Məhkəmə qərarları › İş №e-2-2(119)-108/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-108/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-108/2025 15.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı ”borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli müqavilənin ləğv edilməsi və Cavabdeh 4525 (dörd min beş yüz iyirmi beş) manat məbləğində əsas borc, 6107,75 (altı min yüz yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10632,75 (on min altı yüz otuz iki manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2015-ci il tarixli, 1737-GL/15 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texnikanın məbləğini ödəniş qrafikinə uyğun ödəmək şərtilə lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 20 avqust 2024-ci il tarixə 24 aprel 2015-ci il tarixli, 1737- GL/15 nömrəli müqavilə üzrə 4525 (dörd min beş yüz iyirmi beş) manat məbləğində gecikdirilmiş borc, 6107,75 (altı min yüz yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 10632,75 (on min altı yüz otuz iki manat, yetmiş beş qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmişdir. 01 noyabr 2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi nümayəndəsi Nümayəndə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək Cavabdeh 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli müqavilə üzrə 4525 (dörd min beş yüz iyirmi beş) manat məbləğində əsas borc, 6107,75 (altımin yüz yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10632,75 (on min altı yüz otuz iki manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi vəkil Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni müdafiə edib, həmin ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə Cavabdeh arasında bağlanmış “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 18808 (on səkkiz min səkkiz yüz səkkiz) manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikaların qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli lizinq müqaviləsinin 2 nömrəli əlavəsi olan ödəniş qrafikində lizinq alan Cavabdeh lizinq verənə borcunun son ödəniş tarixi 23 aprel 2022-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və Cavabdeh həmin ödəniş qrafikini imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01 yanvar 2017-ci il tarixli 307/ü nömrəli “Texnikların yenidən lizinqə verilməsi barədə” Əmrindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 mart 2013-cü il tarixli 137-L/13 və 266ü/xx.xx.2013 nömrəli, 27 avqust 2012-ci il tarixli 1041-L/12 və 1432ü/xx.xx.2012 nömrəli müqavilələrə xitam verilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən "AGGD-33" markalı diskli qoşulan mala, "AGMP-5" markalı 5 gövdəli asma kotan, "OTT-5" markalı toxumtəmizləyən, "Belarus-1221" markalı traktora güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli müqavilə üzrə Cavabdeh əsas borcu 4525 (dörd min beş yüz iyirmi beş) manat təşkil edir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 24 aprel 2015-ci il tarixli 1737- GL/15 nömrəli müqavilə üzrə Cavabdeh əsas borcu 4525 (dörd min beş yüz iyirmi beş) manat, cərimə borcu 6107,75 (altı min yüz yeddi manat yetmiş beş qəpik) manat təşkil edir. İş materiallarında olan ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 24 aprel 2015-ci il tarixli 1737- GL/15 nömrəli müqavilə üzrə Cavabdeh ümumilikdə 6107,75 (altı min yüz yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN: **********) arasında “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli müqavilə bağlanmış, iddiaçı tərəfindən "AGGD-33" markalı diskli qoşulan mala, "AGMP-5" markalı 5 gövdəli asma kotan, "OTT-5" markalı toxumtəmizləyən, "Belarus-1221" markalı traktor cavabdehə lizinqə verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək vaxtlı-vaxtında lizinq ödənişləri həyata keçirilməmişdir. Buna görə də, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 24 aprel 2015-ci il tarixli 1737-GL/15 nömrəli müqavilə üzrə ödənilməmiş 4525 (dörd min beş yüz iyirmi beş) manat məbləğində əsas borc Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən 6107,75 (altı min bir yüz yeddi manat yetmiş beş qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, cərimə məbləği azaldılmalı və Cavabdeh iddiaçının xeyrinə 230 (iki yüz otuz) manat cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 4525 (dörd min beş yüz iyirmi beş) manat məbləğində əsas borc və 230 (iki yüz otuz) manat məbləğində cərimə olmaqla, cəmi 4755 (dörd min yeddi yüz əlli beş manat) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 67,55 (altmış yeddi manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 4525 (dörd min beş yüz iyirmi beş) manat məbləğində əsas borc və 230 (iki yüz otuz) manat məbləğində cərimə olmaqla, cəmi 4755 (dörd min yeddi yüz əlli beş manat) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 67,55 (altmış yeddi manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar