Məhkəmə qərarları › İş №e-2-2(119)-1104/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1104/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1104/2024 06.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə iddiaçı Türkiyə Respublikasında qeydiyyata alınmış “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ tərəfindən cavabdeh Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasında qeydiyyata alınmış “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 5000 (beş min) manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 460 (dörd yüz altmış) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ arasında 17 iyul 2023-cü il tarixli 02 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Cavabdeh tərəfindən “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-dən ümumi dəyəri 187000 (yüz səksən yeddi min) ABŞ dolları dəyərində mallar alınmışdır. Dəyərin 87500 (səksən yeddi min beş yüz dollar) ABŞ dolları hissəsi cavabdeh tərəfindən iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nə ödənilmiş, qalan 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları hissəsi isə bu günə qədər ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında alınmış mallara görə “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nə 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borc yaranmışdır. Bununla bağlı hər iki şirkətin səlahiyyətli şəxsləri tərəfindən dəfələrlə danışıqlar aparılsa da, bu günə qədər borc ödənilməmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdeh təşkilata rəsmi olaraq 30 may 2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsinin 3 gün ərzində təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən hər hansı hərəkət edilməmişdir. Bu səbəbdən iddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. 01 iyul və 31 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmiş iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nin vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. 05 sentyabr 2024-cü il tarixdə iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nin vəkili və nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi Cavabdeh ilə icraçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ arasında bağlanmış 17 iyul 2023-cü il tarixli 02 nömrəli alqı-satqı müqaviləsinə əsasən icraçı sifarişçiyə məxsus sahədə (Azərbaycan Respublikası Xaçmaz rayonunda yerləşən bağ sahəsi) sifarişçini müqavilənin 1.2-ci və 1.3-cü bəndlərində göstərilən mallar (30 ədəd traktor arxasında kənd təsərrüfatı maşını və 15 ədəd traktor) ilə təmin etməyi, sifarişçi isə malın dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların ümumi dəyəri onların çatdırılması daxil olmaqla ******* (bir milyon beş yüz min) dollar təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malların Cavabdeh ünvanına çatdırılması nəzərdə tutulmuşdur. 07 avqust 2023-cü il tarixdə “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ tərəfindən Cavabdehnə 74700 ABŞ dollar dəyərində malın satılması ilə əlaqədar ATM**********029 nömrəli invoys təqdim edilmişdir. “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ tərəfindən Cavabdehnə 74700 ABŞ dollar dəyərində malın satılması ilə əlaqədar 07 avqust 2023-cü il tarixli, ATM**********029 nömrəli elektron faktura göndərilmişdir. İş materiallarında olan 08 avqust 2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ tərəfindən ümumi dəyəri 74700 ABŞ dolları olan mallar Cavabdehnə verilməsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına ixrac edilmişdir. 07 avqust 2023-cü il tarixdə “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ tərəfindən Cavabdehnə 112300 ABŞ dollarında malların satılması ilə əlaqədar ATM**********030 nömrəli invoys təqdim edilmişdir. “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ tərəfindən Cavabdehnə 112300 ABŞ dollarında malların satılması ilə əlaqədar 07 avqust 2023-cü il tarixli, ATM**********030 nömrəli elektron faktura göndərilmişdir. İş materiallarında olan 09 avqust 2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ tərəfindən 6720,42 kq çəkidə mallar Cavabdehnə verilməsi üçün Azərbaycan Respublikasına ixrac edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nin bank hesabına xx.xx.2023-cü il tarixdə 17500 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 20000 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ ilə Cavabdeh arasında 17 iyul 2023-cü il tarixli 02 nömrəli alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ Cavabdehnə ümumilikdə 187000 (yüz səksən yeddi min) ABŞ dolları dəyərində mallar satılmışdır. Cavabdeh həmin müqavilə üzrə cəmi 87500 (səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində ödəniş etmiş, 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borcu qalmışdır. Buna görə də, iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 5000 (beş min) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə hüquqi yardıma görə cavabdehdən tələb olunan 5000 (beş min) manat məbləğində xidmət haqqı ağlabatan və əsaslı olmadığından iddia həmin hissədə qismən təmin edilməli, Cavabdehndən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə 1500 (min beş yüz) manat məbləğində xidmət haqqı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “460 (dörd yüz altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 460 (dörd yüz altmış) manat dövlət rüsumunun hazırkı iddia tələbi üzrə ödənilməli olan 459,15 (dörd yüz əlli doqquz manat on beş qəpik) manat hissəsi Cavabdehndən tutularaq iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdehndən 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 1500 (min beş yüz) manat məbləğində xidmət haqqı və 459,15 (dörd yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Türkiyə Respublikasında qeydiyyata alınmış iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdehndən 99500 (doxsan doqquz min beş yüz) ABŞ dolları məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 1500 (min beş yüz) manat məbləğində xidmət haqqı və 459,15 (dörd yüz əlli doqquz manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Türkiyə Respublikasında qeydiyyata alınmış iddiaçı “Arg Traktör ve Tarım Makineleri Sanayi ve Ticaret” LTD ŞTİ-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar