Məhkəmə qərarları › İş №e-2-2(119)-1135/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1135/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1135/2021 13.09.2021 Sumqayıt Məhkəmə Kompleksi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə tərəflərin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 avqust 2021-ci il tarixli 2021-000150 nömrəli Arayış və həmin mediasiya sessiyasında iştirak etməsi üçün cavabdehə göndərilmiş bildiriş məktubu ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid sürətli poçt göndərişinin 210937 nömrəli Qəbzi əlavə edilmiş olsa da, həmin “Qəbz” iddiaçının kommersiya mübahisəsi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələri üçün cavabdehin mediasiyaya müvafiq qaydada çağrılmasını təsdiq etmir. Çünki, həmin Qəbzlə göndərilən “mediasiya prosesinin tətbiqi barədə” bildiriş məktubunun göndərilməsi ilə əlaqədar tərtib edilmiş 30 iyul 2021-ci il tarixli 395 №-li Aktda cavabdeh "xxxx" Şirkətinin qeydiyyatda olduğu ünvan ((məktubun göndərildiyi ünvan) ”ünvan 1ə əlavə edilmiş sənədlərlə və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, həmin ünvanın cavabdehin hüquqi ünvanı olması və yaxud, cavabdehə hər hansı bir aidiyyətinin olması müəyyən edilmir (araşdırılan sənədlərə əsasən "xxxx" Şirkətinin hüquqi ünvanı tamamilə başqa ünvandır). Yəni, məlum poçt göndərişi ilə əlaqədar tərtib edilmiş həmin Aktdan görünür ki, mediator tərəfindən məlum poçt göndərişi cavabdehə aid rəsmi ünvana göndərilməmiş və buna görə də, həmin məktub cavabdehə təqdim olunmadan geri qaytarılmışdır. Yəni, 20 avqust 2021-ci il tarixli 2021-000150 nömrəli Arayış tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsi üçün cavabdehin lazımi qaydada xəbərdar olunmasını təsdiq etmir. Bununla da, belə nəticəyə gəlmək olar ki, cavabdeh "xxxx" Şirkətinə göndərilən mediasiya sessiyasının keçirilmə vaxtı və yeri barədə Bildiriş düzgün ünvana göndərilməmişdir. Bu halda isə təqdim ollunan məlum mediasiya arayışı formal əhəmiyyətli olmaqla, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılan mediasiya hərəkətlərinin nəticəsi kimi qəbul oluna bilməz. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.3-cü bəndinə əsasən, mediator mediasiyada iştirak edən tərəflərlə mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və yerini razılaşdırır və ya Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə tutulmuş hallarda mediasiya prosesinin keçirilmə tarixi, saatı və yerini əks etdirən bildirişi tərəflərə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinin tələblərinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.8-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Eləcə də, iddia ərizəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid sürətli poçt göndərişinin 204178 nömrəli Qəbzi əlavə edilmiş olsa da, həmin Qəbzlə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini və ya iddia ərizəsinin surətinin cavabdehə təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Çünki, həmin Qəbzlə göndərilən poçt göndərişi ilə əlaqədar tərtib edilmiş 29 iyul 2021-ci il tarixli Aktda cavabdeh "xxxx" Şirkətinin qeydiyyatda olduğu ünvan (məktubun göndərildiyi ünvan) ”ünvan 1ə əlavə edilmiş sənədlərlə və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazası ilə müəyyən olunur ki, həmin ünvanın cavabdehin hüquqi ünvanı olması və yaxud, cavabdehə hər hansı bir aidiyyətinin olması müəyyən edilmir (araşdırılan sənədlərə əsasən "xxxx" Şirkətinin hüquqi ünvanı tamamilə başqa ünvandır). Yəni, həmin Qəbzlə əlaqədar tərtib edilmiş Aktdan görünür ki, iddiaçı tərəfindən məlum poçt göndərişi cavabdehə aid rəsmi ünvana göndərilməmiş və cavabdehə təqdim olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.3-cü, 150.0.4-cü, 150.0.7-ci və 150.0.8-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər - kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməli və eləcə də, məhkəməyə ünvanlanmış iddia ərizəsinin surətini əvvəlcədən almış olmalıdır. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədin (“qəbz”in və s.) məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə hazırkı iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar