Məhkəmə qərarları › İş №e-2-2(119)-1095/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1095/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1095/2025 26.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 sentyabr 2024-cü il tarixli FT030924Fl1011X nömrəli müqavilə üzrə Cavabdehndən 26085,44 (iyirmi altı min səksən beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 13199,01 (on üç min yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə 1304,27 (min üç yüz dörd manat iyirmi yeddi qəpik) manat məbləğində gecikmə faizi, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqı və 213 (iki yüz on üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 41801,72 (qırx bir min səkkiz yüz bir manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında sürtkü yağları və filterlərin satışı ilə bağlı 03 sentyabr 2024-cü il tarixli, FT030924Fl1011X nömrəli müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırılması protokoluna əsasən alıcıya mallar təqdim edilmiş, lakin indiyədək heç bir ödəniş edilməmişdir. Hazırda 22106,3 manat əsas borc və 3979,14 manat ƏDV daxil (ümumilikdə 26085,44 manat) borcu qalmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən və İddiaçı Məhdud Məsuliyyətli tərəfindən göndərilən pretenziya məktubu üzrə tələbləri icra etmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflər arasında bağlanmış sürtkü yağları və filterlərin satışı ilə bağlı 03 sentyabr 2024-cü il tarixli FT030924Fl1011X nömrəli müqavilənin 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2% həcmində cərimə ödəməyi alıcı öhdəsinə götürür. Müqavilənin qüvvəyə mindiyi 03 sentyabr 2024-cü il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək (13 may 2025-ci il) artıq cavabdeh 8 ay 10 gün (253 gün) olacaq ki, müqavilə üzrə öhdəliyini icra etmir. Bu səbəbdən cavabdeh həm əsas borc (yəni 26085,44 manat), həm də borcun ödənilməsinin gecikdirilməsinə görə ümumi məbləğin 0,2% həcmində (bir gün üçün- 26085,44x0,2:100=52,17), yəni 253 gün üçün ümumilikdə (253x52,17=13199,01 manat) məbləğində cərimə ödəməlidir. Hazırda müqavilənin sonuncu icra edilməli olan tarixindən pul vəsaitinin qanunsuz saxlanılması üçün cavabdehdən müvafiq faiz tutulmalıdır. İddia verildiyi günə görə bank uçot faiz dərəcəsi 7,25% təşkil edir. Odur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırdığına görə cavabdeh iddianın verildiyi günədək 8 ay 10 gün (253 gün) müddət hesablanmaqla (1 il üçün 7,25%, 253 gün üçün isə (7,25x253:365=5,02%) hesablanmaqla) əsas borcun 5%-i məbləğində gecikmə faizi ödəməlidir (26085,44x5:100=1304,27 manat). Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh ilə arasında bağlanmış 03 sentyabr 2024-cü il tarixli FT030924Fl1011X nömrəli müqaviləyə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq sürtkü yağlarını və filterləri alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi qiymətlərin razılaşdırma protokolunda göstərilir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə ödənişlər qiymət Razılaşdırılması Protokoluna əsasən həyata keçirilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən ödəniş şərtləri qiymət Razılaşdırılması Protokolunda göstərilmədiyi halda mallar təhvil verildikdən sonra, 14 (on dörd) təqvim günü ərzində həyata keçirilir və aşağdakı şərtlər qüvvəyə minir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,2%-i həcmində cərimə ödəməyi alıcı öz öhdəsinə götürür. İş materiallarında olan 04 sentyabr 2024-cü tarixli 6916 nömrəli qiymət razılaşdırma protokoluna əsasən satılan malların qiyməti ƏDV daxil 10270,13 manat, 09 sentyabr 2024-cü tarixli 6954 nömrəli qiymət razılaşdırma protokoluna əsasən satılan malların qiyməti ƏDV daxil 794,38 manat, 13 sentyabr 2024-cü tarixli 6984 nömrəli qiymət razılaşdırma protokoluna əsasən satılan malların qiyməti ƏDV daxil 8136,34 manat, 23 sentyabr 2024-cü tarixli 7054 nömrəli qiymət razılaşdırma protokoluna əsasən satılan malların qiyməti ƏDV daxil 6884,59 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 10270,13 manat məbləğində malların satılması ilə əlaqədar 04 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10239189 nömrəli, 794,376 manat məbləğində malların satılması ilə əlaqədar 09 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı 10580121 nömrəli, 8136,34 manat məbləğində malların satılması ilə əlaqədar 13 sentyabr 2024-cü il tarixli MT2409 seriyalı ********* nömrəli, 6884,59 manat məbləğində malların satılması ilə əlaqədar 23 sentyabr 2025-ci il tarixli MT2409 seriyalı 11368568 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil 10270,13 manat dəyərində, 09 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil 794,38 manat dəyərində, 13 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil 8136,34 manat dəyərində və 23 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil 6884,59 manat dəyərində mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 03 sentyabr 2024-cü il tarixli FT030924Fl1011X nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumilikdə 26085,44 (iyirmi altı min səksən beş manat qırx dörd qəpik) manat dəyərində mallar təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini ödəməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 03 sentyabr 2024-cü il tarixli FT030924Fl1011X nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 26085,44 (iyirmi altı min səksən beş manat qırx dörd qəpik) manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən cərimə (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə hərəkətin edildiyi andan tutulmalıdır. Cərimənun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimənu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 13199,01 (on üç min yüz doxsan doqquz manat bir qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyi, işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1300 (min üç yüz) manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 1304,27 (min üç yüz dörd manat iyirmi yeddi qəpik) manat məbləğində gecikmə faizinin tutulması ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bundan əlavə, işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının” tutulması hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçı - hazırkı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min ) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı tərəfindən “Aslan İsmayılov və Partnyorları” vəkil bürosunun hesabına hüquqi xidmətə görə 1000 (min) manat məbləğində pul ödənilməsini təsdiq edən 26 may 2025-ci il tarixli ödəmə qəbzini və hüquqi xidmətlərin göstərilməsi haqqında 05 may 2025ci il tarixli müqaviləni təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən Aslan İsmayılov və Partnyorları” vəkil bürosunun bank hesabına köçürülmüş 1000 (min) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ bu iş üzrə vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1000 (min) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1000 (min) manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 1000 (min) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “213 (iki yüz on üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 172,16 (yüz yetmiş iki manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 26085,44 (iyirmi altı min səksən beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 1300 (min üç yüz) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 172,16 (yüz yetmiş iki manat on altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 28057,6 (iyirmi səkkiz min əlli yeddi manat altmış qəpik) manat məbləğində pul vəsati tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 26085,44 (iyirmi altı min səksən beş manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 1300 (min üç yüz) manat məbləğində cərimə, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 172,16 (yüz yetmiş iki manat on altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 28057,6 (iyirmi səkkiz min əlli yeddi manat altmış qəpik) manat məbləğində pul vəsati tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar