Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1079/2025 30.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı “Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehdən 998,68 (doqquz yüz doxsan səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 469 (dörd yüz altmış doqquz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1467,68 (min dörd yüz altmış yeddi manat, altmış səkkiz qəpik) manat məbləğində borcun və 34,68 (otuz dörd manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 05 mart 2020ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq cavabdehin sifarişi ilə iddiaçı tərəfindən mallar ona təqdim edilmiş, lakin cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə təhvil verilmiş mallar üzrə onun 998,68 manat məbləğində əsas borc, 469 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1467,68 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 mart 2020-ci il tarixli 08681 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər razılığa gəlmişlər ki, alıcı (Cavabdeh) satıcının (İddiaçı MMC-nin) təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assortimenttə alıcıya təhvil verəcək və alıcı sifarişə uyğun çatdırılmış malları təhvil alacaq və malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı malları satıcının nümayəndəsi vasitəsilə, yazılı formada, faks vasitəsilə, telefon vasitəsilə, elektron poçt vasitəsilə, online sifariş formasında sifariş verə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, satıcı malları alıcıya təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq malların təhvil-qəbul aktını (“Akt”) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri alıcıya təqdim etməlidir. Aktla birlikdə satıcı malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləri də (bundan sonra “Digər Sənədlər”) alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. Həmin müqavilənin 7.10-cu bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. Həmin müqavilənin 8.8-ci bəndinə əsasən, alıcı satıcıya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. Alıcı satıcıya ödəməli olduğu nəğd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin satıcının bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır. İş materiallarında olan 06 yanvar 2020-ci il tarixli HDP/4 seriyalı 16055 nömrəli malların təhvil-qəbul aktına əsasən 188,68 manat, 10 yanvar 2020-ci il tarixli HDP/4 seriyalı 256876 nömrəli malların təhvil-qəbul aktına əsasən 261,71 manat, 06 mart 2020-ci il tarixli HDP/4 seriyalı 729797 nömrəli malların təhvil-qəbul aktına əsasən 193,7 manat, 06 mart 2020-ci il tarixli HDP/4 seriyalı 729798 nömrəli malların təhvil-qəbul aktına əsasən 231,37 manat, 13 mart 2020-ci il tarixli HDP/5 seriyalı 105550 nömrəli malların təhvil-qəbul aktına əsasən 291,72 manat, 04 iyun 2020-ci il tarixli HDP/5 seriyalı 967876 nömrəli malların təhvil-qəbul aktına əsasən 194,54 manat, 07 avqust 2020-ci il tarixli HDP/6 seriyalı 649389 nömrəli malların təhvil-qəbul aktına əsasən 217,94 manat məbləğində mal olmaqla, ümumilikdə 1579,66 manat məbləğində mallar alıcı tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 10 mart 2020-ci il tarixli EBAH seriyalı 422317 nömrəli elektron qaimə-fakturaya əsasən 193,73 manat, 11 mart 2020-ci il tarixli EBAH seriyalı 509164 nömrəli elektron qaimə-fakturaya əsasən 231,35 manat, 06 may 2020-ci il tarixli EBAJ seriyalı 538344 nömrəli elektron qaimə-fakturaya əsasən 166,8 manat, 11 iyun 2020-ci il tarixli EBAK seriyalı 940801 nömrəli elektron qaimə-fakturaya əsasən 165,85 manat, 26 iyun 2020-ci il tarixli EBAL seriyalı 638497 nömrəli elektron qaimə-fakturaya əsasən 193,68 manat, 14 iyul 2020-ci il tarixli EBAM seriyalı 270630 nömrəli elektron qaimə-fakturaya əsasən 171,31 manat, 20 iyul 2020-ci il tarixli EBAM seriyalı 605787 nömrəli elektron qaimə-fakturaya əsasən 168,03 manat, 14 avqust 2020-ci il tarixli EBAN seriyalı 642133 nömrəli elektron qaimə-fakturaya əsasən 217,96 manat məbləğində olmaqla, ümumilikdə 1508,71 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 05 mart 2020-ci il tarixli 08681 nömrəli alqı-satqı müqaviləsi üzrə 02 aprel 2025-ci il tarixinə 998,68 manat məbləğində əsas borc, 469 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1467,68 manat məbləğində borcu borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 05 mart 2020-ci il tarixli 08681 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, satıcı qismində çıxış edən iddiaçı müqavilə öhdəliklərinə uyğun olaraq həmin müqavilənin predmeti olan malları cavabdehə təqdim etsə də, alıcı qismində iştirak edən cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək təhvil aldığı malların dəyərini tam olaraq ödəməmiş və bununla da öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 05 mart 2020-ci il tarixli 08681 nömrəli alqı-satqı müqaviləsi üzrə 998,68 manat məbləğində borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 469 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (alqı-atqı müqaviləsinin yuxarıda istinad edilmiş 7.10cu bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 469 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehdən cəmi 50 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 34,68 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 21 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 34,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 30,48 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 998,68 manat məbləğində borc, 50 manat məbləğində cərimə və 30,48 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1079,16 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 998,68 (doqquz yüz doxsan səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində borc, 50 (əlli) manat məbləğində cərimə və 30,48 (otuz manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1079,16 (min yetmiş doqquz manat, on altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-1079/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1079/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver