Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1135/2025 16.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları
1. İddiaçı sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 3402,92 (üç min dörd yüz iki manat doxsan iki qəpik) manat məbləğində borcun və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 24402 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh2 İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 3402,92 (üç min dörd yüz iki manat doxsan iki qəpik) manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır
3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
4. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
5. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
7. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Məhkəmə, İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir.
9. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
10. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh2 (“Sherablı” 8 mkr, VÖEN **********) arasında bağlanmış 23 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında alıcını razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
11. Həmin müqavilənin 2.2.1-ci yarımbəndinə alıcı satıcıdan aldığı malın dəyərini bu müqavilənin 3.1-ci bəndində göstərilən müddətdə ödəməyi öhdəsinə götürmüşdür.
12. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 21 gündən artıq ola bilməz.
13. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 (“Sherablı” 8 mkr, VÖEN **********) 04 avqust 2023-cü il tarixdə 1245,17 manat, 26 avqust 2023-cü il tarixdə 553,24 manat, 06 sentyabr 2023-cü il tarixdə 720 manat və 532,8 manat, 13 sentyabr 2023-cü il tarixdə 576,01 manat, 12 yanvar 2024cü il tarixdə 1388,15 manat dəyərində mallar təhvil verilmişdir.
14. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 (“Sherablı” 8 mkr, VÖEN **********) 1245,17 manat dəyərində malların satılması ilə bağlı 09 avqust 2023-cü il tarixli, 553,24 manat dəyərində malların satılması ilə bağlı 29 avqust 2023-cü il tarixli, 532,8 manat dəyərində malların satılması ilə bağlı 08 sentyabr 2023-cü il tarixli, 720 manat dəyərində malların satılması ilə bağlı 08 sentyabr 2023-cü il tarixli, 576,01 manat dəyərində malların satılması ilə bağlı 15 sentyabr 2023-cü il tarixli, 1388,15 manat dəyərində malların satılması ilə bağlı 13 yanvar 2024-cü il tarixli elektron qaimələr təqdim edilmişdir.
15. Məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 23 noyabr 2024-cü il tarixə Cavabdeh2 uçot məlumatlarına əsasən İddiaçı MMC-yə qalıq borcu 3402,92 manat təşkil edir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh2 arasında 23 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 müvafiq mallar satılmış, lakin cavabdeh öhdəliyini lazımınca icra etməyərək satılan malların dəyərini tam ödəməmişdir. Buna görə də, İddiaçı MMC tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq 3402,92 (üç min dörd yüz iki manat doxsan iki qəpik) manat məbləğində borcun və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuşdur.
24. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh2 İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 3402,92 (üç min dörd yüz iki manat doxsan iki qəpik) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.
25. İddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 54,03 (əlli dörd manat üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
27. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3402,92 (üç min dörd yüz iki manat doxsan iki qəpik) manat məbləğində borc və 54,03 (əlli dörd manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3456,95 (üç min dörd yüz əlli altı manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
29. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 (VÖEN **********) 3402,92 (üç min dörd yüz iki manat doxsan iki qəpik) manat məbləğində borcun və 54,03 (əlli dörd manat üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3456,95 (üç min dörd yüz əlli altı manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İslam Əliyev