Məhkəmə qərarları › İş №e-2-2(119)-1082/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1082/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1082/2025 05.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1885,08 (min səkkiz yüz səksən beş manat, səkkiz qəpik) manat məbləğində borc, 377 (üç yüz yetmiş yeddi) manat məbləğində cərimə və 39 (otuz doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmiş tələb üzrə ərizə və ona əlavə edilmiş sənədlər Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli e-2-2(119)-778/2025 nömrəli qərardadı və 28 aprel 2025-ci il tarixli e- 2-2(119)-813/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci, 152.1.5-ci və 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış və bunun, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmişdir. Belə ki, iddiaçı tərəfindən ərizənin məzmununda Cavabdeh2 cavabdeh qismində göstərilərək tələb həmin cavabdehə qarşı yönəldilsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinin “Tərəflər” bölməsinə Cavabdeh2 adı qeyd edilmiş, lakin onun olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsinin məzmununda və “Tərəflər” bölməsində cavabdehin ünvanı barədə məlumatları göstərməməklə Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən 149.2-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunan 13 mart 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Qeyd olunan qanunvericilik aktından göründüyü kimi, hazırkı iddia ilə məhkəməyə müraciət edilən zaman iddia tələbinin ümumi məbləği 2262,08 (1885,08 manat məbləğində əsas borc + 377 manat məbləğində dəbbə pulu = 2262,08 manat) manat olduğundan hazırkı iddia tələbinə mütənasib olaraq dövlət rüsumunun məbləği 42,62 manatdır. Bu baxımdan da iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 39 manat məbləğində deyil, 42,62 manat məbləğində dövlət rüsumu ödəməli idi. Həmçinin hazırkı ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilsə də, “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinin “Məhkəmənin adı” hissəsində Bakı Kommersiya Məhkəməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlardan əlavə, iddia ərizəsi iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş etibarnamənin məzmununda iddia ərizəsinin imzalanması ilə bağlı səlahiyyət xüsusi olaraq qeyd edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə nümayəndənin iddia ərizəsini imzalaması ilə bağlı səlahiyyəti etibarnamədə xüsusi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, iş materiallarına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə qeyd olunan sistem vasitəsilə cavabdehə göndərilməsi nəzərdə tutulmuş pretenziya məktubunu əlavə edilmişdir. Lakin həmin məktubun məzmununda cavabdehin elektron kabinetinə yerləşdirildiyi tarixlə bağlı hər hansı məlumat əks etdirilməmiş və ya bununla bağlı iş materiallarına hansısa sənəd əlavə edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə iddiaçı tərəfindən məlum mübahisənin məhkəməyəqədər həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini müəyyən etdiyi müddətinin gözlənilib-gözlənilməməsi halını yoxlamaq imkanından məhrum olur. Digər tərəfdən iddiaçı pretenziya məktubunda “pretenziya tələblərinin icra edilməsi üçün müddət” hissəsində müddəti 5 gün müəyyən etsə də, həmin pretenziya məktubunun mətnində müddəti 3 gün müəyyən etmişdir. Həmçinin sözügedən məktubda iş materiallarına əlavə edilməmiş 30 yanvar 2023-cü il tarixli müqaviləyə istinad edilmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar