir. İstinad edilən normaların dispozisiya şərtlərinə və tərəflərin razılaşdırdıqları müqavilə şərtlərinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun və bu kimi işlərə tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 29 mart 2021-ci il tarixli 29032021-1 nömrəli broyler inkubasiya yumurtası müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı alıcı qismində olan cavabdehi həmin müqavilənin predmeti olan mallarla təmin etməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının tələbinə əsasən cavabdehin ona olan borcunun məbləği hazırda 59086,1 ABŞ dolları məbləğində təşkil edir. Cavabdehin nümayəndəsi həmin pulu ödədiyini qeyd etməklə yanaşı, iddia müddətinin ötdüyünü göstərməklə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə verilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında cavabdeh tərəfindən sonuncu dəfə 01 aprel 2021-ci il tarixində ödəniş edildiyini bildirmişdir (cavabdehin təqdim etdiyi köçürmə sənədlərinə əsasən iddiaçıya sonuncu ödəniş 01 aprel 2021-ci il tarixinə təsadüf edir). İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra - 03 iyun 2025-ci il tarixdə müraciət etmişdir. Başqa sözlə, iddiaçının 01 aprel 2021-ci il tarixindən başlayaraq 3 il müddətində ödənişləri tələb etmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, yəni hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, hazırkı iddia ərizəsi mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən, yəni həmin müddət ötürülmüş olduğundan iddia təmin edilməməli, məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Türkiyə Respublikasının “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1057/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1057/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver