Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1070/2025 15.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 2468 (iki min dörd yüz altmış səkkiz) manat məbləğində əsas bоrc və 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən iddiaçı alıcı qismində çıxış edən cavabdehi həmin müqavilənin predmetini təşkil edən mallarla təchiz etməyi, cavabdeh isə sözügedən malları qəbul edib onların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. İddiaçının nümayəndəsi 01 iyul 2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh2 izahatlarında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən dəyərdə malları, yəni polietilen üzlüklər təhvil almış, lakin həmin mallar keyfiyyətsiz olmuşdur. Malların təqdim edilməsi ilə əlaqədar 03 avqust 2022-ci il tarixli elektron qaiməfaktura da ona təqdim edilmişdir. Polietilen üzlükləri öz malının üzərinə vurduqdan sonra sifarişçiyə təhvil vermiş, daha sonra isə sifarişçi üzlüklərin yapışmaması səbəbindən malları geri qaytarmışdır. Təxminən 2 il ərzində mütəmadi olaraq iddiaçı təşkilatla əməkdaşlıq etmişdir. Sonuncu dəfə yararsız mal təqdim edildiyi üçün əməkdaşlıq sonlandırılmışdır. Bununla bağlı iddiaçı şirkətə müraciət etmiş və müştərilərini itirdiyini bildirmişdir. Texniki şöbənin işçilərinin iştirakı ilə yararsız mallara baxış keçirilmiş, lakin hər hansı tədbir həyata keçirilməmişdir. Eyni zamanda iddiaçının iddia məbləğinin ödənilməsi barədə xəbərdarlıq məktubuna yazdığı cavabında mallar yararsız olduğundan dəfələrlə artıq ziyan dəydiyini bildirmişdir. İddiaçının keyfiyyətsiz mallar təqdim etməsi nəticəsində ona dəymiş ziyan hazırkı iddia tələbindən daha çoxdur. Cavabdeh göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan 03 avqust 2022-ci il tarixli EBCB seriyalı 194887 nömrəli “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2468,92 manat məbləğində dəyəri olan mallar təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən "Onlayn kargüzarlıq” vasitəsilə 06 mart 2025-ci il tarixdə İddiaçı MMC-yə göndərilmiş məktubun məzmununda “hesablamaya qaldıqda sizin mənə verdiyiniz keyfiyyətsiz maldan mənə dəyən zərər mənim sizə olan borcumdan qat-qat çoxdur” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması (587.1.1); əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması 587.1.2; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi (587.1.3). Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (587.2.1.); lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (587.2.2). Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 589.1-ci və 589.2-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Həmin Məcəllənin 595.2-ci maddəsinə əsasən, bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyrimünasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında yaranmış alqı-satqı münasibətləri çərçivəsində iddiaçı cavabdehə 2468,92 manat dəyərində polietilen üzlüklər təqdim etmiş və bununla əlaqədar ona 03 avqust 2022-ci il tarixli EBCB seriyalı 194887 nömrəli elektron qaimə-faktura göndərmiş, lakin cavabdeh həmin malların dəyərini ödəməmiş, nəticədə onun iddiaçıya 2468 (iddia tələbində qeyd edilən məbləğ) manat məbləğində borcu yaranmışdır. İddiaçının cavabdehə qeyd edilən dəyərə malik malları təqdim etməsi istinad edilən elektron qaimə-fakturadan savayı, bilavasitə cavabdehin özünün izahatları ilə tam təsdiq edilməkdədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 2468 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı tərəfindən ona 2468 manat dəyərində malın təqdim edilməsini qeyd etməklə yanaşı, həmin malların keyfiyyətsiz olduğunu və nəticədə ona ziyan dəydiyini bildirsə də, bu halları təsdiq edən hər hansı sübutu (sübutları) məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 587.1-ci və 587.2-ci maddələrində satıcı tərəfindən lazımi keyfiyyətli olmayan əşyanın verildiyi, o cümlədən əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulduğu hallarda alıcının hüquqları sadalanmış, 588.1-ci maddəsində isə əşyanın qüsurları üçün satıcının cavabdeh olması alıcının əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirməsi ilə şərtləndirilmişdir. Mülki qanunvericiliyin istinad edilən normaları baxımından məhkəmə nəzərə alır ki, hazırda keyfiyyətsiz malın verildiyini iddia edən cavabdehin üzərinə həmin malların həqiqətən keyfiyyətsiz və istifadəyə yararsız olmasını, istinad edilən 587.1-ci və 587.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək bu barədə vaxtında satıcıya məlumat verməsini, satıcının isə bu və ya digər səbəblərdən bunu nəzərə almaması kimi halları təsdiq etməklə bağlı sübutetmə yükü düşür. Bu hissədə, həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 595.1-ci maddəsi keyfiyyət şərtlərinin pozulduğunu iddia edən alıcının üzərinə satıcıya ağlabatan müddətdə bildiriş verməli olmasını imperativ qaydada müəyyən edir. Lakin cavabdeh bu halları şifahi formada bildirməklə kifayətlənmiş, həmin halları təsdiq edən hər hansı təsdiqedici sübutu (sübutları) məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki Prosessual Məcəllə, 14.2-ci və 77.1-ci maddələr). Bundan əlavə, mülki qanunvericilik əşyanın qüsurları ilə bağlı tələblərin irəli sürülməsini müddətlə məhdudlaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 589.1-ci və 589.2-ci maddələrinə əsasən, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Məhkəmə mülki qanunvericiliyin məhz bu normalarına istinad edərək qeyd edir ki, əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilmədiyi halda (belə bir müddətlə bağlı razılıq məhkəməyə təqdim edilməmişdir), cavabdeh əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən (elektron qaimə-fakturanın tarixinə uyğun olaraq 03 avqust 2022-ci il tarixdə) iki il ərzində mübahisələndirmək imkanına malik olsa da, bundan istifadə etməməklə, həmin müddətə də riayət etməmişdir. Cavabdehin irəli sürdüyü dəlilləri işin faktiki halları və istinad edilən maddi və prosessual hüquq normaları ilə birgə təhlil edən məhkəmə, yuxarıda şərh edilənlərə əsasən, onları əsaslı hesab etmir. Bundan başqa, iş materiallarında olan 02 iyun 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilənlərə əsasən, iddia tələbinə mütənasib olaraq dövlət rüsumunun məbləği 44,68 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2468 manat məbləğində əsas borc və 44,68 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2512,68 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 2468 (iki min dörd yüz altmış səkkiz) manat məbləğində əsas bоrc və 44,68 (qırx dörd manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2512,68 (iki min beş yüz on iki manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1070/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1070/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver