Məhkəmə qərarları › İş №e-2-2(119)-1131/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1131/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1131/2021 13.09.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən cavabdeh Abşeron rayonu Goradil Bələdiyyəsinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Abşeron rayonu Goradil Bələdiyyəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Abşeron rayonu Goradil Bələdiyyəsindən 2536 (iki min beş yüz otuz altı) manat məbləğində vəsaitin və məhkəmə baxışı üçün ödənilmiş olan 30 manat rüsumun məcburi qaydada iddiaçı-sərbəst auditor İddiaçı "xxxx" ASC “Gənclik Mall” filialında olan (kod 201025, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ**********0000001944, S.W.İ.F.T. BİK AİİBAZ2X) AZ73AİİB******************** saylı cari hesabına (VÖEN **********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdeh Abşeron rayonu Goradil Bələdiyyəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən sənədi (sübutu) iddia ərizəsinə əlavə edərək, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinin tələblərinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədi və eləcə də, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddiaçı iddia tələbində “cavabdeh Abşeron rayonu Goradil Bələdiyyəsindən 2536 (iki min beş yüz otuz altı) manat məbləğində pul vəsaitinin tutulmasını” xahiş etsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsumu kimi yalnız 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən 03 sentyabr 2021-ci il tarixli **********39 №-li qəbzə aid məlumatlar daxil edilmişdir. Halbuki, Qanunvericiliyin tələblərinə görə iddianın qiyməti 500 manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Beləliklə də, təsvir olunanlardan görünür ki, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyi üçün, onun məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İddiaçı tərəfindən cavabdeh Abşeron rayonu Goradil Bələdiyyəsinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar