Məhkəmə qərarları › İş №e-2-2(119)-1112/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1112/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1112/2023 29.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinə sasən 11200 manat borc, 5000 manat dəbbə pulu və mediasiya üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 16400 manat məbləğində pul vəsaitinin Cavabdeh oğundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildən fəaliyyətə başlamış, ölkə ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 sentyabr 2020-ci il tarixdə 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ümumi dəyəri 53800 manat olan mineral gübrələr satılmışdır. Cavabdeh tərəfindən həmin məbləğdən cəmi 42600 manat ödəniş aparılmışdır. Qeyd edilən müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hazırda 11200 manat borcu vardır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilməsinə və borcun ödənilməsi üçün 3 günlük vaxt təyin edilməsinə baxmayaraq cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş edilməmişdir. Bundan əlavə cavabdehin bugünə kimi borcunu ödəməməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ziyan vurmuşdur. Belə ki, şirkət banklardan götürdüyü kredit hesabına mineral gübrələri və bitki mühafizə vasitələrini idxal edir və banklara faiz ödəyir. Bu səbəbdən də cavabdehdən əlavə olaraq 5000 manat dəbbə pulu tələb edilir. Hazırkı mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə Şamaxı rayonunda fəaliyyət göstərən mediator X4 müraciət olunmuşdur. Lakin Cavabdeh mediasiya prosessində iştirak etməmişdir. Bununla bağlı mediator X6 tərəfindən “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 28 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddianı müdafiə etdiyini və məhkəmə iclasında üzrlü səbəblərə görə iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 15 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 53800 manat olan mineral gübrələr satılmışdır. Həmin məbləğdəki malların Cavabdeh təhvil verildiyini təsdiq edən təhvil-təslim aktları, elektron qaimələr, korporativ satış üzrə qiymət razılaşma protokolları, daşıma şirkəti tərəfindən tərtib edilmiş akt və müvafiq cədvəl məhkəməyə təqdim edilmişdir. Cavabdeh həmin gübrələrin dəyərindən 42600 manat məbləğində ödəniş həyata keçirmiş, qalan borc məbləği 11200 manat təşkil edir. Bundan başqa, 25 sentyabr 2021-ci il tarixdə təhvil verilmiş 12500 kq Ammofos /Apatit/Phosagro (istehsal ili 2021) ilə əlaqədar ilk dəfə elektron qaimə göndərilərkən texniki səhvə yol verilərək qiymət düzgün göstərilmədiyindən yaranan qiymət fərqi ilə bağlı cavabdehə 10 avqust 2022-ci il tarixdə 1250 manat məbləğində yenidən elektron qaimə göndərilmişdir. Satılan malların qiyməti əvvəlcədən razılaşdırılan korporativ satış üzrə qiymət razılaşma protokollarında nəzərdə tutulmuşdur. 15 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətindən mineral gübrələr almış və aldığı gübrələrin dəyərini ödədikdən sonra artıq gübrəyə ehtiyac olmadığını qarşı tərəfə bildirmişdir. Həmin vaxt İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ruslan və Şahin adlı əməkdaşları telefon vasitəsi ilə rayon ərazisində olan fermerləri tapmış və onlara gübrələr satmışdır. Hazırda həmin fermerlərə satılan gübrələrin dəyərini iddiaçı ondan tələb edir. Fermerlər gübrələr verildikdən sonra onun dəyərinin fermer kartlarından çıxılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şahin adlı əməkdaşına müraciət etmiş, lakin məbləğ onların kartlardan çıxılmamışdır. İddia ərizəsində tələb edilən borc məbləği təqdim etdiyi aktlarda adları qeyd olunan şəxslər tərəfindən götürülən gübrələrlə bağlıdır. İddiaçıdan özü üçün təxminən 41500 manat dəyərində gübrə aldığını və həmin məbləği ödədiyini, habelə 1925 manat məbləğində artıq ödəniş etdiyini və artıq ödədiyi məbləğin qardaşı X2 aldığı gübrənin dəyəri olduğunu bildirmişdir. Eyni zamanda o, təhvil-təslim aklarının bəzilərinə imza etmədiyini, o cümlədən 12500 kq malın iddiaçı tərəfindən başqa fermerlərə təhvil verildiyini vurğulamışdır. 18 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında isə Cavabdeh izahatında iddiaçıdan 42600 manat dəyərində mal aldığını və həmin məbləği ödədiyini bildirmişdir. Lakin 29 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan “Qiymət razılaşma protokolları”nda dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan “Qiymət razılaşma protokolları”nda, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən mallann satıcı tərəfindən alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan “Qiymət razılaşma protokolları”nda göstərilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri olan “Qiymət razılaşma protokolları”nda müqavilə əsasında həyata keçirilən alqı-satqı ilə əlaqədar əlavə şərtlər də nəzərdə tutula bilər. Həmin müqavilənin 7.4-cü bəndinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə tərəflər məsuliyyət daşıyır. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 001 nömrəli 18 sentyabr 2020-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 30400 manat müəyyən olunmuşdur. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 002 nömrəli 18 noyabr 2020-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 6300 manat müəyyən olunmuşdur. Bu protokolun 3-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 1 (bir) faizi məbləğində dəbbə pulu ödəyir. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 003 nömrəli 19 oktyabr 2020-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 4000 manat müəyyən olunmuşdur. Bu protokolun 3-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 1 (bir) faizi məbləğində dəbbə pulu ödəyir. İş materiallarında olan 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 004 nömrəli 22 sentyabr 2021-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 55000 manat müəyyən olunmuşdur. İş materiallarından görünür ki, 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 16000 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 243897 nömrəli, 4000 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAR seriyalı 470277 nömrəli, 6300 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAT seriyalı 221843 nömrəli, 13125 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 922791 nömrəli və 13125 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 923049 nömrəli elektron qaimə təqdim olunmuşdur (Həmin elektron qaimələrin ləğv edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir). İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 28 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, 1250 manat dəyərində malların satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimə sistem tərəfindən ləğv edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarışdan görünür ki, 18 sentyabr 2020-ci il tarixli 20/006- AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən iddiaçıya 18 sentyabr 2020-ci il tarixdə 12000 manat, 21 sentyabr 2020-ci il tarixdə 4000 manat, 30 sentyabr 2020-ci il tarixdə 4000 manat, 20 noyabr 2020-ci il tarixdə 6300 manat, 30 sentyabr 2021-ci il tarixdə 10500 manat, 05 aprel 2022-ci il tarixdə 3000 manat və 28 aprel 2022-ci il tarixdə 2800 manat olmaqla, cəmi 42600 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin direktoru və Nəqliyyat şöbəsinin müdiri tərəfindən tərtib edilərək imzalanmış 05 dekabr 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin 1 C proqramında olan məlumatlara əsasən 20 000 kq Ammofos /Apatit/Phosagro malı 90TZ166 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü Orxan Bayramov tərəfindən, 5000 kq Ammofos/Apatit/Phosagro malı 99JM076 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüşü Canpolad Umarov tərəfindən, 14000 kq Ammonium nitrat (minudobreniya) malı 99JB711 nəqliyyat vasitəsinin sürücüsü Roman Babayev tərəfindən, 12500 kq Ammofos/Apatit/Phosagro malı və 12500 kq Ammofos/Apatit/Phosagro malı ** LY *** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü Elşad Məmmədov tərəfindən X1 çatdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktda göstərilir ki, Cavabdeh 20000 kq gübrə təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktda göstərilir ki, 5000 kq gübrə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli KS000110 nömrəli təhvil-təslim aktında göstərilir ki, 14000 kq gübrə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktında göstərilir ki, Cavabdeh 12500 kq gübrə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli KS000064 nömrəli təhvil-təslim aktında göstərilir ki, 12500 kq gübrə təhvil verilmişdir. İş materiallarında olan, iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 10 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixdə 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11200 manat məbləğində əsas borc, həmin borca görə hesablanmış 5000 manat dəbbə pulu və mediasiya üçün ödənilmiş 200 manat mediasiya xərci nəzərə alınmaqla, cəmi 16400 manat borcu vardır. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X13, X5, X11, X9 və X3 ifadələrində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilələri olmasa da, tanışları Cavabdeh (şahid X5 cavabdehin qardaşıdır) vasitəçiliyi ilə müxtəlif miqdarda gübrələr aldıqlarını və həmin gübrələri təhvil almaları barədə akt tərtib edərək imzaladıqlarını bildirmişlər. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, tərəflər arasında 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 53800 manat dəyərində mineral gübrələrin satılması ilə əlaqədar Cavabdeh 6 ədəd elektron qaimə göndərilmiş, 1250 manat dəyərində malların satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimə sistem tərəfindən ləğv edilmişdir (İddiaçının nümayəndəsi izahatında xx.xx.2022-ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimənin qiymət fərqi ilə əlaqədar sonradan təqdim edildiyini bildirmişdir). Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə, cəmi 42600 manat olmaqla ödənişlər edilsə də, cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. Cavabdeh izahatında qeyd etdiyi halların sübutu kimi X13, X5, X11, X9 və X3 tərəfindən tərtib edilərək imzalanmış aktları məhkəməyə təqdim etsə də, həmin şəxslər aktlarda yazılanlara uyğun ifadə verərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilələri olmadığını, Cavabdeh vasitəçiliyi ilə müxtəlif miqdarda gübrələr aldıqlarını bildirmişlər. Qeyd etmək lazımdır ki, bu hal yuxarıda qeyd olunan elektron qaimələr əsasında alınmış malların ödənilməmiş hissəsi üzrə cavabdehin məlum alqı-satqı müqaviləsi üzrə müvafiq öhdəlik daşımalı olmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək malları cavabdehə versə də, cavabdeh həmin malların dəyərin tam ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Lakin iddia tələbində cavabdehə 53800 manat dəyərində mineral gübrələrin satılması ilə əlaqədar təqdim olunmuş 6 ədəd elektron qaimə üzrə ödənilməmiş borcun tutulması tələb edilsə də, 1250 manat dəyərində malların satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCB seriyalı, 686107 nömrəli elektron qaimə sistem tərəfindən ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1250 manat dəyərində malın satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmədiyindən və sistem tərəfindən ləğv edildiyindən sözügedən qaimə üzrə tələb olunan borca görə cavabdeh öhdəlik daşımır. Göstərilənlərə əsasən iddia tələbi “11200 (on bir min iki yüz) manat məbləğində borcun tutulması” hissəsində qismən təmin edilməli və cavabdehdən 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində borc (53800-1250=52250; 52550-42600=9950) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi də qismən təmin olunmalı, işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində borc və 300 (üç yüz) manat məbləğində cərimə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bununla yanaşı, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh dövlət nəfinə 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində borc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10450 (on min dörd yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar