Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1066/2022 11.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 30 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 047 nömrəli Müqavilənin ləğvi, 754465, 319489 və 835995 saylı elektron qaimə üzrə 7741,74 (min qırx üç manat 50 qəpik) manat borc məbləği və 1393,51 (min üç yüz doxsan üç manat 51 qəpik) manat ƏDV məbləği olmaqla, cəmi 9135,25 (doqquz min yüz otuz beş manat 25 qəpik) manat məbləğində əsas borcun, qeyd edilən məbləğin Satıcıya ödənilməli olduğu 23 avqust 2021-ci il tarixindən 19 may 2022-ci il tarixinədək olan gecikdirilmiş 266 günə görə hesablanmış 2429 (iki min dörd yüz iyirmi doqquz) manat dəbbə pulunun və 100 (yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh MMC-dən tutuluraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC (VÖEN **********) ilə alıcı Cavabdeh MMC (VÖEN **********) arasında 23 iyul 2021-ci il tarixli 047 nömrəli “Mal alqı-satqı və xidmət müqaviləsi” (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı sifarişə uyğun malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul edib Müqavilə ilə razılaşdırılmış dəyəri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci yarımbəndinə əsasən Satıcı tərəfindən sifariş edilmiş malları Alıcıya təhvil verilsə də, Alıcı Müqavilənin 3.2.2-ci bəndinin tələblərini pozaraq təhvil verilmiş malların dəyərini Satıcıya ödəməmişdir. Alıcı həmin Müqavilə üzrə təqdim edilmiş 754465, 319489 və 835995 saylı qaimələr üzrə ümumilikdə 7741,74 (yeddi min yeddi yüz qırx bir manat 74 qəpik) manat və həmin məbləğə görə ödənilməli 1393,51 (min üç yüz doxsan üç manat 51 qəpik) manat ƏDV məbləğini bu günədək ödəməmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən Malların qiyməti təhvil-təslim edildiyi gün Satıcının verdiyi qiymət siyahısına əsasən müəyyən olunur. Alıcı faktura üzrə qəbul etdiyi malların dəyərini nağd satış zamanı malın təhvili anında (və ya təhvil anınandək) və nağdsız (bank köçürmə yolu ilə) satış zamanı 15 (on beş) təqvim günü müddətində “Satıcıya” ödənilməlidir. Müqavilənin 6.1-ci bəndinə uyğun olaraq tərəflərdən hər biri hazırkı müqavilə ilə üzərlərinə götürdüyü öhdəlikləri icra etməməyə və ya lazımınca icra etməməyə görə digər tərəfə vurduğu maddi və mənəvi zərərə, işgüzar nüfuzun ləkələnməsinə, hüququ pozulmuş tərəfin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərə, əmlakından məhrum olmasına və ya əmlakınnın zədələnməsinə, habelə əldən çıxmış faydaya görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Müqavilənin 6.4-cü bəndinə əsasən “Alıcı” malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə, 15 (on beş) təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirlən məbləğin 0,1 (sıfır tam onda bir) % miqdarında dəbbə pulu ödəməlidir. Məhkəməyə müraciət olunanadək mübahisənin mediasiya vasitəsilə həlli üçün mediasiya təşkilatına müraciət edilmiş olsa da, cavabdeh tərəf mediasiyada iştirak etməmişdir. Bununla bağlı 13 aprel 2022-ci il tarixli MBŞ/4-00824 saylı mediasiya arayışı təqdim edilmiş və mediasiyaya dair xərclər iddiaçı tərəfindən ödənmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və tərəflər arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 047 nömrəli Müqavilənin ləğvi, 754465, 319489 və 835995 saylı elektron qaimə üzrə 7741,74 manat borc məbləği və 1393,51 manat ƏDV məbləği olmaqla, cəmi 9135,25 manat məbləğində əsas borcun, qeyd edilən məbləğin Satıcıya ödənilməli olduğu 23 avqust 2021-ci il tarixindən 19 may 2022-ci il tarixinədək olan gecikdirilmiş 266 günə görə hesablanmış 2429 manat dəbbə pulunun və 100 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzinin Cavabdehndən tutuluraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 047 nömrəli “Mal alqı-satqı və xidmət” Müqaviləsinin şərtlərinə görə, “Satıcı” hazırkı müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları “Alıcı’nın mülkiyyətinə verməyi, “Alıcı” isə “Satıcı’nın satdığı malları qəbul edərək hazırkı müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, hazırkı müqaviləyə əsasən satılan malların hər birinin miqdarı və dəyəri qaimə-faktura ilə müəyyən edilir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən, “Alıcı” faktura üzrə qəbul etdiyi malların dəyərini nağd satış zamanı malın təhvili anında (və ya təhvili anınadək) və nisyə (bank köçürmə yolu ilə) satış zamanı isə 15 təqvim günü müddətində “Satıcı”ya ödənilməlidir. Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən, “Alıcı” malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə, 15 təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirilən məbləğin 0,1% miqdarında (aylıq 3%) dəbbə pulu ödəməlidir. Satıcı sifariş verilən malları müqavilə ilə nəzərdə tutulmuş müddətdə çatdırılmasını təmin etməzsə, hər bir gün gecikdirilən malların ümümi məbləğinin 0,1% miqdarında (aylıq 3%) dəbbə pulu ödəməlidir. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli EBBF 754465 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 1871,48 (min səkkiz yüz yetmiş bir manat 48 qəpik) manat (1586 manat malın dəyəri + 285,48 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli EBBG 319489 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 1837,14 (min səkkiz yüz otuz yeddi manat 14 qəpik) manat (1556,90 manat malın dəyəri + 280,24 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli EBBG 835995 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 5426,63 (beş min dörd yüz iyirmi altı manat 63 qəpik) manat (4598,84 manat malın dəyəri + 827,79 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 26 iyul 2021-ci il tarixli, 31 iyul 2021-ci il tarixli və 10 avqust 2021-ci il tarixli Təhvil-Təslim Aktlarından görünür ki, 23 iyul 2021-ci il tarixli “Mal alqı-satqı və xidmət” Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə müvafiq olaraq müxtəlif adda məhsullar təhvil verilmişdir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 23 iyul 2021-ci il tarixli 047 nömrəli “Mal alqı-satqı və xidmət” Müqaviləsinə əsasən alıcı Cavabdeh 30 iyun 2022-ci il tarixinə satıcı İddiaçınə cəmi 9135,25 manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, 23 iyul 2021-ci il tarixli 047 nömrəli “Mal alqı-satqı və xidmət” Müqaviləsi üzrə almış olduğu mallara görə cəmi 9135,25 (doqquz min yüz otuz beş manat 25 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində tərəflər arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 047 nömrəli müqavilənin ləğv edilməsi, ödənilməmiş 9135,25 (doqquz min yüz otuz beş manat 25 qəpik) manat məbləğində əsas borcun və “2429 (iki min dörd yüz iyirmi doqquz) manat məbləğində dəbbə pulunun” Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 23 iyul 2021-ci il tarixli 047 nömrəli “Mal alqı-satqı və xidmət” Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 9135,25 (doqquz min yüz otuz beş manat 25 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “2429 (iki min dörd yüz iyirmi doqquz) manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilə üzrə satılmış malların dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək, uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan dəbbə pulu məbləğinin də artması və dəbbə pullu məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, İddiaçı MMC iddia tələbində "23 iyul 2021-ci il tarixli 047 nömrəli Müqavilənin ləğv edilməsini” xahiş etsə də, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Belə ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 047 nömrəli “Mal alqı-satqı və xidmət” Müqaviləsinin "Müqavilənin müddəti və xitamı" adlanan 8-ci bəndində təsbit edilmişdir ki, bu müqavilə 23 iyul 2021-ci il tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir (8.1-ci yarımbəndi); Bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda və müqavilənin müddəti başa çatdıqdan sonra da tərəflər onun icrasını davam etdirdikdə müqavilə avtomatik olaraq eyni şərtlərlə uzadılmış olur (8.2-ci yarımbəndi); İstənilən Tərəf digər Tərəfə ən azı 30 (otuz) gün əvvəlcədən yazılı bildiriş verərək hər hansı bir səbəbdən bu Müqaviləyə xitam verə bilər. Xitam vermə barədə bu yazılı bildiriş alındıqdan sonra 30 günlük müddət başlanmış hesab ediləcəkdir (8.3-cü yarımbəndi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 047 nömrəli “bu müqavilə 23 iyul 2021-ci il tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir” və “istənilən Tərəf digər Tərəfə ən azı 30 (otuz) gün əvvəlcədən yazılı bildiriş verərək, hər hansı bir səbəbdən bu Müqaviləyə xitam verə bilər. Xitam vermə barədə bu yazılı bildiriş alındıqdan sonra 30 günlük müddət başlanmış hesab ediləcəkdir” – şərtlərinin müəyyən edilməsinə və eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsində “müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər” qaydasının təsbit edilməsinə baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi zamanı satıcı İddiaçı MMC müqavilə şərtlərinə və Mülki Məcəllənin tələblərinə uyğun olaraq “müqavilənin ləğv edilməsi tələbini” əks etdirən müvafiq yazılı təkliflə məlum Müqavilənin digər tərəfi alıcı Cavabdeh MMC-yə müraciət etməmişdir. Eyni zamanda, məhkəməyə təqdim olunmuş iddiaçı tərəfindən Cavabdeh MMC ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən "Pretenziya" məktubunda da "alqı-satqı müqaviləsinin ləğv edilməsi" ilə bağlı müvafiq tələb irəli sürülməmişdir (həmin "Pretenziya" məktubunda qarşı tərəfdən yalnız borcun ödənilməsi tələb edilmişdir). Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı əsaslılığı təsdiq edilmədiyinə görə “23 iyul 2021-ci il tarixli 047 nömrəli Müqavilənin ləğvi” barədə iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə Cavabdehndən 9135,25 manat məbləğində əsas borc və 500 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzi və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı da Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə ümumilikdə hesablanan 111,35 (yüz on bir manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 91,35 (doxsan bir manat 35 qəpik) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir (116,35 manat – 25 manat = 91,35 manat). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 9135,25 (doqquz min yüz otuz beş manat 25 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 25 (iyirmi beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9760,25 (doqquz min yeddi yüz altmış manat 25 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 91,35 (doxsan bir manat 35 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-1066/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1066/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver